FAKÜLTƏDƏ BEYNƏLXALQ ANA DİLİ GÜNÜ QEYD EDİLİB
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunub. Dünyada məhv olmaq təklükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Beynəlxalq ana dili günü qeyd edilib. Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova tədbiri giriş sözü ilə açıq elan edərək bildirib ki, dil ünsiyyət vasitəsi olmaqla yanaşı, hər bir millətin maddi və mənəvi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsində mühüm rol oynayır. Bu mənada hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
O, qeyd edib ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, öz soydaşları ilə ünsiyyət qurmasında, xüsusən də milli şüurun formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Ana dili eyni zamanda başqa xalqların mədəni irsi ilə tanışlığa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Tədbirdə fakültə könüllülərinin sədri Sevil Nəsirova çıxışında dili millətin simasını, milli mentalitetini formalaşdıran əsas amillərdən biri adlandırıb.
SEP TGT sədri Ağababa Babayev dili hər bir millətin maddi və mənəvi irsini, onun özünəməxsusluğunu qoruyan güclü vasitə adlandırıb. O, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin dövlətçilik siyasəti və qurduğu dövlət haqqında məlumat verib. Bildirib ki, Şah İsmayıl siyasi tariximizdə olduğu qədər mədəniyyət tariximizə də böyük töhfələr qazandırıb, qurduğu dövlətdə öz ana dili olan türk dilini rəsmi dövlət dili səviyyəsinə yüksəldib.
Fəlsəfə ixtisası üzrə IV kurs tələbəsi Nigar Hüseynzadə öz çıxışında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini Azərbaycançılıq ideyalarının mənbəyi hesab edib. O, qeyd edib ki, tədqiqatçılar bu əsəri Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi anası hesab edirlər. N.Hüseynzadə əsərdən bir neçə epizodu iştirakçıların diqqətinə çatdırıb.
III kurs fəlsəfə ixtisasının tələbəsi Nəbi Sadıqov Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasını ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsi hesab edib. O, qeyd edib ki, Ümummili lider 1970-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi işləyərkən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bundan sonra ana dilimiz dövlət əhəmiyyətli tədbirlərə yol açıb. N.Sadıqov Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsini o dövr üçün əhəmiyyətli hadisə adlandırıb. O, daha sonra 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul olunmasını Ulu Öndərin xalqımıza və onun dilinə göstərdiyi tükənməz qayğının təzahürü adlandırıb.
II kurs tələbəsi Ramazan Abdulkərimov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, əsası Ulu öndər tərəfindən qoyulan siyasəti prezident İlham Əliyev uğurla davam etdirir. O, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı prezident İ.Əliyevin imzaladığı fərman və sərəncamlar haqqında məlumat verib. R.Abdulkərimov sonda Bəxtiyar Vahabzadənin dilə həsr etdiyi şeirlərdən bir neçə bəndi tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Beynəlxalq Ana dili gününü ildə bir dəfə qeyd etməklə kifayət etməməyi, onu hər gün yadda saxlamağa, daim yaşatmağa, zənginləşdirməyə çağırış edildi.