FƏLSƏFƏ KAFEDRASINDA NÖVBƏTİ AÇIQ DƏRS KEÇİRİLİB

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Fəlsəfə kafedrasının baş müəllimi Nəzakət Kərimovanın 14 may 2025-ci il tarixində açıq dərsi keçirilib. “Osvald Şpenqlerin ictimai inkişaf konsepsiyası” mövzusunda keçirilən açıq dərsdə Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova və kafedranın müəllimləri iştirak ediblər. Nəzakət Kərimova Alman filosofu, mədəniyyət tarixçisi, publisisti, “Həyat fəlsəfəsi” cərəyanının nümayəndəsi Osvald Şpenqlerin həyat və yaradıcılığı haqqında məlumat verib, onun I Dünya Müharibəsinin dəhşətlərinə şahidlik etdiyini, II Dünya Müharibəsinə ciddi hazırlıq getdiyi bir ərəfədə yaşayıb-yaratdığını söyləyib. Dörün ictimai-siyasi sarsıntılarının Şpenqlerin fəlsəfi baxışlarına, həmçinin mədəniyyətlərin və sivilizasiyaların inkişafı ilə bağlı formalaşdırdığı nəzəriyyəyə ciddi təsir göstərdiyini qeyd edib.
N.Kərimova alman filosofuna dünya şöhrəti gətirən iki cildlik “Avropanın qürubu” əsərinin geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmasında müharibənin təkanverici rol oynadığını, əsərin dövrün faciəvi ruhuna uyğun yazıldığını bildirib. O, daha sonra qeyd edib ki, Şpenqlerin fəlsəfi tədqiqatlarının əsas mövzusu dünya tarixinin morfologiyası olmuşdur: “O, tam və unikal üzvi formalar hesab etdiyi dünya mədəniyyətlərinin özünəməxsusluğunu öyrənmişdir. Şpenqler tarixi dövrlərin ümumi qəbul edilmiş təsnifatını - Qədim dünya, Orta əsrlər, Yeni dövr - qəbul etmək istəmir, bütün bunları son dərəcə darıxdırıcı, yanlış, cavablardan daha çox suallar doğuran təsnifat hesab etmişdir. Şpenqler əminliklə bəyan edirdi ki, tarix hadisələrin sadəcə xətti ardıcıllığından ibarət deyil. Bir tarix, bir mədəniyyət yoxdur, çoxlu tarix, çoxlu mədəniyyət, hər bir mədəniyyətin də özünün unikal ruhu vardır. Bu ruh hər bir mədəniyyətin siyasətini, elmini, dinini, incəsənətini, sosial-iqtisadi həyat formalarını müəyyən edir”.
N.Kərimova açıq dərsdə O.Şpenqlerin mədəniyyət və sivilizasiyaya dair fəlsəfi baxışları haqqında ətraflı məlumat verərək bildirib ki, Şpenqlerə görə hər birinin yüksəliş və çökmə mərhələsi olan səkkiz sivilizasiyanın öz dünyagörüşü, öz dəyərləri, özünəməxsus xarakteri mövcud olmuşdur. Onun fikrincə, bütün mədəniyyətlər insan ruhunun bənzərsiz ifadəsidir. Mədəniyyəti canlı orqanizm hesab edən Şpenqler onu özünün yaranması, böyüməsi, çiçəklənməsi və tənəzzülə uğrayaraq ölməsi kimi təsvir edirdi. Filosofun fikrincə, əgər mədəniyyət canlı orqanizm kimi təsvir olunursa, sivilizasiya onun qocalıq dövrünü təşkil edir. Sivilizasiya yarananda mədəniyyət ölür.
N.Kərimova daha sonra bildirb ki, ari irqi ən ali irq, Alman mədəniyyətini ən yüksək mədəniyyət, Avropa sivilizasiyasını ən üstün hesab edən mühafizəkarlardan fərqli olaraq Şpenqler bu fikrin əleyhinə getmişdir. “Şpenqler mədəni tərəqqinin universallığı ideyasını tənqid edir, hər bir mədəniyyətə müstəqil sistem kimi baxaraq mədəniyyətlərin müxtəlifliyi ideyasını irəli sürürdü. O, hesab edir ki, mədəniyyətin bütün yaradıcılıq imkanları tükəndikdə, yaradıcılıq atəşi söndükdə o sivilizasiyaya çevrilir. Filosof sivilizasiyanı mədəniyyətin sonu, onun mexaniki və durğunluq dövrü kimi səciyyələndirir. Mədəniyyətin ölümü onun ruhunun tükənməsidir. Mədəniyyətin mənası artıq insanları ruhlandırmadıqda, mədəni dəyərləri həyata keçirməyə yönələn maraq utilitar məqsədlərə və həyatın yaxşılaşdırılmasına istiqamətlənəndə sivilizasiya epoxasının addım səsləri eşidilir”.
N.Kərimova həmçinin Şpenqlerin ictimai inkişaf konsepsiyasında mədəniyyətin prasimvolları haqqında ətraflı məlumat verib, bildirib ki, prasimvol filosofa görə, mədəniyyətin reallıqda təcəssüm etdirməyə çalışdığı idealın simvolik ifadəsidir. Mühazirəçi daha sonra Şpenqler yaradıcılığındakı arxetiplər haqqında məlumat verib: “Şpenqlerə görə, Misir mədəniyyətinin arxetipi yoldur. Misir ruhu özünü onun üçün əvvəlcədən müəyyən edilmiş həyat yolu ilə getdiyini görür. Misirlinin həyatı bir dəfə və həmişəlik müəyyən edilmiş istiqamətdə hərəkət edən bir sərgərdanın qətiyyətli yerişidir. Yol təkcə məkanda deyil, həm də zamanda hərəkətin simvoludur. Antik mədəniyyətin arxetipi məhdud maddi bədəndir. Bir Yunan üçün yalnız indicə burda görünən, hiss olunan bədənlər realdır. Cismləri olmayan boş, saf məkan onun üçün heç bir şeylə, yoxluqla eynidir. Antik mədəniyyətin arxetipi qədim yunan sənətində üstünlük təşkil edən “Apollon” bədii üslubunu müəyyən edir. Ona görə də Şpenqler yunan ruhunu, yunan mədəniyyətinin ruhunu – Apollonik ruh adlandırır. Şpenqlerə görə, Ərəb mədəniyyətinin ruhunu magik ruh, onun orijinal simvolu isə Mağara dünyasıdır. “Mağaranın” qapalı daxili aləmi sirlərlə dolu görünür, bu isə fantaziya və mistik əhval-ruhiyyəni coşdurur. Qərb mədəniyyətinin orijinal simvolu sonsuzluq, “saf” hüdudsuz məkandır. Şimali Avropanın geniş ərazilərində doğulan bu mədəniyyətin ruhu uzaqlara yönəlib. Filosof bu ruhu Faustik ruh adlandırır. Faustik ruh üçün görünən üfüqdən kənara çıxmaq, iradə, azadlıq lazımdır. İstənilən sərhədlər onu məhdudlaşdırır, əldə olunanlarla dayana bilməz. Beləliklə, avropalıları bürüyən səyahət susuzluğu, yeni torpaqlar, yeni təəssüratlar, qüvvələrin yeni tətbiq sahələri axtarışı burdan irəli gəlir.
Açıq dərsin sonunda tələbələri maraqlandıran suallara cavab verilib.