FƏLSƏFƏ KAFEDRASINDA ELMİ SEMİNAR KEÇİRİLİB
Fəlsəfə kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda dosent Nərgiz Məcidova, kafedranın qiyabi doktorantları Məlahət Məmmədova və Nuray Qibləliyeva çıxış ediblər. Dosent Nərgiz Məcidova “Spekulyativ realizm“ mövzusunda çıxış edərək bildirib ki, “Spekulyativ realizm” - spekulyativ düşüncə üçün geniş bir imkan yaradan müasir mədəniyyətin tamamlanmamış fenomeni və formalaşmaqda olan intellektual layihədir. O vurğulayıb ki, bu layihə, müasir fəlsəfi diskursun məzmun və xarakterinin dəyişdirilməsinə yönəldilmişdir. Spekulyativ realizm rəqəmsal dövr tərəfindən yaradılan dünyagörüşünü konseptləşdirir. Spekulyativ realizmi intellektual layihə adlandıran N.Məcidova qeyd etmişdir ki, bu layihə müasir fəlsəfi diskursun fonunu, məzmununu və xarakterini dəyişdirməyə yönələrək, rəqəmsal dövrün yaratdığı dünya təsəvvürlərini konseptuallaşdırır. O, öz mənasını realizmin bərpasında tapır, bu da insanı bütün dünyanın sahibi kimi müəyyən edən modernist optimizmə qarşı durur. Məruzəçi qeyd edib ki, spekulyativ fəlsəfə öz mahiyyətinə görə, bir çox hallarda empirik yoxlanıla bilməyən abstrakt ideyalarla işləyir, müəllifin fərdi fəlsəfi intuisiya və baxışlarından asılıdır.
Kafedranın qiyabi doktorantı Məlahət Məmmədova ”Humanizmin radikal forması – transhumanizm’’ mövzusunda çıxış edib. O, müasir dövr üçün aktual olan süni intellekt, kiber texnologiyalar, onların insan həyatındakı rolundan danışıb. M.Məmmədova qeyd edib ki, transhumanizm, siyasi dairələrdə, xüsusən də, amerikan demokratlarının mövqelərində cəmiyyətin gələcək ideoloji inkişaf konsepsiyası hesab olunur. Bu konsepsiyaya görə insan təkamülünün elə bir mərhələsi gəlib çatacaqdır ki, artıq insanın bioloji tərəfləri tədricən hibridləşəcək, insan öz mahiyyətindən maşına doğru dəyişəcək. Transhumanizm ömrü uzatmaq, zehin yükləmə, bədən dondurma, insanın intellektual, fiziki və psixoloji bacarığını artırmağı qarşısına məqsəd qoymuşdur. Bütün bunlara baxmayaraq, paradoksal ölçüdə “insan qalmaq” iddiasında olan və təkcə insanı deyil, ətrafı da modifikasiya edən bu baxış, daha yaxşı insanlar və məkanlar yaratmağa çalışır. Mənfi və müsbət tərəflərinə baxmayaraq, transhumanizm qloballaşmanın tərkib hissəsi və ən güclü təsir vasitələrindən biri hesab edilir. M.Məmmədova nəzərə çatdırıb ki, hazırda insan həyatını texnologiyalardan və onların istifadəsindən kənarda təsəvvür etmək mümkün olmasa da, texnologiyalar insanı xoşbəxt etmir. İnsanın xilası maddi olanların mədudlaşdırılması, mənəvi olanın inkişafındadır.
Fəlsəfə kafedrasının qiyabi doktorantı Nuray Qibləliyeva “Həyat fəlsəfəsi dəyərlər fenomeni haqqında” mövzusunda çıxış edib. O, həyat fəlsəfəsinin nümayəndələri Şopenhauer, Nitşe, Berqson, Zimmelin dəyər probleminə münasibətlərindən bəhs edib, onları müqayisəli təhlil edib. Məruzəçi qeyd edib ki, iradə, Şopenhauer tərəfindən şüursuz impuls, həyata can atmaq, yalnız bir qanunu - öz istəyini dərk etmək kimi başa düşülür. Şopenhauerə görə, iradə ağıl, tarix və mədəniyyətə münasibətdə birincidir. Nitsşe Şopenhauerin “yaşamaq iradəsi” ideyasını “hakimiyyət istəyi” (müəyyən yaşayış məkanında özünü həyata keçirmək) kimi konkretləşdirir. Həyatın və mədəniyyətin dualizmi kontekstində təbii və ideal dəyərlər Zimmelə "mədəni" təbiət kimi, onun gücünün və ideoloji məzmununun ifadəsi kimi görünür, sonra o, mədəniyyətə çevrilir. Berqsonun konsepsiyasında həyatın metafizik şərhi onun psixoloji interpretasiyası ilə birləşir.
N.Qibləliyeva yekunda vurğulayıb ki, həyat keyfiyyəti müasir yüksək texnologiyalı cəmiyyətin əsas dəyərlərindən biridir və əsasən iqtisadi və sosial amillərlə müəyyən edilir. Yəni, elmlərarası anlayışların tətbiqi tədqiqatçıları onların məzmunu və mahiyyətinin fəlsəfi təhlilini aparmağa məcbur edir. “Dəyər” anlayışı etik, ontoloji, ekzistensial, aksioloji aspektlərə malikdir, onun tərkib hissələrini formalaşdırır, mümkün ziddiyyətləri və paradoksları müəyyənləşdirir.
Dosent Nərgiz Məcidova və kafedranın qiyabi doktorantları Məlahət Məmmədova və Nuray Qibləliyevanın çıxışları ətrafında geniş müzakirələr aparılıb. Məruzəçilər kafedranın dosentləri A.Tağıyevin, İ.İslamovun, N.Kərimovanın, A.Xəlilqızının suallarını cavablandırıblar. Sonda çıxış edən kafedra müdiri Kəmalə Pənahova məruzə edilən mövzuların elmi aktuallığını və müasirliklə səsləşdiklərini qeyd edib, məruzəçilərə gələcək tədqiqatlarında uğurlar arzulayıb.