MƏHƏMMƏD FÜZULİNİN FƏLSƏFİ İRSİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında imzaladığı 25 yanvar 2024-cü il tarixli sərəncama əsasən silsilə tədbirlər davam etdirilməkdədir. Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında Məhəmməd Füzulinin fəlsəfi görüşlərinə həsr edilən elmi seminar keçirilib. Fəlsəfə kafedrasının müdiri dosent Kəmalə Pənahova elmi seminarda çıxış edərək Məhəmməd Füzulinin Azərbaycan bədii-fəlsəfi fikrinin inkişafında böyük rol oynadığını qeyd edib. O, nəzərə çatdırıb ki, Məhəmməd Füzuli antik filosofların, Şərq peripatetik fəlsəfəsi nümayəndələrinin fikirlərinə bələd olmuş, öz fəlsəfi əsərlərində onları ümumiləşdirmiş, dövrünün əsas problemlərinin dərin fəlsəfi təhlilini vermişdir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Türk xalqlarının fəlsəfə tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Məhəmməd Füzulinin Türk xalqları fəlsəfəsi tarixində yeri” mövzusunda çıxış edərək, Füzulinin türk poeziya dünyasındakı roluna, yaradıcılığındakı fəlsəfi yanaşmalara diqqət çəkib. Sonra həmin institutun aparıcı elmi işçisi, Fəlsəfə kafedrasının saathesabı müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Məhəmməd Füzulinin "Mətlə-ül-etiqad” əsərində dünya fəlsəfi irsinə münasibət” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, "Mətlə-ül-etiqad” fəlsəfə ilə kəlamı özündə birləşdirən teoloji risalədir: ”Füzulu bu əsərdə elm və mərifət (bilik) məfhumlarına müxtəlif təriflər vermiş, mərifətin vacibliyi məsələsinə toxunmuş, mərifətin növləri və onların əldə edilməsi üsullarını araşdırmışdır”.
Z.Şabanov qeyd edib ki, bir çox fəlsəfi məsələlərlə maraqlanan, onların mahiyyətini açan Məhəmməd Füzuli "Mətlə-ül-etiqad” əsərində antik fəlsəfəni, qədim və orta əsrlər Şərq fəlsəfəsini incələmiş, ayrı-ayrı fəlsəfi məktəblərin nümayəndələrinin fikirlərini təhlil edərək onlara öz münasibətini bildirmişdir. Sonda məruzəçi vurğulayıb ki, insanın kamilləşməsi üçün biliklərə yiyələnməni zəruri hesab edən, elmli və bilikli olmağı cəmiyyətin inkişafı üçün əsas amil kimi götürən Füzulinin dahiyanə fəlsəfi fikirləri sonralar müsəlman filosofları tərəfindən daha da inkişaf etdirilmişdir.
Sonda kafedra əməkdaşlarının sualları məruzəçilər tərəfindən cavablandırılıb.