ATOM ENERJİSİ: RİFAH, YOXSA FACİƏ?
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Atom enerjisi: rifah, yoxsa faciə?” adlı tədbir keçirilib. Tədbirdə fakültə dekanı Rövşən Cavadov, Bakı Dövlət Universitetinin (BDU) Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyev, Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova və fakültənin fəal tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan fakültə dekanı Rövşən Cavadov tələbələrə müraciət edərək deyib: “Atom enerjisindən dinc məqsədlər üçün istifadə etdikdə insanların rifahının yaxşılaşdırılması, müharibə məqsədləri üçün istifadə edildikdə bəşəriyyətin məhvi istiqamətində hansı faciələrə səbəb olacağı ilə bağlı məsələlər barədə sizi məlumatlandırmaq üçün çox hörmətli professor, Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl müəllimi bura dəvət etmişik. İnanıram ki, çox maraqlı bir tədbir alınacaq”.
Daha sonra söz Bakı Dövlət Universitetinin (BDU) Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyevə verilib. İ.Əliyev bildirib ki, nüvə (atom) enerjisi atom nüvələrinin bölünməsi və ya birləşməsi zamanı alınan, nüvə reaksiyası zamanı yaranan olduqca səmərəli enerjidir. Atom nüvəsindən əldə edilən enerjinin miqdarı digər üsullarla alınan enerjinin miqdarından daha çox olur. Az miqdar radioaktiv atom kütləsindən istifadə etməklə daha çox enerji əldə edilir. Məsələn, 1 kq radioaktiv urandan alınan enerji 200 ton kömürdən alınan enerjiyə bərabərdir.
İ.Əliyev daha sonra bildirb ki, cəmi altı il davam edib, dünyanı tanınmaz dərəcədə dəyişən İkinci Dünya Müharibəsi 1945-ci ildə bitdikdən sonra bəşər sivilizasiyası müharibəyə qədər mövcud olmuş sivilizasiyadan kəskin dərəcədə fərqlənib. O, nüvə silahının yaradılmasını bu dəyişikliyin çoxsaylı səbəblərindən biri kimi qiymətləndirib: “Mübaliğəsiz desək, Xirosima və Naqasakiyə atılan atom bombaları, Çernobıl və Fukusima AES-lərində baş verən fəlakətlər bugünə kimi insanları həmişə narahat edir. Müasir insanlar yaxşı başa düşürlər ki, bu dünya bir neçə dəqiqə ərzində məhv ola bilər, nüvə müharibəsinin başlanması dünyanın sonunu gətirə bilər. Bu gün dünyada mövcud olan doqquz nüvə ölkəsindən Rusiyada – 6850, ABŞ-da – 6450, Fransada – 300, Çində – 280, Böyük Britaniyada – 225, Pakistanda – 150, Hindistanda – 140, İsraildə – 80, Şimali Koreyada – 20 olmaqla, ümumilikdə 14 495 nüvə başlığı vardır. Bu arsenal eyni vaxtda istifadə olunarsa, 100 min və daha çox əhalisi olan 4500 şəhərin hamısını asanlıqla məhv etmək olar. İkinci dünya müharibəsindən bu günə kimi dünyada 2 mindən çox nüvə silahı sınaqdan keçirilib”.
Nüvə (atom) enerjisindən həm də elektrikləşdirmə məqsədi ilə istifadə olunduğunu deyən İ.Əliyev dünyada ilk AES-in 1954-cü ildə SSRİ-də (Obninsk şəhəri) işə salındığını, hazırda dünyanın 31 ölkəsində 439 nüvə elektrik reaktorunun olduğunu bildirib. Məruzəçi daha sonra qeyd edib ki, ABŞ dünyada ən çox nüvə enerjisi istehsalçısı olub sərf etdiyi elektrik enerjisinin 20%-ni nüvə enerjisindən alır, Fransa isə 2006-cı ildən etibarən elektrik enerjisinin 80%-ni nüvə reaktorlarından əldə edir.
İ.Əliyev daha sonra radioaktiv tullantıların yaxşı idarə olunduğu halda atom enerjisinin kifayət qədər təmiz enerji mənbəyi olduğunu bildirib. Qeyd edib ki, bu enerji növündən istifadə atmosferdə çirkləndirici qazların həcminin azalmasına və qlobal istiləşmənin artmamasına kömək edir.
Tədbir tələbələrin İ.Əliyevə ünvanladıqları çoxsaylı sualların cavablandırılması ilə davam edib.