Elmi istiqamət və elmi-tədqiqat mövzuları

2020-ci il

Rəfail Həsənov – “Müasir Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri”

Sosial-iqtisadi tərəqqi əhalinin mədəni xüsusiyyətlərindən və ya təbii ehtiyatların mövcudluğundan daha çox iqtisadi institutlardan asılıdır. İnsan davranışının müəyyən tərəflərini izah etməkdə mədəni amillər vacibdir. Ancaq onlar davranışın bütün növlərini izah edə bilmirlər: eyni motivli eyni insanlar fərqli institusional şəraitdə fərqli davranmağa meyllidirlər.

İnkişaf etməkdə olan ölkələrin əksəriyyətinin problemi sahibkarlığın “sosial dağıdıcı” fəaliyyətlərə yönəldilməsidir. Postsovet ölkələrində həyata keçirilən sosial-iqtisadi islahatlar sosial məhsuldar fəaliyyətin çiçəklənməsini təmin edən institusional bazanın bərpasına yönəldilməlidir.

İqtisadi azadlığın müxtəlif səviyyələri fərqli ölkələrdə iqtisadi artımın əhəmiyyətli fərqlərini izah edir. Sahibkarlıq iqtisadi azadlığın iqtisadi artımı təşviq edən əsas yoludur.

Yeni iqtisadi şəraitdə Azərbaycan hökumətinə sahibkarlığın inkişafına təkan verən siyasət lazımdır. İqtisadiyyat üçün təkcə sahibkarlığın inkişafını deyil, həm də sahibkarlığın təşviqinə əsaslanan iqtisadi qurumun keyfiyyətini və uyğun iqtisadi siyasəti təmin etmək vacibdir, çünki onun əsasında duran rəsmi və qeyri-rəsmi mexanizmlər iqtisadi tərəqqi perspektivlərini müəyyənləşdirirlər. Dövlət orqanları siyasətin səmərəli həyata keçirilməsini və sahibkarlığın inkişafını təmin etmək üçün rəsmi və qeyri-rəsmi qurumların keyfiyyətini hökmən nəzərə almalıdırlar. İnstitusional dəyişikliklər bazara giriş və / və ya çıxışa maneələri aradan qaldırdıqda və ya azaltdıqda sahibkarlara müsbət təsir göstərə bilər və bununla da sahibkarlar üçün imkanlar yaratmış olar.

Kazım Əzimov – “Sosial biliklərin inteqrasiyası”

İnterdisiplinar yanaşma çərçivəsində inteqrasiya və sintez əsas kategoriyalardır. Ənənəvi fənlərdən fərqli olaraq, interdisiplinar yanaşma biliyin hasili və emalının yeni epistemoloji model kimi təqdim edilir. Sosioloji bilik yaxud sosial biliklər sistemi interdisiplinar epistemologiyanın tələblərinə görə inteqrasiya və sintez edilmiş hibrid (sintetik) bilik növü qismində izah edilir. Klassik yaxud ənənəvi fənlərlə bəzi oxşar xüsusiyyətləri bölüşməklə yanaşı, interdisiplinar sosial bilik fərqli əlamətlərə malikdir. Elmi işin əsas məqsədi bu xüsusiyyətləri ümumiləşdirərək, sosiolgiya fənninin XXİ əsrin epistemoloji kontekstində yerini və rolunu müəyyənləşdirməkdən ibarət olmuşdur.

Tahir Ağayev – “Müasir dünyada qloballaşma prosesləri və Azərbaycan”

Dünya inkişafının müasir dövrünün rəngarəngliyi və böhran hallarının artması təhlükəsi bəşəriyyəti daha çox narahat edir. Bunun nəticəsidir ki, son illərdə davamlı inkişaf strategiyasının işlənib hazırlanmasına xüsusi diqqət verilir. Bu konsepsiya BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda keçirilən ətraf mühit və inkişaf üzrə konfransının materiallarında daha müfəssəl şəkildə yayılmışdı. Konsepsiya XXI əsrdə dövlətlərin beynəlxalq münasibətlərdə davranış kodeksini ifadə edir. Onun əsas ideyası – müasir şəraitdə dünya inkişafının başlıca vəzifələrini müəyyən etməkdir. Burada yalnız həyat səviyyəsi, maddi rifah problemləri deyil, insan həyatının bütün sosial aspektləri ( təhsil, sağlamlıq, mədəniyyət, informasiya təminatı, məişət və s.) ətraflı işıqlandırır. Onlar Rio bəyannaməsinin 27 prinsipində ifadə olunur.

Azərbaycanda davamlı artımın təmin olunması istiqamətində sistemli tədbirlər həyata keçirilir. İnklüziv artım indeksinə görə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə yüksəlib. “İnklüziv artım və inkişaf –2018” hesabatda inklüziv artım indeksinə əsasən ölkələr beş kateqoriyaya görə bölünüb. Sabit ölkələr sırasında Azərbaycan yer alıb. Azərbaycan 4,69 balla Litvadan 4,86 və Macarıstandan 4,74 geridədir.

Onu da qeyd etmək lazımdır ki, inklüziv artım indeksi yoxsulluq, təhsil, səhiyyə, gender bərabərliyi və. s kimi müvafiq göstəricilər üzrə hazırlanır. Dünya İqtisadi Forumu sərvətin və gəlir paylanması, yoxsulluğun səviyyəsi üzrə araşdırmalar aparır. Son illərdə Azərbaycanda da qeyd olunan məsələlərlə, əsasən də yoxsulluğun azaldılması ilə əlaqədar ciddi islahatlar həyata keçirilmişdir və müsbət göstəricilər ilə nəticələr nail olunmuşdur. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında  ölkəmizdə yoxsulluğun 5 % həddində olduğunu demişdir. 

Hörmət Cavadova - Cəmiyyətin mənəvi həyatının şəxsiyyətin sosiallaşmasında rolu

İnsanın həyat fəaliyyətinin ən zəngin hissəsi onun mənəvi varlıq sahəsidir. Ən elementar mənəvi ehtiyaclardan tutmuş, ən həssas və sinkretik tələbatlara qədər bütün mənəvi hadisələr, ideyalar və anlayışlar istehlakı burada baş verir. O, özünü həm şüur səviyyəsində, həm də insanın məqsədəuyğun fəaliyyəti sahəsində  göstərir. Mənəvi həyat daim inkişafdadır, dəyişir və zənginləşir. Mənəvi həyat sahəsinə konkret olaraq elm, təhsil, kütləvi informasiya vasitələri, mədəniyyət, ədəbiyyat, din və incəsənət aiddir. Məhz bu sahələrin şəxsiyyətin sosiallaşmasında rolu əvəzolunmazdır.

Müasir dövrdə cəmiyyətdə qlobal sosial-iqtisadi və siyasi dəyişikliklər həyat fəaliyyətinin bütün sahələrinə, o cümlədən  insanların mənəvi həyatına da təsir göstərir və sosial münasibətlərin yeni sisteminin formalaşmasına səbəb olur.

Sevil İsmayılova  - Azərbaycanda xeyriyyəçilik fondları və onların inkişaf perspektivləri.

Azərbaycanda xeyriyyəçilik fondlarından danışarkən ilk öncə Heydər Əliyev Fondunun fəaliyyətindən bəs etmək lazımdır. Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Ulu Öndər Heydər Əliyevin ideallarından ruh alan Fond Onun nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirib, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verib. Heydər Əliyev Fondunun yarandığı gündən bəri ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb. Heydər Əliyev Fondu və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, mətbəxinin, ümumiyyətlə milli mədəni-mənəvi dəyərlərimizlə əlaqəli bütün tarixi nailiyyətlərimizin dünya miqyasında təbliğ edilməsi Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız qarşısında görüdüyü misilsiz xidmətlərin tərkib hissəsidir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Prezident İlham Əliyev də Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib: “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.  

Yaqut Əliyeva -  Qloballaşma dövründə Azərbaycan cəmiyyətində ailə, təhsil-tərbiyə və məvəviyyat problemləri

İşin bu hissəsində qloballaşma dövründə Azərbaycan cəmiyyətində ailə, təhsil-tərbiyə və mənəviyyat  problemləri araşdırılmış, bu problemlərin həlli üçün xarici ölkələrin təcrübəsi öyrənilmiş və həmin probləmlərin aradan qaldırılması üçün tədqiqat aparmaqla yeni ideyalar və təklifkər irəli sürülmüş, yeni yanaşmalar təklif edilmiş və prioritetlər göstərilmişdir.

Ailə cəmiyyətin sosial strukturuna, siyasətə, iqtisadiyyata və eyni zamanda ailədaxili münasibətlərə, yeni nəslin xarakterinin, hisslərinin, əhvali-ruhiyyələrinin, dünyagörüşünün formalaşmasına təsir edir. Ailə tərbiyəsinin effektivliyi, bir tərəfdən ailənin sosial-iqtisadi potensialından, digər tərəfdən isə ailədəki mənəvi- psixoloji mühitdən asılıdır. Cəmiyyətin kiçik özəyi olan ailə inteqrativ hadisə olub, özündə əxlaqi dəyərləri, cəmiyyətin sosial-iqtisadi əsasını, onun bütün ziddiyyətlərini və meyllərini əks etdirir.

Tədqiqatın nəticələri göstərir ki, müasir şəraitdə uşaq tərbiyə müəssisələrinin, məktəblərin, ali məktəblərin, KİV-lərin və sosial mühütin, sosial institutların sosiallaşdırma funksiyası əhəmiyyətli dərəcədə artmışdır. Uşaq böyüdükcə ailənin uşaq uzərində rolu zəifləyir, ancaq məktəbin, “küçənin”, dost və tanışların və başqalarının təsiri artır.

Göründüyü kimi, bu problemin həllinin bir çox çətinliyi vardır. Belə ki, bu problemi, daha dərin elmi və praktik metod və metodologiyalar sayəsində həll etmək olar. Bunun üçün təhsil sisteminin ümumbəşəri mənəvi, milli, dini dəyərlər vasitəsilə intensivləşdirilməsi zəruridir. Çünki cəmiyyətin mənəviyyatının gələcəyi uşaqların bu günki tərbiyəsinindən asılıdır.

Fərəh Xəlilova – «Müasir dünyada miqrasiya proseslərinin səbəbləri, nəticələri və inkişaf meylləri»

Müasir dünyada baş verən qloballaşma prosesləri miqrasiya ilə bağlı problemlərin idarəolunması məsələsini olduqça aktual edir. İnsanlararası münasibətlərin intensifikasiyası, bunun nəticəsində müəyyən effektlərin – həm müsbət, həm mənfi effektlərin  əmələ gəlməsi, miqrasiyaların idarəoluması ilə bağlı məsələlərə diqqətin artmasını zəruri edir.

Beynəlxalq miqrasiya proseslərinin idarəolunmasında aşağıdakı, bir-birini tamamlayan əsas istiqamətləri qeyd etmək olar – hüquqi, təşkilati və sosietal. Hüquqi yanaşma miqrasiya proseslərinin idarəolunmasında müxtəlif prinsip və normaların işlənməsi və reallaşdırılmasını nəzərdə tutur. Təşkilati yanaşma bu istiqamətdə fəaliyyət göstərən təşkilati strukturların formalaşması və fəaliyyətlərinin optimallaşdırılmasını nəzərdə tutur. Sosietal yanaşma  cəmiyyətin, onun müxtəlif sferalarının fəaliyyətlərinin optimallaşdırılmasını vacib bilir. Bu istiqamətlərin təhlili onu göstərir ki, müasir dünyada baş verən miqrasiya proseslərinin idarəolunmasının effektivliyi problemə sistemli yanaşmanı– cəmiyyətin müxtəlif sferalarının və strukturlarının fəaliyyətinin nəzərə alınması və mövcud vəziyyətə uyğun dəyişikliklərin aparılmasıni zəruri edir.

Südabə Haşımova – Azərbaycanda şəxsiyyətin peşə müqəddəratının müəyyənləşdirilməsi problemi ictimai rəy sorğusu müstəvisində

Bakı şəhərində “Müasir Azərbaycan cəmiyyətində şəxsiyyətin peşə müqəddəratını müəyyənləşdirən amillərin sosioloji təhlili” mövzusunda tərəfimizdən anket sorğusu keçirilmişdir. Anket sorğusu dörd mərhələdə keçirilmişdir.  Birinci mərhələdə ilkin məlumat toplanılmış, kütləvi çöl tədqiqatının təşkili üçün instrumentin (anketin) keyfiyyətinin yoxlanılması məqsədilə pilotaj sorğu keçirilmişdir. Metodun validliyi müəyyənləşdirilmişdir. Tədqiqat üçün əhəmiyyətli sayılan bütün sosial qruplar (stratlar) əhatə edilmişdir. Anket 24 sualdan ibarətdir. İkinci mərhələdə cüzi dəyişikliklərlə pilotaj sorğusunun anketi saxlanılmış və kütləvi sorğuda tətbiq olunmuşdur. Tədqiqatda 400 respondent iştirak etmişdir ki, onlardan 28-nin sorğu vərəqəsi nöqsanlı, 372-ninki isə həqiqi hesab olunmuşdur.  Beləliklə, sorğuda iştirak edənlərin həqiqi sayı 372 respondent olmuşdur. Hesablamalarımıza görə, bu sayda olan seçmə reprezentativdir.  Üçüncü mərhələdə  anket sorğusu vasitəsi ilə empirik məlumatlar toplanılmışdır. Dördüncü mərhələdə respondentlərin cavablarının  təhlili aparılmış və elmi işin son hesabatı hazırlanmışdır.

Tədqiqatda seçmə metodundan, anket sorğusundan və  statistik məlumatların təhlili metodlarından istifadə edilmişdir.

Tədqiqat işində instrument qismində anket sorğusundan (anket vərəqi) istifadə olunmuşdur. Anket tədqiq olunan mövzunun əhəmiyyətli aspektlərini ardıcıl və müfəssəl şəkildə əhatə etməklə formallaşdırılmış və standartlaşdırılmış suallardan ibarətdir.

Mövzunun əsas aspektlərinə peşə seçiminə kimlərin və ya nəyin təsiri, hər hansı bir ixtisas və ya peşənin seçilməsinin motivləri, sahəsində fəaliyyət göstərilən peşənin respondentlərin maddi və mənəvi vəziyyətinə təsiri, peşə seçiminə hansısa bir düzəliş edilib-edilməməsi və bunun səbəbləri, öz ixtisasını hansı ixtisas və ya peşəyə dəyişmək istəyi, seçdiyi sahədə irəliləmək üçün hansı bacarıq və keyfiyyətlərin önəmli olması, sosial-demoqrafik və s. kimi göstəricilər daxil edilmişdir.

Bu suallar vasitəsilə şəxsiyyətin peşə müqəddəratını müəyyənləşdirən amillər ölçülmüşdür. Əldə edilmiş interpretasiya peşə müqəddəratının müəyyənləşdirilməsində respondentlərə həqiqi təsir göstərən amilləri aydınlaşdırmağa və onları sosioloji nöqteyi-nəzərdən təhlil etməyə imkan vermişdir. Tədqiqatda seçmə metodunun təsadüfi, təkrarsız və stratifikasiya edilmiş növlərindən istifadə edilmişdir. Seçmənin miqdarı:  n=372 olmuşdur. Kütləvi sorğunun (anket sorğusunun) nəticələrinin emalı SPSS xüsusi kompüter proqramı ilə həyata keçirilmişdir. Sorğuda iştirak edənlərin 49 faizini kişi, 51 faizini isə qadın cinsindən olan respondentlər təşkil etmişdir.  Tədqiqat materialı təhlil edilmiş, nəzəri və praktik tövsiyələr irəli sürülmüşdür. 

2021-ci il

Mövzunun adı: «Sosial təhlükəsizlik probleminin nəzəri-metodoloji əsasları və onun qloballaşma mühitində yeri və rolu»

Mövzunun aktuallığı və məqsədi: Qloballaşma mühitində yeni çağırışlar və təhdidlər sosiologiyada elmi istiqamətin - təhlükəsizlik sosiologiyasının inkişafını tələb edir ki, bu da cəmiyyətin təhlükəsiz inkişafının sosial təhlükəsizliyin sistem formalaşdıran aspekti olduğunu düşünməyə əsas verir.Sosioloji kateqoriya kimi “sosial təhlükəsizlik” anlayışında baş verən dəyişikliklər ilk növbədə dəyər oriyentasiyalarının və əxlaqi münasibətlərin dəyişməsi ilə bağlıdır ki, bu da təbii ki, fərdin və cəmiyyətin sosial təhlükəsizliyinin yaxşılaşdırılmasına birbaşa təsir göstərir. Nəzərdən keçirilən fenomeni izah etmək üçün elmi yanaşmalar ən çox sosial dəyişikliyin sosioloji nəzəriyyələrində və risk nəzəriyyələrində təmsil olunur. Onlar sosial təhlükəsizliyi müəyyən edən parametrlərin əlaqəsini və qarşılıqlı asılılığını üzə çıxarır. Tədqiqat işlərində bu kimi məsələlərin araşdırılması əsas məqsədlər kimi qarşıya qoyulmuşdur.Sosial təhlükəsizlik problemlərinin, xüsusən də onun əhalinin müxtəlif kateqoriyaları tərəfindən dərk edilməsi ilə tədqiqi göstərir ki, təhlükəsizlik sosiologiyası elə cəmiyyətin təhlükəsiz inkişafı nəzəriyyəsinə əsaslanmalıdır.

Elmi tədqiqat işi 1. Müasir Azərbaycan cəmiyyətində sosial təhlükəsizliyin aspektləri və müllitəhlükəsizliklə qarşılıqlı əlaqəsi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Sos.ü.e.d.,prof. Rəfail Həsənov


Sosial təhlükəsizlik milli təhlükəsizliyin təminatının mərkəzi məsələlərindəndir. Sosial təhlükəsizlik əhalinin sosial və əmlak bərabərsizliyi səviyyəsinin azalması, demoqrafik vəziyyətin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, inflyasiyanın azalması, əlverişli və keyfiyyətli təhsil və səhiyyə xidmətləri ilə təmin olunması və s. daxil olmaqla spesifik parametrlərin əldə edilməsini əhatə edir. Bütün bu parametrlər həyat keyfiyyəti anlayışını ifadə edir və onun səviyyəsi sosial təhlükəsizliyin real vəziyyətini əks etdirir.

Aktuallığı: Milli təhlükəsizlik nəzəriyyəsi xüsusi təhlükəsizlik nəzəriyyələrinin inkişafı və ya ən azı reallığın müxtəlif sahələri üzrə müvafiq tədqiqatların təşkili üçün başlan­ğıc nöqtəsi və metodoloji əsas kimi çıxış edir. Müasir Azərbaycanda sosial təhlükə­siz­­lik yalnız ona nail olmaq üçün aparılan siyasət, dövlət və cəmiyyətin məqsədyön­lü fəaliyyəti nəticəsində təmin oluna bilər. Dünya bazarında bərabər imkanların deklarativ prinsipinə baxmayaraq, yarım­pe­riferik və periferik dövlətlər müasir dünya iqtisadiyyatına inteqrasiya prose­sində real məhdudiyyətlərlə üzləşirlər ki, bu da siyasi asılılığa çevrilən iqtisadi və sosial bərabərsizliyin artmasına gətirib çıxarır.Belə şəraitdə dövlətlərin milli təhlükəsizliyinin təmin edilməsi sahəsində siyasəti “oyun qaydalarının” unifikasiyası istiqamətində qlobal tendensiyadan fərqli olaraq, onların iqtisadi cəhətdən özlərini təmin etmələrinə (mümkün hədlər daxilində), mədəni və tarixi identikliyini qorumağa yönəldilməsi xüsusi aktuallıq kəsb edir.

Məqsədi: Sosial təhlükəsizliyin Azərbaycan cəmiyyətində həyatın müxtəlif aspektlərində kompleks tədqiqi.

Alınmış nəticələr: Qloballaşma pro­sesləri beynəlxalq, milli və regional səviy­yədə təhlükəsizliyin qarşılıqlı asılı­lığını artırır. Nəticədə insan, cəmiyyət və təbiətin vəhdətini, həmçinin ümumi qlobal təhlükəsizlik problemlərinin və bütün dünya üçün əsas olan “oyun qaydaları”nın vəhdətini dərk etmək zərurəti yaranır.


Elmi tədqiqat işi: 2– Sosial elmlərdə interdisiplinar tədqiqat metodunun aktuallığı və əhəmiyyəti

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Fəl.ü.e.d., prof. Kazım  Əzimov  

Aktuallığı: Müasir fənlərin meydana gəlməsinin tarixi şəraiti, formalaşması, yüksəlişi və fənlərarası (interdisiplinar) tədqiqat sahəsinin ortaya çıxması  xüsusi aktuallıq kəsb edir. Fənlərin müxtəlif elementləri, paradiqmal inkişafı  müəyyənləşdirilmiş, onların epistemeloji, sosial, mədəni və təşkilat aspektləri elmi cəmiyyət (institutu) qismində nəzərdən keçirilir. Fənlərin qarşılıqlı əlaqələri və təsirləri əsasında ümumi interdisiplinar kategoriya (sinfinə) daxil olan anlayışların yaranması, nəzəriyyəsi və təcrübəsi ətraflı müzakirə edilməsilə  müəyyənləşdirilir. Tədqiaqat işində interdisiplanar elmi yanaşma paradiqmasının nüvəsini təşkil edən metodologiyaların, fərziyyələrin, nəzəriyyələrn, epistemologiyaların, ontologiyaların və perspektivlərin sistemli şəkildə öyrənilməsi zəruridir.

Məqsədi: Sosial elmlərdə interdisiplinar tədqiqat metodunun aktuallığı və əhəmiyyətini araşdırmaq.

Alınmış nəticələr Tədqiqatın gəldiyi ümumi nəticə bundan ibarətdir ki, XXI əsrdə ali təhsil sistemində tədris və təlimin yeni paradiqması – interdisiplinar paradiqmanın formalaşdırılması və tətbiqi zamanın sosial, mədəni və iqtisadi tələblərindən irəli gəlir.


Elmi tədqiqat işi:3  Sosiologiyada “ sosial institut”  anlayışının müqayisəli təhlili

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Fəl,ü.f.d., dos. Tahir Ağayev

Aktuallığı: Cəmiyyət sosial əlaqələrsiz və qarşılıqlı təsirsiz mövcud ola bilməz. Belə əlaqə və təsir cəmiyyətin və fərdin ən mühüm tələbatlarını ödəyir. Hər bir cəmiyyətdə sosial əlaqə və münasibətlərin müəyyən davamlığını təmin edən spesifik bilik sahələri sosial institutlardır. Bu baxımdan tədqiq olunan problem ilk növbədə cəmiyyətdə sabitliyin  və inkişafın qorunub saxlanılmasına, zəruri sosial nizamın  təmin edilməsinə istiqamətləndiyi üçün aktual hesab oluna bilər. 

Məqsədi: Sosial institutlarının tədqiqində ənənəvi institusional  formalarla yeni yaranan  sosial tələbatların müqayisəli təhlilini aparmaq, ümumi və fərqli cəhətlərini araşdırmaq

Alınmış nəticələr : Sosial institutlar insanların tarixən təşəkkül tapmış qarşılıqlı fəaliyyətinin formaları olub, istənilən cəmiyyətin yaşamaq qabiliyyətini müəyyən edirlər. Onların köməyi ilə cəmiyyətin sosial strukturu müəyyən zaman kəsiyində öz mövcudluğunu qoruyub saxlayır.Ona görə də, ictimai institutsuz heç bir müasir cəmiyyət fəaliyyət göstərə bilməz. Sosial institutlar cəmiyyətdə sivil qayda-qanunun və mütəşəkkilliyin simvoludurlar.


Elmi tədqiqat işi: 4. Din sosial həmrəylik amili kimi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: f.ü.f.d.,dos.Hörmət Cavadova

Aktuallığı: Dinin əsasını təşkil edən inam minilliklər ərzində insanları birləşdirmiş, cəmiyyətin sabitləşməsində mühüm rol oynamışdır. İnamsız heç bir xalq və cəmiyyət ola bilməz.Dini inamlar minilliklər ərzində insanların fəaliyyətlərində yaranmış, tarix inkişaf etdikcə onların sosial-psixoloji əsasları dəyişikliyə məruz qalaraq yeniləşmişdir.

Məqsədi: Dinin cəmiyyət həyatında həmrəylik amili kimi səciyyələndirilməsi.

Alınmış nəticələr: İnsanlar arasında sosial həmrəyliyin yaranmasında dini mərasimlərin mühüm rolu vardır.Sözün geniş mənasında mərasim və ya ayin cəmiyyətdə və sosial qruplarda müəyyən sosial münasibətlər rəmzini bildirən adətlərin konkret icrası və möhkəmləndirilməsi formasıdır.


Elmi tədqiqat işi 5. Azərbaycan və Türkiyənin xeyriyyəçilik fəaliyyətinin müqaisəli təhlili. Türkiyənin xeyriyyəçilik fəaliyyətində vəqflərin yeri və rolu

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: f.ü.f.d.,dos.Sevil İsmayılova 

Aktuallığı: Sosial dövlətin mühüm funskiyalarından biri də xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsidir.Bu baxımdan Azərbaycan və Türkiyənin xeyriyyəçilik fəaliyyətinin müqaisəli təhlili və tədqiqi zəruridir.

Məqsədi: Türkiyənin xeyriyyəçilik fəaliyyətində vəqflərin yerini göstərmək və rolunu araşdırmaq.

Alınmış nəticələr: Turkiyədə vəqflər sosial siyasətin mühüm amili olublar, bir tərəfdən xeyriyyəçilik fəaliyyəti göstəriblər, digər tərəfdən isə sosial inteqrasiya funksiyasını yerinə yetiriblər. Birinciyə mədəniyyət, təhsil, bələdiyyə quruculuğu, sosial proqramların həyata keçirilməsi sahəsində vəqflərin ictimai faydalı fəaliyyətinin bütün spektri daxildir. İkincisinə isə, onların gəlirlərinin davamlı olaraq yenidən bölüşdürülməsi yolu ilə sosial gərginlik səviyyəsinin azaldılması, yeni ərazilərdə dövlətə münasibətdə yerli əhali arasında rəğbət oyatmaq istəyi,  nəhayət, əlverişli sosial mühitin formalaşdırılması və miqrasiya proseslərini və əhalinin demoqrafik artımını müəyyən edən iqtisadi iqlimin yaradılmasıdır.


Elmi tədqiqat işi 6. Uşaqlar cəmiyyətin sosial qrupu kimi: sosial-demoqrafik amillə­rin sistemli təhlili 

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: s.ü.f.d.,dos.Yaqut Əliyeva

Aktuallığı: Uşaqlar 0-18 yaş arasında cəmiyyətin ilkin sosial-demoqrafik qrupudur. Uşaqların xüsusi ehtiyacları, hüquqları və maraqları var. Amma eyni zamanda, onlar özlərini cəmiyyət qarşısında müdafiə etmək və qorumaq üçün kifayət qədər səriştəli deyillər. Uşaqlar dövlətin, cəmiyyətin, məktəbin və ailənin onların inkişafı üçün təmin etdiyi şəraitdən asılıdır. Onlar sosial nəvaziş obyektləridir.       

Uşaqların şəxsiyyətinin formalaşması və inkişafı prosesinin optimallaşdırılması problemi dövrümüzün fundamental, prioritet və aktual sosial problemlərindən biridir. Bu proses həm şəxsiyyət, həm də cəmiyyətin sosial səriştəsinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, qloballaşma şəraitində uşaqların şəxsiyyətinin formalaşması və inkişafı probleminin təhlili həm nəzəri, həm də praktik baxımdan olduqca aktualdır.

Məqsədi: İşin məqsədi uşaqlarin cəmiyyətin sosial-demoqrafik qrupu kimi öyrənil­məsinin nəzəri-metodoloji aspekt­lərini  araşdirmaq, burada uşaqlıq sosiologi­yasının və digər elmlərin xüsusi yerini və rolunu göstərmək, uşaqların yaş və cins xarakteristikasını, ümumi və spesifik məqamlarını və onların xüsusiyyətlərini sistemli olaraq araşdırmaqdan ibarətdir.    

Alınmış nəticələr: Maddi və mənəvi həyatda baş verən dəyişikliklər Azərbaycan cəmiyyətinin sosial dəyərlərə, ailəyə baxışlarını dəyişdirdi ki, bu da öz növbəsində uşaqların tərbiyəsi və formalaşmasında özünü göstərir. Həyatın sosial-iqtisadi şərtlərinin transformasiyası, qloballaşma prosesinin problemləri, gəlirlərin qütbləşməsi və s. cəmiyyətin dərin bir şəkildə differesiasiyasına gətirib çıxartdı. Bir tərəfdən hələ ki,  uşaqların yüksək keyfiyyətli təkrar istehsalı, tərbiyəsi və inkişafı üçün kiçik bir əlverişli mühitin formalaşmasına, digər tərəfdən isə ümumi ziddiyyətli bir vəziyyət indiyədək nail olunanların məhv edilməsinə səbəb oldu.

Təhsil sisteminin ümumbəşəri mənəvi, milli, dini dəyərlər vasitəsilə intensivləşdirilməsi zəruridir, çünki cəmiyyətin gələcəyi uşaqların bu günki vəziyyətindən və onların bir şəxsiyyət kimi formalaşmasından asılıdır.


Elmi tədqiqat işi 7. Beynəlxalq hüquq sosial institut kimi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: s.ü.f.d. Fərəh Xəlilova

Elmi-tədqiqat işində beynəlxalq hüquq institutunun mahiyyəti və məzmunu təhlil olunur, müasir dünyada qlobal dəyişikliklər şəraitində beynəlxalq hüquq institutunun yeri və rolu araşdırılır.

Aktuallığı:Müasir dünyada baş verən qlobal transformasiyalar və bununla bağlı  meydana çıxan effektlər bu proseslərin idarə olunması məsələsini  və beynəlxalq hüquq ilə  bağlı problemləri olduqça aktual edir. Sosial reallıq təcrübəsi onu göstərir ki, cəmiyyətdə birgə yaşayış müəyyən davranış standartlarının və normaların formalaşması və reallaşmasına gətirib çıxarır. Sosial interaksiya çoxşahəli və çoxsəviyyəli sistem olduğundan bu normalar insanlararası interaksiyanın müxtəlif səviyyələrində özünü göstərir. Bu səviyyələrdən biri də beynəlxalq səviyyədir. Beynəlxalq münasibətlərin tənzimləyicisi kimi çıxış edən beynəlxalq hüquq mövcud şəraitdə dünyada baş verən dəyişiklikəri və sosial reallığın transformasiyasını nəzərə alıb, müvafiq olaraq inkişaf etməlidir. Beynəlxalq hüquq institutunun inkişafı insanlararası münasibətlərin optimallaşması və insanlararası həmrəyliyin artmasının əsas istiqamətlərindən biridir. Beynəlxalq hüquq bu prosesin hüquqi əsasını təmin edən başlıca amildir.

Məqsədi:Beynəlxalq hüquq fenomeninin mahiyyətini, onun sosial təbiətini təhlil etmək, sosial münasibətlərin meqasəviyyəsinin idarə olunması zərurəti  və  bununla bağlı beynəlxalq hüququn rolunu araşdırmaq.

Alınmış nəticələr: 1.Sosial münasibətlərin meqasəviyyəsinin idarə olunması beynəlxalq hüquq institutunun formalaşması və inkişafını zəruri edir. 2.Qlobal transformasiyalar şəraitində mövcud problemlər və proseslərin idarə olunması və bununla bağlı beynəlxalq hüquq institutunun optimallaşdırılması məsələləri aktuallaşır. 3.Beynəlxalq hüquq institutunun inkişafı dünya səviyyəsində İnsanlararası münasibətlərin optimallaşması və insanlararası həmrəyliyin artmasının əsas istiqamətlərindən biri kimi çıxış edir.


Elmi tədqiqat işi 8. Azərbaycan cəmiyyətində siyasi sosiallaşma prosesi: əsas istiqamətləri və xüsusiyyətləri.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: müəllim Südabə Haşımova

Aktuallığı: Cəmiyyətin siyasi sosiallaşması istənilən dövlətin həyatında xüsusi yer tutur. Çünki xüsusi ictimai hadisə olmaq etibarilə, dövlət siyasəti insanların fəaliyyətinin ən əhəmiyyətli sferasıdır. Cəmiyyətin siyasi sistemdəki dəyişikliklərə təsir etmək qabiliyyəti həm dünya təcrübəsində, həm də Azərbaycan tarixində baş verən proselərlə dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan cəmiyyətinin siyasi sosiallaşması vəziyyəti və perspektivlərini hərtərəfli öyrənməyə ehtiyac ictimai inkişafın müasir mərhələsində baş verən dəyişikliklərdə iştirak dərəcəsi ilə bağlıdır.

Məqsədi: Siyasi sosiallaşma probleminin öyrənilməsinin nəzəri-metodoloji əsaslarının araşdırılması

Alınmış nəticələr: Apardığımız tədqiqatın nəticələrinə görə, siyasi sosiallaşma vasitəsilə fərdlər cəmiyyətin siyasi dəyərlər sistemini və ideologiyasını mənimsəyir, simvollarını və rituallarını başa düşürlər. Siyasi sosiallaşma cəmiyyətin inkişaf səviyyəsindən və siyasi sistemin növündən asılı olaraq fərqli həyata keçirilir. Siyasi sosiallaşmanın formalaşması yalnız humanitar və siyasi təhsil sistemi ilə məhdudlaşmır,  yeni sosiallaşma institutlarının yaradılmasını zəruri edir.

2022-ci il

Elmi tədqiqat işi 1. Milli təhlükəsizliyin nəzəri-metodoloji problemləri, sosial təhlükəsizlik və qloballaşma mühiti.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Rəfail Həsənov

Aktuallığı Son zamanlar sosiologiyada sosial sferada sabitliyi poza bilən və cəmiyyətin əsas hərəkətverici qüvvəsini - insan potensialını sarsıda bilən çağırış və təhdidlərin qarşısının alınması və dəf edilməsi üçün tədbirlər sistemini özündə ehtiva edən sosial təhlükəsizliyin öyrənilməsi zərurətinə xüsusi diqqət yetirilir. Sosial təhlükəsizlik fərdin, cəmiyyətin və dövlətin həyati mənafelərinin həyatın bütün sahələrində yaranan çağırış və təhdidlərdən sabit müdafiə vəziyyəti, onun təmin edilməsi prosesində təhlükəsizlik subyektlərinin həyata keçirdikləri fəaliyyətdən asılıdır. “Sosial təhlükəsizlik” anlayışının sosioloji kateqoriya kimi dəyişdirilməsi prosesi ilk növbədə dəyərlər oriyentasiyalarının və əxlaqi münasibətlərin dəyişməsi ilə bağlıdır ki, bu da təbii ki, fərdin və cəmiyyətin sosial təminatının yaxşılaşdırılmasına ən çox birbaşa təsir göstərir. Ölkə əhalisinin sosial təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsi probleminin bir xüsusiyyəti, sosial təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi üçün ümumi qəbul edilmiş meyarlar sisteminin olmamasıdır. Bu, sosial gərginlik səviyyələrini müəyyən etməyə imkan yaradır ki, ondan sonra  əvvəlcədən müəyyənləşdirməyə, operativ qiymətləndirməyə və qarşısını almağa imkan verməyən sabitliyin pozulması başlayır.

Məqsədi Tədqiqatın məqsədi sosial sferada sabitliyi poza və insan potensialını sarsıda bilən çağırış və təhdidlərin qarşısının alınması və dəf edilməsi üçün tədbirlər sistemininin işlənilməsi,  dəyərlər oriyentasiyalarının və əxlaqi münasibətlərin dəyişməsi ilə bağlı fərdin və cəmiyyətin sosial təminatının yaxşılaşdırılmasına birbaşa təsir göstərən amillərin müəyyənləşdirilməsi, sosial təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi üçün ümumi qəbul edilmiş meyarlar sisteminin yaradılmasından ibarətdir.

Sosioloji nəzəriyyə çərçivəsində “sosial təhlükəsizlik” kateqoriyasının yaranması və fəaliyyət göstərməsi fərdin, cəmiyyətin və dövlətin həyatı üçün bir sıra mühüm, o cümlədən qlobal təhlükələrin dərk edilməsi zərurəti ilə bağlıdır. Əsas əhəmiyyət kəsb edən məsələlərdən biri insanın məqsədləri, idealları və dəyərləri, maraqları üçün mövcud olan xüsusi təhlükələri dərk etməkdən ibarətdir.

Bu yanaşma ilə ümumi təhlükəsizlik nəzəriyyəsinin formalaşması ilkin olaraq onun sosioloji mahiyyətini müəyyənləşdirir. Məhz bu nəzəriyyədə real, gündəlik həyatda təhlükələrin, təhdidlərin, çağırışların və risklərin təsiri altında sərvətlər əldə edən status və rolların, əlaqələr və münasibətlərin, motivasiyanın və sosial quruluşun real dinamikası haqqında yeni sosioloji biliklər formalaşır, fərdin həyati problemlərinin xarakteri müəyyənləşir.

“Sosial təhlükəsizlik” kateqoriyasının məzmununa cəmiyyətin iqtisadi və sosial həyat tərzi, ictimai və xüsusi mülkiyyət, ictimai qurum və təşkilatlar, milli adət və ənənələr, yaşayış mühiti, maddi və mənəvi dəyərlər kimi anlayışlar daxildir. Sosial tərəfdaşlıq, millətlərarası harmoniya və vətəndaş sülhü olmadan sosial təhlükəsizlik təsəvvür edilə bilməz.

qorumağa çalışan əlavə qorunma mexanizmlərini ehtiva edir.

Alınmış nəticələr: Cəmiyyətin təhlükəsizliyinin təmin edilməsinin sosial-hüquqi mexanizmi kimi cəmiyyətin üzvləri, onların birlikləri və dövlət orqanları tərəfindən formalaşdırılan və həyata keçirilən sosial təhlükəsizlik sistemi təmsil oluna bilər.

Sosial təhlükəsizliyin “kütləvi” səviyyədə təmin edilməsinə çalışan çoxsaylı ictimai strukturların yaranması, bir qayda olaraq, kortəbii şəkildə baş verir və bu, çox vaxt insanların həyat tərzinə, ehtiyaclarına və maraqlarına qarşı real və ya ehtimal olunan təhlükə və təhlükələrə reaksiyasıdır. Beləliklə, cəmiyyət şüurlu və ya şüuraltı olaraq özünü müxtəlif təhlükələrdən qorumağa çalışan əlavə qorunma mexanizmlərini ehtiva edir.


Elmi tədqiqat işi 2. Interdisiplinar anlayışların və kateqoriyaların təsnifat modeli.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Kazım Əzimov

Aktuallığı: Tədqiqat işində Sosial elmlərdə interdisiplinar (fənlərarası sahə) tədqiqat metodunun aktuallığı və əhəmiyyəti araşdırılmışdır.

Məqsədi: Tədqiqatın məqsədi sosial elmlərin metodologiyasında, nəzəriyyəsində və praktikasında problemin qoyuluşu, əsaslandırılması və aktuallığını müəyyənləşdirməkdən ibarət olmuşdur. Tədqiaqat işində interdisiplinar yaxud fənlərarası sahə yanaşması (paradiqması), metodologiyası, geniş mənada bilik, tədqiqat, nəzəriyyə, təhsil və didaktika kimi elm sahələrini əhatə edən bir ümumi anlayışdır. Elmi işdə ilk dəfə interdisiplinar sahənin, interdisiplnar paradiqmanın davamlı irəliləməsinə səbəb olan amillər izah edilir, interdisiplinar paradiqmanın aktuallığı, anlayış və kateqoriyaları sosial-mədəni və tarixi konteksdə ətraflı araşdırılmışdır. İnterdisiplanar elmi yanaşma paradiqmasının nüvəsini təşkil edən anlayışlar və kateqoriyalar sistemli şəkildə təhlil edilmişdir......

Alınmış nəticələr: Tədqiqat işində müəyyən olunmuşdur ki, nəinki sosial elmlər, həmçinin təbiət, həyat və insan haqqında elmlərin istifadə etdikləri tədqiqat metodlarınin  ən azı 150-200 il yaşı var. Elmi-texniki və sənaye inqilablarından miras qalmış tədqiqat metodları müasir İKT və biliklərə əsaslanan post-sənaye informasiya cəmiyyətinin tələblərinə və elmi-texnoloji ideallarına ziddir. Burdan belə bir nəticəyə gəlmişik ki, sosial elmlərdə istifadə olunan ənənəvi  elmi paradiqmalar, ontoloji və epistemoloji yanaşmalar artıq köhnəlmişdir, onların yeni paradiqmalarla, xüsusən interdisiplinar paradiqmalarla əvəzlənməyin vaxtı çoxdan çatmışdır.


Elmi tədqiqat işi 3. Sosial institutların funksiyaları və disfunksiyallığı 

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Tahir Ağayev

Aktuallığı: Sosial institutla ictimai mühit arasında qarşılıqlı təsirdə mühüm cəhət müvafiq sosial tələbatın ödənilməsidir. Bu tələbatların ödənilməsi sosial institutların funksiyaları vasitəsi ilə həyata keçirilir. Ödənilməyən sosial tələbat normativ şəkildə tənzimlənməyən fəaliyyət növlərinin meydana çıxmasına səbəb ola bilər. Sosial institutların funksiyalarının pozulması isə müvafiq cinayətkarlığın artması ilə müşayiət olunur. Bunun da nəticəsində sosial institutların fəaliyyətini, eləcə də cəmiyyətin sabitliyi  pozula bilər. Ona görə də bu cür hüquq pozuntularının qarşısını almaq üçün  sosial təlabatları reallaşdırarkən hər bir institut öz üzvlərinin  birgə fəaliyyətini təmin edən funksiyaları yerinə yetirməlidir. Sosial institutların funksiyalarının nəzərdən keçirilməsi həmin institutların disfunksiyası problemini aktuallaşdırır. Müasir sosiologiyada disfunksiya bu və ya digər sosial institutun sosial mühitlə normativ qarşılıqlı əlaqələrin pozulması kimi qiymətləndirilir. Bu halda onların fəaliyyəti sosial mühitə və insanların həyat şəraitinə neqativ təsir göstərir. Bu, xüsusən cəmiyyətin sistemli böhranı dövründə özünü daha aydın şəkildə nümayiş etdirir. Adətən, sosial institutların tam disfunksiyasız vəziyyəti olmur, çünki onların hər biri daim dəyişilir və inkişaf edir. İnstitutun iş şəraiti, onun sosial mühitlə əlaqəsi və mövcudluğunun daxili faktorları dəyişilir.

Məqsədi: Sosial institutların müvəffəqiyyətli fəaliyyəti üçün disfunksiya hallarının qarşısının alınmasının aşağıdakı faktorlarını göstərmək olar: məqsədlərin, sosial statusların və rolların dəqiq müəyyən edilməsi; fəaliyyət növlərinin səmərəli bölgüsü, düzgün və bacarıqla təşkili, o cümlədən effektiv idarəetmə və rəhbərlik; sosial institutların daha geniş institutlar sisteminə mümkün qədər münaqişəsiz qoşulması.

Alınmış nəticələr: Sosial institutla ictimai mühit arasında qarşılıqlı təsirdə mühüm cəhət müvafiq sosial tələbatın ödənilməsidir. Ödənilməyən sosial tələbat normativ şəkildətənzimlənməyən fəaliyyət növlərinin meydana çıxmasına və sosial mühitin sabitliyinin pozulmasına səbəb olur.

Arzuların, istəklərin deyil, real nəticələrin öyrənilməsi, sosial institutların funksiyalarını empirik faktlar əsasında təhlil etməyə, həmçinin bu təhlilin spektrini genişləndirməyə imkan verir.

Sosial institutların tam disfunksiyasız vəziyyəti olmur, çünki onların hər biri daim dəyişilir və inkişaf edir. Sosial institutların müvəffəqiyyətli fəaliyyəti üçün disfunksiya hallarının qarşısının alınmasında aşağıdakı faktorlar nəzərə alınmalıdır: məqsədlərin, sosial statusların və rolların dəqiq müəyyən edilməsi; effektiv idarəetmə və rəhbərlik; sosial institutların daha geniş institutlar sisteminə mümkün qədər münaqişəsiz qoşulması və s.


Elmi tədqiqat işi 4. Sosial təhlükəsizlik sahəsində dinin rolu.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Hörmət Cavadova

Mövzunun adı: Sosial təhlükəsizlik sahəsində dinin rolu

Aktuallığı: Dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili sosial təhlükəsizlik sahəsində dinin rolunu daha da aktuallaşdırıb.

Məqsədi: Din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən siyasi vasitəyə çevrilməkdədir.Bu gün din  beynəlxalq aləmdə güclü ideoloji təsirə malikdir. Bir çox ölkələrdə ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi, sabitliyin pozulması məqsədilə dindən ideoloji vasitə kimi də istifadə edilməsi tendensiyası formalaşmışdır. Bu baxımdan dünyada  sülhün və əmin-amanlığın qorunub saxlanılması sahəsində dinin və  dini təşkilatların rolunu araşdırmaq


Elmi tədqiqat işi 5. Müasir Türkiyə cəmiyyətində xeyriyyəcilik təşkilatların fəaliyyəti

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Sevil İsmayılova

Aktuallığı: Bildiyimiz kimi, xeyriyyəçilik mövzusu bu gün də öz aktuallığını saxlamaqdadır. Yoxsulluq və varlılıq müasir həyatın reallıqlarıdır və bu baxımdan biz xeyriyyəçiliyi xatırlayırıq. Xeyriyyəçilk fəaliyyəti bütün dünyada aparılır. Dövlət səviyyəsində xüsusi qurumlar sistemləri yaradılır, eləcə də vətəndaşlar ehtiyacı olanlara şəxsən və ya müxtəlif təşkilatlar vasitəsi ilə yardım edirlər. Bu gün xeyriyyəçilik ümumbəşəri dəyərdir, vətəndaş cəmiyyətinin ən mühüm atributlarından biridir. Sosial dövlətin mühüm funskiyalarından biri də xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsidir..

Məqsədi: Müasir Türkiyə cəmiyyətində xeyriyyəcilik təşkilatlarının fəaliyyətini araşdırmaq və yeni müasirləşmiş vakfların fəaliyyətini göstərmək.

Alınmış nəticələr: XX-ci əsrin 60-cı illərində Türkiyədə vaqflar yeni formada fəaliyyətə başladı. 1967-ci ildə Türkiyə Mülki Məcəlləsinə düzəlişlər edildi ki, bu da “vəqf” anlayışının özünü ictimai hüquqi leksikona qaytardı. Türkiyədə müasir xeyriyyə təşkilatıları normativ aktlara əsaslanır. 1977-ci ildə 2022 saylı qanuna əsasən ehtiyacı olanlara -65 yaşına çatmış əlillərə və tənha qocalara ödənişlər haqqında qanun imzalanmış və bu da indiki anlayışda sosial yardım anlayışının doğulması sayıla bilər. 1984-cü ildə Xeyriyyə Vəqfləri Baş İdarəsinə müxtəlif sosial yardımlar göstərmək səlahiyyəti verildi. 2008-ci ildə vəqflər haqqında yeni qanun qəbul edildi ki, bu da bu qurumun islahatının növbəti mərhələsini tamamladı Ümumiyyətlə 1990-2000-ci illərdə Türkiyədə vəqflərin inkişafının yeni dövru başladı. Bu sahədə kifayət qədər çoxlu sayda “dünyəvi”, qeyri-islam xarakterli könüllü təşkilatları birləşdirən yeni qurumun meydana çıxması ilə bağlıdır. - “Türkiyənin “üçüncü sektoru”nun vəqfi” və ya TÜSEV. Bir neçə il ərzində TÜSEV.700-dən çox vəqfi öz sıralarına cəlb edə bilmişdir. Bu mərhələ həm də ona görə əlamətdardır ki, indi vəqflər başqa məsələlərlə yanaşı, vətəndaş fəaliyyətinin inkişafı və həyata keçirilməsi mexanizmlərinə çevrilir.


Elmi tədqiqat işi 6. Sağlamlıq uşaqların şəxsiyyətinin formalaşmasında mühüm amil və keyfiyyət xarakteristikası kimi.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Yaqut Əliyeva.

Aktuallığı: Uşaqlar 0-18 yaş arasında cəmiyyətin ilkin sosial-demoqrafik qrupudur. Uşaqların xüsusi ehtiyacları, hüquqları və maraqları var. Amma eyni zamanda, onlar özlərini cəmiyyət qarşısında müdafiə etmək və qorumaq üçün kifayət qədər qabil deyillər. Uşaqlar dövlətin, cəmiyyətin, məktəbin və ailənin onların inkişafı üçün təmin etdiyi şəraitdən asılıdır. Uşaqların şəxsiyyətinin formalaşması və inkişafı prosesinin optimallaşdırılması problemi dövrümüzün fundamental, prioritet və aktual sosial problemlərindən biridir. Bu proses həm şəxsiyyət, həm də cəmiyyətin sosial səriştəsinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, qloballaşma şəraitində uşaqların şəxsiyyətinin formalaşması və inkişafı probleminin təhlili həm nəzəri, həm də praktik baxımdan olduqca aktualdır. İşin bu hissəsində saglamlıq uşaqların şəxsiyyətinin formalaşmasında mühüm  və keyfiyyət xarakteristikası kimi (Azərbaycan Respublikasının timsalında) araşdırılmışdır. Tədqiqatın predmeti uşaqların şəxsiyyətinin formalaşmasına mühüm amil və keyfiyyət xarakteristikaları kimi sağlamlığın təsirinin öyrənilməsidir. Sağlamlıq uşağın əmək qabiliyyətinin və normal ahəngdar inkişafının vacib amili və keyfiyyət xarakteristikasıdır. Uşaqların tərbiyəsi, təlimi və təhsilinin səmərəliliyi onların sağlamlığından, cəmiyyətin inkişaf perspektivləri isə uşaqların sağlamlığından asılıdır. Ona görə də dövlət uşaqların sağlam inkişafında maraqlı olmalıdır.Tədqiqatın obyekti 0-18 yaş arası uşaqlardır. Mövzunun tədqiqi üçün xarici ölkələrin ədəbiyyatından təcrübə öyrənilmiş və yerli tədqiqatçıların əsərləri tədqiq edilmişdir. Tədqiqat işində yeni ideyalar və təklifkər irəli sürülmüş, yeni yanaşmalar təklif edilmiş və prioritetlər göstərilmişdir. Mövzu kompleksli, sistemli olaraq araşdırılmışdır.

Məqsədi: Tədqiqatın məqsədi  uşaqların sağlamlıq potensialını (fizioloji, psixoloji, sosial aspektlərini) qiymətləndirilmək, uşaqların sağlamlığının qorunmasını və perspektivlərini müəyyən edən başlıca amillərini  araşdırmaqdan ibarətdir. Tədqiqatın vəzifələri - uşaq sağlamlığı və cəmiyyətin inkişaf perspektivlərini öyrnmək; uşaqların sağlamlıq potensialını (fizioloji, psixoloji, sosial aspektlərini) qiymətləndirilmək; uşaqların sağlamlığının qorunmasını və perspektivlərini müəyyən edən başlıca amillərini müəyyən etmək; cəmiyyətin sosial təhlükəsizliyini proqnozlaşdırmaqdan ibarətdir.

Alınmış nəticələr: Tədqiqatda uşaqların sağlamlıq potensialını qiymətləndirmək üçün fizioloji, psixoloji və sosial aspektləri təhlil edilmişdir. Eyni zamanda, uşaqların sağlamlığının qorunmasını və perspektivlərini müəyyən edən əsas amilləri öyrənmək çox vacib bilinmişdir. Xüsusi diqqət müxtəlif şəraitli ailələrdən olan sağlamlıq imkanları məhdud (əlil uşaqlar) uşaqlara ayrılmlşdır. Belə vəziyyətdə olan uşaqların sağlamlıq problemi, onların qeyri-bərabər və fəqrli imkan və şəraiti həmin uşaqların şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərir və bu məsələ hər bir dövlətin sosial siyasətinin aktual məsələlərindən biri olmalıdır. Göründüyü kimi, bu mövzunun araşdırılması çox əhəmiyyətlidir. Belə ki, bu məsələ, daha dərin elmi və praktik metod və metodologiyalar sayəsində araşdırmaq olar. Bunun üçün ailənin, təhsil və səhiyyə sisteminin, dövlətin sosial siyasətinin intensivləşdirilməsi zəruridir. Çünki cəmiyyətin sosial təhlükəsizliyi, gələcəyi uşaqların bu günki fizioloji, psixoloji, emosional və sosial sağlamlığı vəziyyətindən və bunun nəticəsində onların bir şəxsiyyət kimi formalaşmasından asılıdır. Tədqiqatın elmi nəticələri universitetlərdə keçirilən mühazirə kurslarının hazırlanmasında istifadə oluna bilər. Eləcə də nəzəri nəticələr fəaliyyəti uşaqların sağlamlıq problemləri, uşaqların şəxsiyyətinin formalaşması və inkişafı, optimallaşdırılması, dövlətin sosial siyasəti və s. ilə bağlı olan təşkilatlar üçün faydalı ola bilər. Uşaqların sağlamlığının qorunması prosesində müxtəlif amillər arasında görünən ziddiyyət nə dərəcədə optimal və ardıcıl şəkildə həll olunursa, o da öz növbəsində onların sağlam olmasına, şəxsiyyətinin formalaşmasına, gələcək cəmiyyətin ahəngdar və səmərəli qurulmasına təsir göstərir. Çünki uşaqlar cəmiyyətin gələcəyidir.


Elmi tədqiqat işi 7. Müasir dünyada sosial transformasiyalar və beynəlxalq hüququn effektivliyinin təmin olunması

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Fərəh Xəlilova

Aktuallığı: Elmi-tədqiqat işində müasir qloballaşan dünyada baş verən sosial dəyişikliklər və transformasiyalar tədqiq olunur və bununla bağlı yaranmış vəziyyətdə beynəlxalq hüquq institutunun effektivliyi problemi  araşdırılır.

Müasir dünya birliyinin fəaliyyət göstərdiyi şərait, mövcud hadisələr və proseslər, yaranan ziddiyyətlər və münaqişələr getdikçə bizləri bütün bəşərriyatın taleyinin vəhdətinin dərk olunmasını və bununla bağlı yer üzündə bütün insanların dinc şəraitdə yaşamasının təmin olunması ilə bağlı müvafiq mexanizmlərin inkişafını və realllaşdırılmasını zəruri edir. Son zamanda baş verən hadisələr bizi getdikçə daha da çox onu ddüşünməyə vadar edir ki, əməkdaşlıq üçün beynəlxalq-hüquqi bazanın formalaşması və inkişafına baxmayaraq, beynəlxalq hüquq sisteminin effektivliyinin təmin olunması ilə bağlı ciddi problemlər mövcuddur. Aydındır ki, beynəlxalq hüququn effektivliyinin dərəcəsinin artırılması ilə bağlı tövsiyələr məsələnin obyektiv və subyektiv tərəflərinə yönlənməlidir, hansılar kı, şübhəsiz, bir-biri ilə əlaqəlidir. Təbii ki, beynəlxalq aktorların iradəsi olmadan bu məsələdə heç bir inkişaf gözləmək olmaz. Lakin eyni zamanda təbiidir ki, müvafiq şərait olmadan bu mümkün deyil. Çoxlu sayda mövcud şəraitlər arasında xüsusi olaraq beynəlxalq səviyyədə sosial kapitalın inkişafını qeyd etməl lazımdır ki, bu da beynəlxalq aktorların əksəriyyətinin düşüncəsinin yüksək dərəcədə eqoist xarakterli olduğundan heç də asan məsələ deyil.

Məqsədi:   Müasir dünyada baş verən sosial transformasiyaları təhlil etmək və bununla bağlı mövcud şəraitdə beynəlxalq hüququn effektivliyinin təmin olunması problemini  araşdırmaq.

Alınmış nəticələr: Müasir dünyada baş verən hadisələr və proseslər beynəlxalq hüquq institutunun effektivliyi  ilə bağlı məsələləri aktuallaşdırır. Beynəlxalq hüququn reallıqda icra olunması ilə bağlı ciddi problemlər mövcuddur. Beynəlxalq səviyyədə sosial kapitalın inkişafı mövcud problemin həll olunması istiqamətində əsas amillərdən biri kimi çıxış edir. Beynəlxalq səviyyədə sosial kapitalın lazımi səviyyədə reallaşdırılması təbii olaraq onun formalaşması və həyata keçirilməsi  mexanizminin işlənməsini tələb edir ki, bu da öz növbəsində müvafiq şərait və resursların mövcudlğunu tələb edir


Elmi tədqiqat işi 8. Dünya ölkələrində siyasi sosiallaşma prosesinin formalaşması mexanizmləri

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Südabə Haşımova.

Aktuallığı: Cəmiyyətin siyasi sosiallaşması istənilən dövlətin həyatında xüsusi yer tutur. Xüsusi ictimai hadisə olmaq etibarilə, dövlət siyasəti insanların fəaliyyətinin ən əhəmiyyətli sferasıdır. Cəmiyyətin siyasi sistemdəki dəyişikliklərə təsir etmək qabiliyyəti həm dünya təcrübəsində, həm də Azərbaycan tarixində baş verən proselərlə dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan cəmiyyətinin siyasi sosiallaşması vəziyyəti və perspektivlərini hərtərəfli öyrənməyə ehtiyac ictimai inkişafın müasir mərhələsində baş verən dəyişikliklərdə iştirak dərəcəsi ilə bağlıdır. Elmi-tədqiqat işinin başlıca məqsədi Azərbaycan cəmiyyətində siyasi sosiallaşma prosesinin əsas istiqamətlərini və xüsusiyyətlərini araşdırmaq, onun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasıdır. Siyasi sosiallaşma cəmiyyətin inkişaf səviyyəsindən və siyasi sisteminin növündən asılı olaraq fərqli şəkildə həyata keçirilir.Problemin öyrənilməsi həm demokratik, həm avtoritar cəmiyyətlərdə siyasi sosiallaşma  prosesinin formalaşması mexanizmlərinin araşdırılmasını zəruri edir.

Məqsədi: Dünya ölkələrində Qərb və Şərq təcrübəsində siyasi sosiallaşmanın əsas xüsusiyyətlərinin, siyasi sosiallaşma növlərinin, yeni növ siyasi sosiallaşma prosesininin araşdırılmasıdır.

Alınmış nəticələr: Siyasi davranış və iştirakın köhnə modelləri çox vaxt yeni siyasi reallıqlara cavab vermir. Yeni modellər olduqca ləng formalaşır və mənimsənilir. Bu da öz növəsində siyasi təhsil problemini aktuallaşdırır: digər ölkələrin siyasi təcrübəsi ilə tanış olmaq və onu mənimsəmək, siyasi sistemlərin fəaliyyət xüsusiyyətlərini, onlara təsir etmə yollarını, şəxsi və qrup maraqlarını həyata keçirmək, xarici təcrübəni yerli ənənələrə uyğunlaşdırma imkanlarını öyrənmək tələb olunur. Siyasi sosiallaşmanın formalaşması yalnız humanitar və siyasi təhsil sistemi ilə məhdudlaşmır,  yeni sosiallaşma institutlarının yaradılmasını zəruri edir.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət