19 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Ekoloji problemlərin sosial işə təsiri” mövzusunda distant görüş keçirilib. Dünya Sosial iş Gününə həsr olunan görüşdə Agentliyin nümayəndələri, ali təhsil ocaqlarının və kolleclərin rəhbər şəxsləri, müəllim heyəti, eləcə də sosial işçilər iştirak ediblər. Görüşdə Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi “Sosial iş“ kafedrasının müdiri dosent Üzeyir Şəfiyev “İqlim dəyişiklikləri sosial problem kimi“ mövzusunda çıxış edib. O, Azərbaycanda və dünyada baş verən iqlim dəyişiklikləri, iqlim dəyişikliklərinin sosial proseslərə təsirindən danışıb. Eyni zamanda bildirdi ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyətinin qlobal səviyyədə təqdir edilməsidir. Xarici ekspertlər Azərbaycanın külək və günəş enerjisinə investisiyalar ilə yaşıl gündəliyə sadiqliyini, Xəzər dənizindəki külək stansiyalarından əldə edilən yaşıl enerjinin Avropaya ötürülməsi üçün Qara dənizdən sualtı elektrik kabelinin çəkilməsi istiqamətində tədbirləri və COP29 barədə yüksək gözləntilərin olduğunu xüsusi vurğulayıb.
***
02 aprel 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasında təhsil alan I kurs tələbələrinə ustad dərsi keçib. Ustad dərsi Sosial Xidmətlər Agentliyi ilə BDU arasında imzalanmış memoranduma uyğun olaraq keçirilib. Dərsdə tələbələrə sosial xidmətin mahiyyəti, mexanizmi, keys menecment prosesi izah olunub, sosial işçilərin bu istiqamətdə missiyasından bəhs edilib. Ustad dərsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Monitorinq, təhlil və akkreditasiya şöbəsinin müdiri Pərvanə Mövsümova, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev və kafedranın əməkdaşları da iştirak ediblər. Dərsdə tələbələrə sosial xidmət sferası üzrə müxtəlif keyslər əsasında iş mexanizmi, sosial işçilərin yumşaq və sərt bacarıqları, nəzəri biliklərin praktikada tətbiqi istiqamətləri barədə məlumat verilib. Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, sosial xidmət müəssisələrinə infoturların təşkil edilməsi, Sosial Xidmət Agentliyinin əməkdaşlarının maraq göstərən və ehtiyacı olan tələbələrə mentorluq xidmətinin göstərilməsi barədə fikir mübadiləsi aparılıb.
***
23 noyabr 2023-cü il tarixində BDU-nun Sosial iş kafedrasının dəvətilə ABŞ-ın Vaşinqton Universitetinin Broun Sosial iş və ictimai səhiyyə fakültəsinin professoru, Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru Maykl Şerraden, Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin həm-direktoru Broun Sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi Lissa Conson, Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin beynəlxalq proqramlarının direktoru Li Zu, Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin aparıcı tədqiqatçısı və Broun Sosial İş və İctimai Səhiyyə fakültəsinin müəllimi Aytəkin Hüseynli kafedranın əməkdaşları, doktorant və magistrantları, eləcə də sosial iş ixtisasında təhsil alan tələbələri ilə görüş keçirilib.