TƏLƏBƏLƏR "MELİOR KİDS" UŞAQ İNKİŞAF VƏ PSİXOLOGİYA MƏRKƏZİNDƏ PRAKTİKA KEÇİBLƏR

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin "Korreksiyaedici təlim" ixtisası üzrə təhsil alan III kurs tələbələri "Melior Kids" Uşaq İnkişaf və Psixologiya Mərkəzində təcrübə xarakterli təlimdə iştirak ediblər. Tədris proqramı çərçivəsində keçirilən tədbirin təşkilatçıları psixologiya kafedrasının müəllimləri İlahə Nəbiyeva və İlahə Hacıyeva olub. Tədbirin keçirilməsində məqsəd tələbələrdə peşəkar vərdişlərin formalaşdırılmasından, tələbələrin auditoriyada mənimsədikləri nəzəri biliklərin klinik mühitdə tətbiqini müşahidə etmək üçün şərait yaratmaqdan ibarət olub. Gələcək mütəxəssislər mərkəzə səfər zamanı müasir reabilitasiya metodları ilə yaxından tanış olublar, inkişaf ləngiməsi və müxtəlif diaqnozlu uşaqlarla işin spesifikasını öyrəniblər. Tələbələr həmçinin multidissiplinar komanda işinin (loqoped, erqoterapevt, psixoloq) əhəmiyyətini dərk etmək imkanı əldə ediblər. Təlim müddətində tələbələr mərkəzin peşəkar mütəxəssisləri tərəfindən keçirilən seanslarda ( loqopedik seanslar: Duyu bütünləmə, Erqoterapiya və s.) canlı izləyici qismində iştirak ediblər. Səfərin sonunda tələbələr mərkəzin şəraiti, iş prinsipi ilə tanış olublar, mütəxəssislər ilə müzakirələr apararaq, onlara real keyslər (hadisələr) üzərində suallarını ünvanlayıblar. Bu təcrübə tələbələrə peşəkar diaqnostika və korreksiya alətlərini iş başında görməyə, xüsusi qayğıya ehtiyacı olan fərdlərlə düzgün ünsiyyət qurma bacarıqlarını artırmağa, gələcək karyeraları üçün ixtisaslaşma istiqamətini daha dəqiq müəyyən etməyə kömək edib.