Fəlsəfə kafedrasının tarixi

Fəlsəfə kafedrası 1945-ci ildə BDU-nun Marksizm-Leninizm kafedrasının bazasında yaradılıb. Kafedranın yaranması Azərbaycanda fəlsəfə elmi məktəbinin əsasını qoyan akademik Heydər Hüseynovun (1908-1950) adı ilə bağlıdır. H.Hüseynov kafedra müdiri olduğu müddətdə Tarix fakültəsinin nəzdində Fəlsəfə şöbəsinin yaranmasına nail olub. Bu şöbə Azərbaycanda fəlsəfə elminin inkişafına xüsusi təkan verib. Akademik H.Hüseynov tarix və fəlsəfə elmlərinin inkişafına böyük töhfələr verib. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında geniş tədqiqat işləri aparıb.

H.Hüseynov 1940-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktatını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını elan edib. Milli ruhda yazdığı “XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən” kitabı elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, Dövlət Mükafatına layiq görülüb. 100-dən çox elmi əsərin, o cümlədən 1930-cu illərdə Əhməd Ağa ilə birlikdə Azərbaycan dilində yazdığı ilk fəlsəfə dərsliklərinin müəllifidir. 

Hüseynov tərəfindən yaradılan elmi məktəb professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906-1963) tərəfindən davam etdirilib. O, 1950-1962-ci illərdə Fəlsəfə kafedrasının müdiri olub. M.Qasımov Azərbaycan fəlsəfi, ictimai-siyasi və estetik fikir tarixi sahəsində sanballı tədqiqatlar aparıb, "Ömər Xəyyam rübailərində materializm" (1947), "V. Q.Belinski XIX əsr rus klassik fəlsəfəsinin görkəmli nümayəndəsidir" (1950), "M.F.Axundov və XIX əsr rus inqilabi-demokratik estetikası" (1954) kimi əsərlərin müəllifidir. 6 cildlik “Fəlsəfə tarixi” dərsliyinin müəlliflərindən biridir. 40-dan artıq elmlər namizədi və elmlər doktoru yetişdirib.

1963-cü ildən Fəlsəfə kafedrasına Fuad Feyzulla oğlu Qasımzadə (1929-2010)  rəhbərlik edib. Akademik F.Qasımzadə 15 monoqrafiyanın, 350-dən çox elmi məqalənin müəllifidir. F.Qasımzadənin professorlar H.Şirəliyev və H.İmanov ilə birlikdə yazdıqları “Dialektik materializm”, “Tarixi materializm” dərslikləri fəlsəfə elmi üzrə respublikamızın alimləri tərəfindən yazılan ilk nümunə olaraq  bütün ali məktəblərdə fəlsəfənin tədrisində əhəmiyyətli rol oynayıb. Alimin elmi yaradıcılığında “Zülmətdə nur” və yaxud “Füzulinin fəlsəfi görüşləri”, “İki fenomen” (Dədə Qorqud və Füzuli) və “Qüdsi haqqında düşüncələr” monoqrafiyaları əhəmiyyətli yer tutur. Akademik F.Qasımzadə 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2000-ci ildə “Şöhrət” və  2009-cu illərdə “İstiqlal” ordenləri ilə təltif edilib. Onun rəhbərliyi ilə 70-dən artıq elmlər namizədi və elmlər doktoru hazırlanıb.

1976-cı ildə Fəlsəfə kafedrasının bazasında Dialektik materializm və Tarixi materializm kafedraları yaradılıb. Dialektik materializm kafedrasına akademik Fuad Qasımzadə, Tarixi materializm kafedrasına professor Həmid İmanov rəhbərlik edib. 1988-ci ildən Dialektik materializm kafedrasının bazasında Təbiət fakültələri üzrə fəlsəfə kafedrası, Tarixi materializm kafedrası bazasında isə Humanitar fakültələr üzrə fəlsəfə kafedrası təşkil edilib. Həmin kafedralar 1999-cu ilin iyunundan Sosial elmlər və psixologiya fakültəsinin tabeliyinə keçib. 2010-cu ildə bu iki kafedranın bazası əsasında Fəlsəfə kafedrası təşkil edilib. Kafedraya ömrünün sonuna kimi professor Həmid Rza oğlu İmanov  (1932-2011) rəhbərlik edib.

Professor H.İmanov 20-dən çox kitabın (“Etnik dinlər və dünya dinləri”, “İnsan amili, mahiyyəti və fəallaşdırılması yolları”, “Xalq kütlələrinin və şəxsiyyətin tarixdə rolu”), 300-dən çox məqalə və tezisin müəllifidir. “Orta əsrlərdə İslam Şərqində fəlsəfi fikir” kitabında Orta əsrlərdə İslam Şərqində fəlsəfi fikrin bir çox problemləri öz əksini tapıb. Monoqrafiya 2011-ci ildə həm də Almaniyada nəşr olunub. Professorun  “Fəlsəfə”, “Fəlsəfənin əsasları”, “Məntiq” və s. kimi dərslikləri nəşr edilmişdir. H.İmanov “Şöhrət ordeni” ilə təltif edilib. Onun rəhbərliyi ilə 60-dan çox elmlər namizədi, 8 elmlər doktoru hazırlanıb.

2011-2017-ci illərdə Fəlsəfə kafedrasının müdiri dosent Hüseyn Qaraxan oğlu Məmmədov olub.

2019-cu ildən Fəlsəfə kafedrasının müdiri dosent Kəmalə Həsən qızı Pənahovadır.

Fəlsəfə kafedrasının tarixində Cəmil Teymur oğlu Əhmədli, Fərman Qəhrəman oğlu İsmayılov, Vahid  Məcid oğlu Kərimov  kimi professorların xüsusi xidməti olub.

Professor C.Əhmədli (1931-2010) 1990-cı ildən 2000-ci ilə qədər Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasının müdiri olub. Bu kafedranın əsas  prioriteti fəlsəfə və sosiologiya ixtisasları üzrə kadrların hazırlanması idi. O, 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət ordeni” ilə təltif edilib.

C.Əhmədli 16 monoqrafiyanın, 400-dən artıq elmi məqalənin, o cümlədən “Azərbaycan Sovet Ensiklopediyası”nda çıxmış 54 məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 100-ə yaxın elmlər namizədi, 12 elmlər doktoru hazırlanıb.

Professor Fərman Qəhrəman oğlu İsmayılov (1936-2018) “Müasır Qərb fəlsəfəsi", "XX əsr fəlsəfəsinə dair oçerklər", "İnsan və dünya", "Klassik psixoanalizin əsasları", “Rene Dekart”, “Frensis Bekon”, “Müqəddəs od və yaxud fəlsəfənin fəlsəfəsi” adlı kitabların, 6 cildlik “Seçilmiş əsərlər”in müəllifidir.

Professor Vahid Məcid oğlu Kərimov (1933-2019)  8 kitabın, 1 dərsliyin, 100-dən artıq məqalənin müəllifidir. “Kəmiyyət və keyfiyyət dəyişmələrinin dialektikası”, “Fəlsəfədə və təbiətşünaslıqda varlıq və materiya problemi” adlı monoqrafiyalar, “Müasir təbiətşünaslığın konsepsiyaları”, “Müasir fizikanın paradiqmaları və metodoloji prinsipləri (məntiqi-qnoseoloji təhlil)” adlı kitablar bu qəbildəndir.  

Hal-hazırda fəlsəfə kafedrasında 1 nəfər professor - Fikrət Məmməd oğlu Əfəndiyev, 8 nəfər dosent - Arif İslam oğlu Tağıyev, Aybala Firudin qızı Namazova, Kəmalə Həsən qızı Pənahova, Hüseyn Qaraxan oğlu Məmmədov, İslam Əhmədağa oğlu İslamov, Nərminə Eldar qızı Mikayılova,  Aygün Xəlil qızı , Nərgiz Həmid qızı Məcidova, 3 nəfər baş müəllim – Gülnarə Yusif qızı Yusifova, Azər Muxtar oğlu Allahverdiyev, Nəzakət İsfəndiyar qızı Kərimova, 1 nəfər fəlsəfə üzrə fəlsəfə doktoru, müəllim Oqtay Hüseyn oğlu Hüseynli, 1 nəfər müəllim - Elmar Nəbi oğlu Hüseynov, 2 nəfər böyük laborant - fəlsəfə üzrə fəlsəfə doktoru Rüxsarə Muxtar qızı Səmədova,  Zeynəb Gülverdi qızı Paşayeva, 1 nəfər laborant - Esmira Kərəm qızı Hüseynova fəaliyyət göstərirlər.

Fəlsəfə kafedrasının müəllimləri Bakı Dövlət Universitetinin bütün fakültələrində bakalavr və magistratura pilləsində Fəlsəfə, bəzi fakültələrdə Məntiq  fənnini tədris edirlər. Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə ixtisası üzrə kadr hazırlığı kafedranın əsas istiqamətlərindən biridir.

Kafedrada  elmlər doktoru proqramı üzrə 4, fəlsəfə doktoru proqramı üzrə isə 3 doktorant və 2 dissertant hazırlanır.

Fəlsəfə kafedrasında tədris olunan fənlər üzrə proqramlar, metodik vəsaitlər, dərsliklər hazırlanıb çap olunub. Son illər ərzində kafedranın əməkdaşlarından  F.M.Əfəndiyevin “О природе первоматерии” adlı kitabı, dosent A.Tağıyevin “Fəlsəfə” dərsliyi, dosent A.Tağıyev və dosent H.Məmmədovun həmmüəllif olduqları “Antropologiya” dərsliyi, dosent K.Pənahovanın “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” monoqrafiyası, dosent N.Mikayılovanın “İdrak nəzəriyyəsi, qnoseologiya və epistemologiya” dərs və metodik vəsaiti, fəlsəfə üzrə fəlsəfə doktoru N.Kərimovanın “Təhsilin fəlsəfəsi” dərs vəsaiti, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent əvəzi N.Məcidovanın “Şəxsiyyətin azadlığı və məsuliyyəti” dərs vəsaiti və “Qocalmanın təbiəti fəlsəfi problem kimi” monoqrafiyası, dosent əvəzi A.Xəlilqızının“Təbii və sosial sistemlərin inkişaf dinamikası” dərs vəsaiti və “Dini şüurun strukturu və funksiyaları” monoqrafiyası, E.Hüseynovun ingilis dilində “Fəlsəfi yazılar”, “Məntiq”, “Fəlsəfənin əsasları”, “Mülahizələr məntiqi”, "Ontologiya" adlı kitabları nəşr olunub. 

Kafedranın elmi istiqamətini sosial fəlsəfənin və təbiət fəlsəfəsinin bir çox aktual problemlərinin araşdırılması təşkil edir. Son illər ərzində cəmiyyətin mənəvi həyatının elementlərinin, onun təşəkkülü və təkamülü tarixinin elmi cəhətdən tədqiqi, fəlsəfi antropologiyanın müasir problemlərinin, idrakın ontoloji səpkilərinin, metodoloji problemlərinin, sosial idrakın mahiyyəti və özünəməxsusluğunun və yeni biliklərin yaranmasında əhəmiyyətinin araşdırılması kafedra əməkdaşlarının  tədqiqat sahəsini təşkil edib. 

Kafedranın əməkdaşları “Fəlsəfə və dünyanın müasir elmi mənzərəsi” problemini də tədqiq ediərək,  dünyanın müasir elmi mənzərəsinin formalaşmasının fəlsəfi təhlilini verməyə səy göstəriblər. Bununla əlaqədar olaraq sinergetika və insanın təbiətlə yeni elmi dialoqu, dünyanın müasir elmi mənzərəsinin noosfera konsepsiyası, dünyanın fiziki mənzərəsində nisbilik prinsipi, təbii elmi biliklərin aksioloji aspekti, dünyanın müasir elmi mənzərəsində fəlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsi kimi problemlər araşdırılıb. Eyni zamanda dil və təfəkkürün vəhdəti haqqında müasir təsəvvürlər, postqeyri-klassik elmin inkişafının fəlsəfi əsasları, Lütfi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun praktik tətbiqləri, elmi idrakın formaları və metodları, rasionallıq və qeyri-rasionallığın idrakda vəhdəti, müasir neyro-fəlsəfənin inkişaf istiqamətləri, tarixi prosesə formasion və sivilizasion yanaşma, tarixin prosesin paradiqmaları, dünyanın elmi və dini mənzərəsi kimi problemlər kafedra əməkdaşlarının tədqiqat obyektini təşkil edir.

Hal-hazırda Fəlsəfə kafedrasının əməkdaşları “Mənəvi mədəniyyət sistemində ictimai şüurun yeri” mövzusu üzərində tədqiqat aparırlar. İctimai şüurda müasir dövrün problemlərinin inikasını, ənənəvi ictimai şüurda transformasiya proseslərini, dəyər paradiqmalarının dəyişilməsi şəraitində ictimai şüurda baş verən dəyişiklikləri, müasir cəmiyyətdə ideologiyanın rolunu  tədqiq etmək qarşıya qoyulub.

Əsas məqsəd müasir cəmiyyətdə  ictimai münasibətlərdə baş verən dəyişikliklərin ictimai şüurda əks olunması proseslərini,  ictimai şüurun müxtəlif formaları arasında qarşılıqlı əlaqələrin dialektikasını, ictimai şüurda rasionallıq və qeyri-rasionallığın nisbətini araşdırmaq, mənəvi mədəniyyət sistemində ictimai şüurun yerini tədqiq etməkdir. 

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət