“ARQUMENTASİYA FƏALİYYƏT NÖVÜ KİMİ” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında növbəti elmi seminar keçirilib. Kafedranın baş müəllimi Azər Allahverdiyev “Arqumentasiya fəaliyyət növü kimi” mövzusunda çıxış edib. O, bildirib ki, arqumentasiya insanlarda inam və əqidənin formalaşmasında, ünsiyyət prosesində, bu və ya digər məsələrlə bağlı qərarların qəbul edilməsində əsas rol oynayır. Arqumentasiya problemlərinin hələ qədim zamanlardan filosofların diqqətini cəlb etdiyini bildirən məruzəçi Qədim Yunanıstanda Sokrat, Platon, Aristotel və başqalarının bu sahədə müəyyən tədqiqatlar apardığını qeyd edib: “XX əsrin ortalarından etibarən arqumentasiya problemlərinə olan maraq kəskin şəkildə artmış və bir neçə elmin – məntiq, psixologiya, ritorika, linqivistika, fəlsəfə və s. qovuşağında yeni bir elm sahəsi – arqumentasiya nəzəriyyəsi formalaşmağa başlamışdır”.
Məruzəçi qeyd edib ki, ən ümumi yanaşmaya görə arqumentasiyanın son məqsədi irəli sürülən müddəa ilə bağlı, daha doğrusu, onun məqbul sayılması, qəbul edilməsi ilə bağlı qarşı tərəfdə inam, əqidə, mövqe formalaşdırmaqdır. Məlumdur ki, insanların şüur və davranışına müxtəlif üsullarla təsir göstərmək olar. Bu üsulların bir hissəsi fiziki səciyyə, digər hissəsi isə qeyri-fiziki səciyyə daşıyır. Arqumentasiya nitq vasitəsilə həyata keçirilən fəaliyyətdir və o digər qeyri-fiziki təsir üsullarından məsələn, əmretmə, vədvermə, şirnikləndirmə və digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Arqumentasiyanın spesifikliyi arqumentatorun öz şüurunda respiyentlə, onun imkan və hüquqları ilə bağlı malik olduğu təsəvvürlərlə şərtlənir. Belə ki, arqumentator resipientin iradə azadlığını, onun irəli sürülən müddəanı qəbul edib-etməmək hüququnu tanıyır.
Məruzəçi vurğulayıb ki, arqumentasiyanın rasionallığı, səmərəliliyi onun təşkilinə verilən metodoloji, məntiqi və s. tələblərə ciddi şəkildə əməl edilməsi ilə sıx bağlıdır. Arqumentasiyanın mürəkkəb fenomen olması, arqumentasiya termininin çoxmənalı səciyyə daşıması onun öyrənilməsində bir çox yanaşmaların meydana gəlməsinə səbəb olmuşdur. Bəzi tədqiqatçılar arqumentasiyanı proses kimi, digərləri isə onu nəticə kimi nəzərdən keçirirlər.
Azər Allahverdiyev bildirib ki, arqumentasiya sosial fəaliyyətdir, o digər insanlara ünvanlanır və qarşı tərəfin gətirəcək arqumentlərə reaksiyasını və dialoqu nəzərdə tutur. Arqumentasiya onu qavrayanların məntiqlə, ağılla, kamalla hərəkət edəcəklərini nəzərdə tutur. Onların gətirilən arqumentləri qiymətləndirmək, həmin arqumentləri qəbul və ya rədd etmək hüquqlarını tanıyır.
Diskussiya şəraitində keçən elmi seminarda Fəlsəfə kafedrasının dosentləri Arif Tağıyev və Gülnarə Yusifova çıxış ediblər və qoyulan problemə öz münasibətlərini bildirməklə bərabər, arqumentasiya nəzəriyyəsinin müxtəlif tərəflərinə aydınlıq gətirilməsi istiqamətində geniş müzakirə üçün zəmin yaradıblar. Müzakirənin sonunda meydana çıxan sualların çoxluğu, onların aydınlaşdırılması istiqamətində problemlə bağlı növbəti elmi seminarda bu problemə yenidən qayıtmaqla yeni müzakirələrin açılması zərurəti meydana çıxıb. Yəni növbəti seminarda bu problemlə bağlı müzakirələr davam etdiriləcək.