Cəmiyyətin qayğıya ehtiyacı olan insanları ilə işləmək, onların problemləri ilə professional səviyyədə məşğul olmaq üçün sosial işçi kadrların hazırlanmasına böyük ehtiyac olduğundan 2005-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsilin magistratura pilləsi üzrə Sosial iş ixtisası açılıb. 2008-ci ildə ölkəmizdə bu istiqamətdə mütəxəssis ehtiyacını təmin etmək məqsədilə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsilin bakalavr pilləsi üzrə də kadr hazırlığına başlanılıb. Hər il Bakı Dövlət Universitetinin sosial iş ixtisasına bakalavr üzrə 100-dən çox tələbə, magistratura üzrə 10 nəfərdən yuxarı tələbə qəbulu həyata keçirilir. Bu gün BDU-da sosial iş ixtisasına 3 dil bölməsi üzrə – Azərbaycan, rus, ingilis - tələbə qəbulu həyata keçirilir. Eyni zamanda, sosial iş ixtisası üzrə qiyabi və əlavə təhsil də fəaliyyət göstərir. Hazırda sosial iş ixtisasında 400 nəfərdən çox tələbə və 20 nəfərdən yuxarı magistrant təhsil alır. Sosial iş üzrə təhsilin magistratura pilləsi üzrə 2 ixtisaslaşma üzrə - Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, Gənclərlə iş ixtisasları üzrə qəbul həyata keçirilir.
Sosial iş ixtisası üzrə kadr hazırlığının keyfiyyətini artırmaq sosial işi elmi səviyyədə ölkəmizdə institutlaşdırmaq məqsədilə 03.11.2016-cı ildə BDU-nun Elmi Şurası Sosial iş kafedrasının açılması haqqında qərar qəbul edib. BDU-nun rektorunun 11.07.2017-ci il tarixli, R-75 saylı əmri ilə Sosial iş kafedrası yaradılıb və onun strukturu formalaşdırılıb. Fəaliyyət göstərdiyi müddət ərzində kafedra elmi-metodiki və tədris vəsaitlərinin nəşr olunması istiqamətində mühüm addımlar atıb. Kafedra əməkdaşları tərəfindən 6 dərs vəsaiti, 20 fənn proqramı, 50-yə yaxın məqalə nüfuzlu jurnallarda nəşr olunub. Eyni zamanda kafedra əməkdaşları tərəfindən ABŞ-ın nüfuzlu universitetlərinin professorlarının “Sosial işin etik prinsipləri” Keys menecment, Rusiya AMEA-nın akademiki Firasovun Sosilal işin Nəzəriyyəsi və təcrübəsi dərsliyi Azərbaycan dilinə təcümə olunaraq BP-nin sosial layihələrə dəstək proqramı çərçivəsində nəşr olunmuşdur. Kafedra sosial iş ixtisasında təhsil alan tələbələrin motivasiyasının artırmaq, tədris keyfiyyətini yüksəltmək məqsədilə bütün kurslar üzrə ayrı-ayrı fənlər üzrə praktik bilgiləri olan sahə mütəxəssislərini, eləcə də nüfuzlu Avropa, Asiya, Qərb universitetlərinin professorlarının ustad dərslərini təşkil edilib. Kafedra müvafiq nazirliklər, dövlət və qeyri-dövlət sektorunun sosial işlə bağlı peşəkarlarının, eləcə də xarici ölkə universitetlərinin ( o cümlədən SİMBA-IASSW-nin prezidenti Anna Mariya Kampanini, Hindistanın İndora universitetinin professoru Rita Sonavatı, Yüksək Avstriya Universiteti tətbiqi elmlər, tətbiqi səhiyyə, sosial elmlər məktəbinin sosial iş üzrə magistr proqramının rəhbəri professor Kristian Starkın ) nüfuzlu alimlərinin ustad dərslərini təşkil edib.
BDU-nun Sosial iş kafedrasının açlışından sonra ixtisas üzrə tədrisin keyfiyyətində əsaslı dönüş yaranıb, sosial iş istiqaməti üzrə beynəlxalq əlaqələr üçün geniş imkanlar açılıb. Sosial iş, təhsilinin inkişafı, tədqiqat, xidmət və ictimai vəkillik vasitəsilə sosial inkişafın təşviq olunmasını fasilitasiya edən beynəlxalq və regional təşkilatlarla əlaqələr BDU-da sosial iş ixtisasının inkişafına töhvə verə biləcəyi şübhəsizdir. Belə beynəlxalq təşkilatlardan biri də Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasıdır (SİMBA-IASSW ). 13.04.2018-ci il tarixində BDU-nun “Sosial iş” kafedrası SİMBA-ya tam hüquqlu üzv qəbul edildi. Eləcə də tələbələrin praktikasının yüksək səviyyədə təmin etmək məqsədilə müxtəlif strukturlarla o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclis, Ailə Qadın və Uşaq komitəsi, QHT-lərlə müqavilə bağlayaraq tələbələrin praktikasını təşkil edib. Kafedra əməkdaşlarının bacarıq və vərdişlərini, biliklərini təkmilləşdirmək məqsədilə yerli və beynəlxalq ekspertlərin təlimlərini təşkil edib (Beynəlxalq Miqrasiya Təşkilatı, Unicef).
Kafedra fəaliyyətə başladığı vaxtdan sonra Sosial iş üzrə indeks almaq üçün Nazirlər Kabinetinə müraciət edilib və buna müvəffəq olunub. Bu vaxta qədər kafedra 7 nəfər doktorant qəbulu həyata keçirib. Ümumilikdə transferlərlə birlikdə kafedranın 10-dan çox doktorantı var. Onlardan biri dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.
Kaferdranın dərs yükünü hazırda 1 tam ştat, 6 yarım ştat əməkdaşı, bununla yanaşı 42 saathesabı əməkdaşı realizə edir. Kafedraya dosent Şəfiyev Üzeyir Atamalı oğlu rəhbərlik edir. Hazırda kafedrada Şəfiyev Üzeyir Atamalı oğlu (dosent), Abbasova Qızılgül Yasin qızı (professor), Məmmədova Rəna Oktaedr qızı (dosent), İsmayılova Eliza Sahadulla qızı (baş müəllim), Buqadinova Ramina Abusalat qızı (müəllim), Tağıyeva Tərlan Mirzəkərim qızı (müəllim) çalışırlar. Kafedra əməkdaşları sosial sferaya aid olan müxtəlif problematika üzrə KİV-lərlə və dövlət qurumları ilə əməkdaşlıq edirlər.
Sosial işçi kadrlarının hazırlığında keyfiyyət göstəricilərini artırmaq, sosioloji tədqiqatlar vasitəsilə sosial işin elm sahəsi kimi öyrənilməsi və inkişaf etdirilməsi üçün BDU rektorunun 14.09.2017-ci il tarixli əmri ilə Sosioloji tədqiqatlar Elmi Tədqiqat Laboratoriyası Sosial iş kafedrasının nəzdinə keçirilib.
Hazırda Sosioloji tədqiqatlar Elmi Tədqiqat Laboratoriyasında üç nəfər əməkdaş - Əliyev Rəcəbəli Həciağa oğlu (fəlsəfə üzrə fəlsəfə doktoru), Abbasova Mətanət Məmməd qızı (fəlsəfə üzrə fəlsəfə doktoru), Xəlilqızı Aygün Xəlil qızı (fəlsəfə üzrə fəlsəfə doktoru) çalışır.