Sosiologiya kafedrasında beynəlxalq elmi konfrans keçiriləcək
5 – 6 oktyabr 2023-cü ildə Bakı Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda hibrid (canlı və onlayn) qaydada Beynəlxalq fənlərarası elmi-praktik konfrans keçiriləcəkdir.
Ölkəmizin bu gün dünya üçün siyasi, iqtisadi, sosial və mədəni cəhətdən həqiqi maraq kəsb etməsi, onun Cənubi Qafqazda sözün əsil mənasında güc mərkəzinə çevrilməsi gələcək inkişaf üçün regionda və qlobal aləmdə baş verən proseslərin və mövcud problemlərin ciddi elmi təhlilini, izahını və perspektivlərininin müəyyənləşdiriliməsini zəruri edir. Bütün bunlar Azərbaycan cəmiyyətinin inkişaf prosesləri fonunda daha da aktuallıq kəsb edir. Konfransın keçirilməsində əsas məqsəd sosial elmlərin bütün istiqamətləri üzrə aktual problemlərin müzakirəsi, qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif ölkələrin alim və tədqiqatçılarının araşdırmalarının nəticələrinin məruzə edilməsi, fikir mübadiləsinin aparılması, onların geniş beynəlxalq elmi auditoriyaya çatdırılması və bundan sonra davamlı olaraq elmi əlaqələri genişləndirmək və qarşılıqlı fəaliyyətləri davam etdirməsidir. Konfranslarda bir sıra xarici ölkələrdən, habelə Respublikamızdan öz sahələrində tanınmış elm adamlarının, mütəxəssislərin iştirakı gözlənilir.
Konfransa təqdim olunmuş və təşkilat komitəsinin müsbət rəy verdiyi tezisələrin və tam məqalələrin mətnləri xüsusi topluda və müxtəlif indeksli yerli və xarici elmi jurnallarda (jurnalların qaydalarına uyğun, redaksiya heyəti və xarici rəyçinin müsbət rəyi olduğu halda) nəşr olunacaqdır. Tezislərin və tam məqalələr mətnlərinin dərc olunması üçün müəlliflərin konfransda iştirak etməsi vacibdir.