Pedaqogika kafedrasının tarixi

1940-ci ildə yaradılmış Pedaqogika kafedrası 1960-cı ilin oktyabr ayında iki müstəqil “Məntiq və psixologiya” və “Pedaqogika” kafedralarının bazasında “Pedaqogika və psixologiya” kafedrası kimi formalaşmışdır. 1960-1970-ci illər ərzində kafedraya professor Məmmədəli Cavad oğlu Məhərrəmov rəhbərlik etmişdir. 1971-ci ildən 1991-ci ilə kimi kafedranın müdiri professor Əkbər Salman oğlu Bayramov olmuşdur. 1991-ci ildən müstəqil fəaliyyətə başlayan pedaqogika kafedrasına professor Nübar Muxtarova müdir seçilmiş, 2011-ci ilə kimi kafedraya rəhbərlik etmişdir. 2011-2013-cü illər ərzində kafedraya rəhbərlik pedaqoji elmləri doktoru, professor Hikmət Əbdül oğlu Əlizadəyə həvalə edilmişdir. 2014-cü ildən hal-hazıra kimi kafedraya professor Ləzifə Nağı qızı Qasımova rəhbərlik edir.

Bu illər ərzində kafedranın müəllimlərindən N.M.Muxtarova, H.Ə.Əlizadə, L.N.Qasımova müvəffəqiyyətlə doktorluq dissertasiyası və o cümlədən, 11 nəfər fəlsəfə doktoru üzrə dissertasiya müdafiə etmişdir. Kafedranın alimləri N.M.Muxtarova, R.M.Mahmudova, H.Ə.Əlizadə, L.N.Qasımova, N.İmamverdiyeva,  K.Qəhrəmanova, və b.  elmi axtarışlarının nəticələri ilə Rusiya, Çin, Türkiyə, Malayziya, Almaniya, və Gürcüstanda keçirilən beynəlxalq elmi konfranslarda çıxış etmişlər. Kafedra mövcud qaydalara uyğun  aparıcı müəssisə kimi çoxlu sayda elmlər  və fəlsəfə doktorluğu üzrə dissertasiyalara  rəy vermişdir.

Kafedra müstəqil fəaliyyətə 13 nəfər müəllim, 2 nəfər baş laborantla başlamışdır. Hazırda Kafedrada onun tərkibi dəyişmiş, say etibarı ilə 20 nəfərə çatmışdır. Kafedra müəllimlərı sırasında 3 nəfər pedaqoji elmlər doktoru, professor (N.Muxtarova,H.Əlizadə, L.Qasımova), 1 nəfər pedaqogika üzrə elmlər doktoru (E.Mollayeva), 1 nəfər professor əvəzi kimi (M.İsmixanov) fəaliyyət göstərir. Hazırda kafedrada 3 nəfər 5804.01-Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisasından doktorluq proqramı üzrə tədqiqat aparır (V.Çıraqova, S.Əliyeva, G.Kərimova). Son 20 ildə kafedranın müəllimlərindən Sima Sadıxova, Amaliya Ələsgərova, Fatma Ələsgərova, Aydın Fərrux və Fəridə Həsənova dünyalarını dəyişmişlər. Onların xatirəsi həmişə hörmətlə yad edilir. Pedaqogika kafedrası bir sıra xeyirxah və məqsədyönlü tədbirlərin keçirilməsində fəal iştirak etmişdir. Belə ki, kafedranın müəllimləri xalqımızın ağır 1989-1993-cü illərində BDU-da yaralı əsgərlərə, şəhid olmuş tələbələrin ailəsinə, Beynəlxalq uşaq ili ilə əlaqədar olaraq Xocalı uşaqların xeyriyyə konserti keçirilməsinə rəhbərlik etmişlər. Kafedra əməkdaşları tələbələrlə birlikdə respublika Travmatologiya institutunun 7 saylı palatasının yaralı əsgərlərini hamiliyə götürmüşlər.

Kafedra əməkdaşları tərəfindən bakalavr və magistratura pilləsi, o cümlədən doktoranturaya qəbul üzrə proqramlar tərtib edilmiş və vaxtaşırı yeniləşdirilmişdir.

Müstəqil fəaliyyət göstərdiyi illər ərzində kafedra əməkdaşları özlərinin elmi-metodik fəaliyyətində də bir sıra diqqət çəkən göstəricilər əldə etmiş, universitetin və eləcə də, respublikanın elmi-pedaqoji həyatında yüksək fəallıq göstərmişlər. Kafedra üzvləri dərslik, dərs vəsaitləri, proqram və metodik göstərişlərin hazırlanması sahəsində əhəmiyyətli işlər görmüş, elmi jurnallarda və elmi konfranslarda məqalə və tezislərlə çıxış etmişlər. Təkcə 2019-2023 -cü illər ərzində kafedrada 22 elmi seminar keçirilmişdir. Bu illərdə respublikamızın müxtəlif ali məktəblərində fəaliyyət göstərən görkəmli alimlərin iştirakı ilə elmi seminarlar təşkil edilmişdır. Bu sıraya aşağıdakıları: prof.Yusif Qasımovu (Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru), prof.Rüfət Hüseynzadəni (Azərbaycan Dövlət Pedaqoji Universiteti), prof.Həsən Bayramovu (Bakı Qızlar Universiteti), prof.Fərrux Rüstəmovu (Azərbaycan Dövlət Pedaqoji Universiteti), p.ü.f.d Gülşən Eminovanı (Azərbaycan Dövlət Pedaqoji Universiteti), dosent Lamiyə Xanmuradovanı (Gəncə Dövlət Universiteti) daxil etmək olar.  Bu illər ərzində pedaqogika kafedrası 17 elmi-praktik konfrans keçirmişdir. Bunlardan son illərdə görülənlərin bəzilərini gündəmə gətiririk: “Çağdaş dövr və təhsil” Respublika elmi konfransı  (4 may 2017-ci il); Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Təhsildə tarixilik və müasirlik” X Ümumrespublika  elmi-praktik konfransı (8 may  2018-ci il); Böyük Çex mütəfəkkiri, pedaqoqu Yan Amos Komenskiyə həsr edilmiş  “Təhsil: klassik və müasir yanaşmalar”    beynəlxalq konfrans (4-5 aprel  2019-cu il); Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və milli vətənpərvərliyə həsr olunmuş “Müasir təhsilin məzmununda milli - mənəvi və ümumbəşəri dəyərlər”  Ümumrespublika elmi-praktik konfransı (4 may 2021-ci il); Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu  ildönümünə həsr olunmuş “İnsan kapitalının inkişafı və təhsil”  Ümumrespublika elmi-praktik konfransı (5-6 may 2022-ci il); Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir” Ümumrespublika elmi-praktik konfransı (2-3 may 2023-cü il); İrəvan müəllimlər seminariyasının 140 illiyinə həsr olunmuş “İrəvan müəllimlər seminariyası: tarixilik və müasirlik” respublika elmi konfransı (23-24 noyabr 2022-ci il) və s. göstərmək olar.

Kafedra Dünyanın bir sıra ölkələri ilə   Uludağ Universiteti, Nanjing Normal Universiteti, Y.A.Komenski adına beynəlxalq pedaqoji muzey və kitabxana, Rusiya Dövlət Universiteti, Yalova Üniversiteti, Dokuz Eylül Üniversitesi, Türkiye Üsküdar Üniversiteti, Gümüşhane Universiteti, Karabük Universiteti  ilə əməkdaşlığını davam etdirir.

Kafedra əməkdaşları bu gün də öz elmi-pedaqoji fəaliyyətlərini inamla davam etdirir, müstəqil, azad və suveren respublikamızın gələcəyi naminə gənc nəslin təlim– tərbiyəsi işini günün tələbləri səviyyəsində qururlar.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət