Musayev Mayis Güləhməd oğlu 1982-ci il fevral ayının 3-də (Qərbi Azərbaycan) indiki Ermənistan Respublikası, Amasiya rayonunun Göllü kəndində ziyalı ailəsində anadan olub. Məlum hadisələrlə əlaqədar olaraq, 1988-ci ilin dekabrından etibarən Bakıda məskunlaşıb. 1989-1999-cu illərdə Nəsimi rayonundakı 19 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra elə həmin il Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsinin Politologiya ixtisası üzrə bakalavr pilləsinə qəbul olunub. 2003-2004-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Bakı Dövlət Universitetində magistratura pilləsində təhsilini davam etdirib. 2004-2006-cı illərdə BDU-nun Politologiya və Sosiologiya kafedrasında Milli Təhlükəsizlik və Siyasi Strategiya ixtisası üzrə magistratura təhsili alıb. 2007-ci ildə Bakı Dövlət Universitetində “Siyasi nəzəriyyə” ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub. “Xəzəryanı dövlətlər müasir geostrategiyada” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. Dissertasiya işi ilə əlaqədar olaraq yerli və beynəlxalq elmi jurnallarda 20 dən artıq məqalə, tezis və konfrans materialının müəllifidir. Təhsil aldığı müddətdə və ondan sonra da ictimai fəaliyyətlə məşğul olub. 2002-ci ilin sentyabrından 2003-cü ilin iyul ayınadək “Ümid Yeri” Cəmiyyətində ictimaiyyətlə əlaqələr üzrə katib, 2004-2005-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), 2004-2008-ci illərdə isə Azərbaycan Könüllülər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Departamentinin rəhbəri vəzifələrində çalışıb. 2005-2008-ci illərdə “İrəli” Ümumrespublika Gənclər Hərəkatının mətbuat katibi, həmçinin Hərəkatın orqanı olan “İrəli-press” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə bitərəf qaydada iştirak edib və 2009-2014-cü illərdə Nəsimi rayon bələdiyyəsinin üzvü olub. Əmək fəaliyyətinə İctimai Televiziya və Radio Yayımları Şirkətində başlayıb. 2005-ci ilin sentyabr ayından 2007-ci ilin sentyabr ayına qədər İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıb. 2007-ci ilin oktyabrından 2009-cu ilin sentyabr ayına qədər “The First News” İnformasiya Agentliyində müxbir işləyib, həmin dövrdə müxtəlif Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq edib. 2008-2009-cu illərdə aylıq nəşr olunan “Yuva” ailə-uşaq jurnalının redaktor və məsul katibliyini həyata keçirib. 2009-cu ilin sentyabr ayından 2018-ci ilin iyul ayınadək Azərbaycan Güləş Federasiyasının mətbuat katibi işləyib. 2018-ci ilin iyul ayından 2021-ci ilin aprel ayınadək Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ilin aprel ayından hazırki dövrə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya Departamentinin müdiri vəzifəsində çalışır. 2015-ci ildə İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi, 2016-cı ildə isə Azərbaycan Mətbuat Şurası, “Olimpiya Dünyası” qəzeti və “Olimpsport” jurnalının birgə keçirdiyi sorğunun nəticələrinə əsasən “İlin mətbuat katibi” seçilib. Ailəlidir, iki övladı var.
MUSAYEV MAYIS
MUSAYEV MAYIS
Dövlət Məşğulluq Agentliyi, Strateji kommunikasiya departamentinin müdiri