Psixologiya kafedrasının tarixi

“Psixologiya” kafedrasının tarixi 1920-ci ildən başlayır. O zamanlar psixologiya fənni Azərbaycan Dövlət Universitetinin  tarix-filologiya şöbəsində, eləcə də 1922-1923-cü ildə yaradılan şərqşünaslıq fakültəsində tədris olunurdu  və “Psixologiya” kafedrasına A.O.Makovelski rəhbərlik edirdi. Həmin dövrdə psixologiya üzrə milli kadrların hazırlanması başlayır. Universitetin professor-müəllim heyətinin fəaliyyətinin məhsuldarlığı elə ilk illərdən ona gətirib çıxardı ki, onun yaranmasından bir neçə il sonra tədris doğma Azərbaycan dilində aparılırdı.

1947-1948-ci tədris ilində ADU-nun Filologiya fakültəsi nəzdində “Məntiq və psixologiya” şöbəsi açılır. Kadr hazırlığını yerinə yetirmək üçün yeni kafedra - «Məntiq və psixologiya» kafedrası yaradılır və ona fəlsəfə elmləri doktoru, professor A.O.Makovelski rəhbərlik edir. A.O.Makovelski kafedradaya Q.Şaxtaxtinskini, F. İbrahimbəyovu, V.Mustafayevi, F.Zəkizadəni psixologiya fənnini tədris etməyə dəvət edir. “Görkəmli Azərbaycan psixoloqları prof. Ə.S.Bayramov, prof. Ə.Ə.Əlizadə, prof. Ə.Ə.Qədirov, prof. Q.E.Əzimov və başqaları həmin şöbənin ilk məzunları idilər.

1960-cı ildən ayrılıqda fəaliyyət göstərən “Pedaqogika” kafedrası ilə “Psixologiya” kafedrası birləşir və yeni kafedraya prof. M.C.Məhərrəmov rəhbərlik edir. O, bu kafedraya 1960-1970-ci illərdə rəhbərlik edir. Görkəmli alim və bacarıqlı təşkilatçı prof. M.C.Məhərrəmovun kafedraya rəhbərlik etdiyi müddətdə elmi-pedaqoji kadrların hazırlanmasına, məktəb praktikasındakı problemlərin həll edilməsinə əzmkarlıqla çalışır. Prof. M.C.Məhərrəmovun elmi axtarışları çoxcəhətli olmuşdur. Belə ki, o, Azərbaycan psixoloji fikir tarixinə dair uğurlu tədqiqatlar aparmış, ali məktəblər üçün dərs vəsaitlərinin və dərsliklərin, ilk dəfə olaraq izahlı psixoloji lüğətinin yaradılmsına  nail olmuşdur.

1971-ci ildən 1991-ci ilə kimi “Pedaqogika və psixologiya” kafedrasına, 1991-ci ildən 1997-ci ilə kimi isə müstəqil “Psixologiya” kafedrasına psixologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramov (1930) rəhbərlik etmişdir. O, 1974-1991-ci illərdə SSRİ “Psixologiya Cəmiyyəti” Azərbaycan şöbəsinin sədri olmuşdur. Prof. Ə.S.Bayramov Azərbaycanda etnopsixologiyanın yaradıcısıdır. O, 1996-cı ildə «Etnik psixologiya məsələləri» əsərini nəşr etdirmişdir. Professor Ə.S.Bayramov 1991-ci ildə Bakı Dövlət Universitetində yeni yaradılmış «Sosial elmlər və psixologiya» fakültəsinin ilk dekanı seçilmişdir.

1970 -1990-cı illərdə kafedrada prof. Ə.S.Bayramovun rəhbərliyi altında vahid psixoloji və pedaqoji tədqiqatlar kompleksi yaradılmışdır. Professor Ə.S.Bayramov 300-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, məqalə və tezisin müəllifidir. Professor Ə.S.Bayramov ümumi, sosial, yaş, pedaqoji, etnik, məhkəmə psixologiyasının və Azərbaycanda psixoloji fikrin inkişafı məsələləri ilə məşğul olmuşdur və bu sahələrdə onun sanballı elmi əsərləri vardır. «Sosial psixologiyanın aktual məsələləri» (1986) monoqrafiyası (prof. Ə.Ə.Əlizadə ilə birlikdə), «Sosial psixologiya» (2003, prof. Ə.Ə.Əlizadə ilə birlikdə), «Etnik psixologiya» (2001), «Psixologiya» (1989; 2002, prof. Ə.Ə.Əlizadə ilə birlikdə), «Psixoloji düşüncələr» (1994),  “Məhkəmə psixologiyası” (1986), «Kitabi-Dədə Qorqud» dastanlarında etnik-psixoloji xüsusiyyətlərin inikası» və s. ali məktəb tələbələri üçün dərslik və dərs vəsaitlərinin çap etdirilməsi prof. Ə.S.Bayramovun gərgin əməyinin məhsuludur.

1993-cü ildə respublikamızda ilk dəfə olaraq, Bakı Dövlət Universitetinin nəz­dində psixologiya ixtisası üzrə ixtisaslaşdırılmış Dissertasiya şurası yaradıl­mışdır. Dissertasiya şurasının tərkibinə “Psixologiya” kafedrasının əməkdaşlarının əksəriyyəti cəlb olunmuşdur.

1997-ci ildə (2020) “Psixologiya” kafedrasına AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, prof. Bəxtiyar Həmzə oğlu Əliyev (1961) kafedra müdiri seçilir.

AMEA-nın müxbir üzvü, prof.Bəxtiyar Əliyev tərəfindən Azərbaycanda ilk dəfə olaraq 1999-cu ildə «Psixologiya jurnalı» təsis edilmiş və elə həmin dövrdən hal-hazıra kimi onun baş elmi re­dak­to­rudur. Jurnalda «Şəxsiyyət psixologiyası», «Klinik psixologiya», «Pedaqoji psixologiya», «Hüquq psixologiyası», «Psixologiya tarixi» bölmələri adı altında ciddi elmi dəyərə malik məqalələr çap olunur. “Psixologiya” kafedrasının əməkdaşları müntəzəm olaraq jurnalda məqalələrlə çıxışlar edirlər.

2005-ci ildə onun təşəbbüsü və rəh­bərliyi altında ilk dəfə olaraq psixo­lo­gi­ya elminin rəsmi internet saytları yara­dıl­mışdır (www.psixologiya.az, psixologiya.net). Həmin saytlarda psixologiya üzrə ayrı-ayrı fənlər üzrə dərsliklər, proqramlar, metodik göstərişlər, suallar yerləşdirilmiş və tələbə, doktorant və müəllimlərin istifadəsinə verilmişdir. Azərbaycan psi­xologiya elminin təbliğində, dün­­ya psixologiya elminə inteqrasiyasında jur­na­lın və rəsmi saytın əhəmiyyətli ro­lu vardır.

2021-2022-ci illərdə psixologiya kafedrasına professor Rəna Həmid qızı Qədirova rəhbərlik edib. Rəna Qədirova 1980-ci ildən BDU-nun psixologiya kafedrasının müəllimidir. 1999-cu ildə BDU-nun psixologiya kafedrasının dosenti seçilib. O, 1994-cü ildə “Bədii mətnlərin mütaliəsi psixoloji təhlilin predmeti kimi” mövzusunda namizədlik dissertasiyası, 2009-cu ildə “Azərbaycanlı uşaq və yeniyetmələrin milli identikliyinin inkişafının sosial-psixoloji problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2013-cü ildən psixologiya kafedrasında professor vəzifəsində çalışır. Bir sıra beynəlxalq seminar və konfranslarda iştirak edib. 3 beynəlxalq elmi tədqiqat layihəsinin iştirakçısı olub. 2 monoqrafiyanın, 90 elmi məqalə və tezisin, 2 dərsliyin, 1 dərs vəsaitinin, 5 metodik vəsaitin, tədris etdiyi fənlərə uyğun  15 proqramın  müəllifidir.

2022-ci ilin fevral ayından kafedraya Psixologiya kafedrasının dosenti Səxavət Əliyeva rəhbərlik edir. Hal-hazırda kafedrada iki nəfər psixologiya üzrə elmlər doktoru, professor (Rəna Həmid qızı Qədirova, Elnarə İbrahimqızı Şəfiyeva), bir nəfər psixologiya üzrə elmlər doktoru, dosent (İmdad Mustafa oğlu Bayramov), yeddi nəfər psixologiya üzrə fəlsəfə doktoru, dosent (Səxavət Nəsrəddin qızı Əliyeva, Təranə Tofiq qızı Babayeva, Sevinc Ağavəli qızı Allahyarova, Aydan Firudin qızı Səməndərova, Sevinc Yəhya qızı Quliyeva, Azər Məhəmməd oğlu Mustafayev, Yamən Əziz qızı Vəliyeva), iki nəfər psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim (Kamilə Qinyaz qızı Kazımova, Aida Kazım qızı Mirzəyeva), iki nəfər psixologiya üzrə fəlsəfə doktoru,  müəllim (Validə İbad qızı Vəliyeva, Nigar Ruslan qızı Nəsirova,) beş nəfər müəllim (Mariam Abdurəhmanovna Mustafayeva, Günel Oqtay qızı Şahinzadə, Elşən Misirxan oğlu Sadıqov, Emiliya Şahruddin qızı İgidova, İlahə Dilxoş qızı Hacıyeva) bir nəfər böyük laborant (Xatirə Məhyəddin qızı Musayeva), bir nəfər laborant (Aytən İlham qızı Alışanlı) öz elmi və pedaqoji fəaliyyətlərini davam etdirirlər.

Kafedranın əməkdaşları həmçinin əksər fakültələrdə psixologiya fənnini, sosial elmlər və psixologiya fakültəsində isə ixtisas kafedrası kimi sahə psixologiyalarını tədris edir.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət