Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının əsası S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rektoru Yəhya Məmmədovun 1971-ci il 4 dekabr 685 №-li əmrinə əsasən qoyulub. İlkin adı “Elmi ateizm” olan kafedraya sonradan “Elmi ateizm tarixi və nəzəriyyəsi” adı verilib. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının 1989-cu il 31 oktyabr tarixli 2 №-li qərarına əsasən “ Fəlsəfə tarixi, dinin və ateizmin nəzəriyyəsi” kafedrası yaradılıb. 1990-cı ildə bu kafedra “Fəlsəfə,din və ateizm tarixi” adını daşıyıb. Tədris planlarına dinşünaslıq kursunun daxil edilməsi ilə əlaqədar olaraq onun adı yenidən dəyişdirilərək, “Fəlsəfə tarixi və dinşünaslıq” kafedrası adlandırılıb. Dinşünaslıq fənninin respublikanın ali məktəblərinin tədris planlarından çıxarılması və onun mədəniyyətşünaslıq kursu ilə əvəz edilməsi ilə əlaqədar olaraq kafedranın adı yenidən dəyişdirilib. 1997-ci ildən ona “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrası adı verilib. Kafedra 1999-cu ilin iyun ayından fakültənin tabeliyinə keçirilib. Bu illər ərzində kafedraya professor Qədim Mustafayev, professor Məmmədəli Zeynalov rəhbərlik edib. Hal-hazırda “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasına fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova rəhbərlik edir. O, 1978-ci ildən ADU-da (indiki BDU) işləyir.
1972-ci ildən 1990-cı ilə qədər kafedrada bir sıra görkəmli alim və pedaqoqlar fəaliyyət göstərib. Bunlardan Pənah Mahmudov,Musa Mehdiyev, Nailə Faradova,Duman Cəfərov olublar.
Hazırda kafedrada 10 əməkdaş, o cümlədən 1 professor, 6 dosent, 2 dosent əvəzi, 1 müəllim çalışır.
Şərq və Qərb fəlsəfəsinin başlıca xüsusiyyətlərinin, xüsusilə Azərbaycan fəlsəfi fikir tarixinin araşdırılması sahəsində diqqət çəkən uğurlar qazanmış bu kafedra öz fəaliyyət spektri etibarilə demək olar ki, bütün fakültələrdə fəlsəfə tarixi və mədəniyyətşünaslığa dair fənlərin tədrisini həyata keçirir. Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professor-müəllim heyəti “Fəlsəfə tarixinin və mədəniyyətşünaslığın aktual problemləri” mövzusuna uyğun olaraq bir sıra istiqamətlərdə elmi-tədqiqat işləri aparır.
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası müvafiq elm-təhsil müəssisələri və müvafiq dövlət qurumları ilə sıx elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Kafedra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Tibb Universitetinin İctimai fənnlər kafedrası ilə birgə tədqiqatlar aparır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan tədbirlərdə, “Simurq” Azərbaycan Mədəniyyət Assosiyasiyasının “Gender və mədəniyyət” departamentinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlərdə iştirak edir.
Hər il kafedrada, “Fəlsəfə tarixi” ixtisası üzrə 3-8 magistrant dissertasiya işlərini müdafiə edərək magistr dərəcəsinə yiyələnir. Kafedrada son illər ərzində 30-dan artıq dərslik və dərs vəsaiti, 300-dən artıq elmi məqalə dərc edilib. Kafedranın professor-müəllim heyəti 150-dən çox Beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirak edib. Kafedranın əməkdaşları Şöhrət ordeni, xatirə medalı, Respublika fəxri fərmanı və s. ilə təltif ediliblər. Eyni zamanda, Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar kafedranın bir çox əməkdaşı mükafatlandırılıb.