Fəlsəfə kafedrasında Elmi seminar keçirilib
Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında Elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti, magistrant və doktorantlar iştirak ediblər.
Elmi seminarda kafedranın professoru Əziz Məmmədov “Müasir elmi idrakın inkişaf dinamikası və Zadə məntiqi” mövzusu ilə çıxış edib. Məruzəçi çıxışında bildirib ki, məruzə müasir elmi idrakın və biliyin inkişaf dinamikasına və Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi-metodoloji təhlilinə həsr olunub. “Müasir elmi idrakın inkişaf dinamikası və Zadə məntiqi” mövzusunun araşdırılması bütün dövrlər üçün aktual tədqiqat mövzularındandır. Məruzənin məzmununa müasir elmin paradiqmaları, elm, onun tarixi inkişaf mərhələləri, elmin ipostasiyaları, perseptual, koqnotiv, linqvistik səviyyələri, bilik, o cümlədən elmi bilik anlayışı, biliyin inkişaf formaları, onun empirik və nəzəri formalarının spesifik cəhətləri və bir sıra digər aktual problemlər daxildir. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin vətəndaşları danışıq dillərini gerçəkləşdirərkən təkcə Aristotelin binar məntiqinə deyil, Azərbaycan mənşəli amerikan alimi Lütfi Zadənin keçən əsrin 60-cı illərində yaratdığı qeyri-səlis məntiq nəzəriyyəsindən də istifadə edirlər. Qeyri-səlis məntiq nəzəriyyəsinin yaranması təsadüfi olmayıb, müasir insanın təfəkküründə yeni tipli obyektin təzahürü ilə bağlıdır. Bu obyekt insan təfəkkürünün yeni formasını, fərqli səviyyəsini təşkil edən “elmi obrazlı” təfəkkürdür. İctimai inkişafın təfəkkürdə yaratdığı yeni obyekt binar məntiqdən keyfiyyətcə fərqlənən yeni məntiq sisteminin yaradılmasına zəmin yaradıb. Dünyanı ancaq birrəngli görən və anlayışların ancaq keyfiyyət fərqlərini müəyyənləşdirən Aristotel məntiqindən fərqli olaraq Zadənin qeyri-səlis məntiqi dünyanı çoxrəngli görərək onu əks etdirən anlayışların keyfiyyət fərqləri ilə ilə yanaşı, kəmiyyət və məna çalarlarının fərqlərini də ortaya qoyur. Bu məntiq sistemləri arasındakı göstərilən fərq təsadüfi olmayıb, belə bir obyektiv fakta söykənir ki, əgər Aristotel məntiqinin tədqiqat obyektini təfəkkürün məntiqi səviyyəsi təşkil edirsə, Zadə məntiqinin tədqiqat predmetini elmi-obrazlı təfəkkür təşkil edir. Dünya eyni zamanda həm xətti, həm də qeyri-xəttidir. Biz təfəkkürün dərrakə və zəka səviyyələrinin vəhdətini və yaşadığımız dünyanın eyni zamanda xətti və qeyri-xətti olmasını nəzərə alıb, deyə bilərik ki, insan öz mənəvi düşüncələrində həm xətti binar məntiqdən, həm də qeyri-səlis, qeyri-xətti məntiq sistemindən eyni dərəcədə istifadə etməlidir. Nisbətən sadə mühakimələr Aristotel məntiqi ilə, daha mürəkkəb mühakimələr isə Zadə məntiqi ilə tənzimlənir. Aristotel məntiqi Zadə məntiqinin xüsusi halı, Zadə məntiqi isə Aristotel məntiqinin ümumiləşmiş formasıdır. Deməli, Zadənin qeyri-səlis məntiqinə aparan yol Aristotelin binar məntiqindən keçib. Bu yolun mövcudluğu göstərir ki, binar və qeyri-səlis məntiq sistemlərinin əlaqəsi elmin uyğunluq prinsipi ilə tənzimlənən varislik əlaqəsidir.
Beləliklə, professor Əziz Məmmədovun məruzəsi təbii-elmi biliyin və elmi fəlsəfənin ən yeni materialları əsasında tərtib olunub, XXI əsrin ən fundamental paradiqmalarından olan Lütfi-Zadənin qeyri-səlis məntiqi xüsusi yer tutub
Məruzə seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların sualları professor Əziz Məmmədov tərəfindən cavablandırılıb.