FAKÜLTƏDƏ RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
20 oktyabr 2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Yeni geosiyasi şəraitdə sosial inkişafın planlaşdırılması və proqnozlaşdırılması yolları” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov konfransı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzu edib. Fakültə
dekanı “Dünya siyasətində Qərbi Azərbaycan probleminə münasibətdə fərqli yanaşmaların mahiyyəti və təzahür xüsusiyyətləri” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan xalqı uzun illər ermənilərin etnik təmizləmə siyasətinin təsirinə məruz qalıb. Bir vaxtlar böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Ermənistan ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı yaşamır. Əksinə, zorakılıqla öz yurd yerlərindən didərgin salınmış azərbaycanlıların qəbirləri məhv edilib, müsəlmanların yaşayış məskənlərinin izləri tarix səhnəsindən tamamilə silinib, minilliklər ərzində yaradılmış maddi mədəniyyət abidələri yerlə-yeksan edilib. R.Cavadov öz çıxışında Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi pisləyib, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurd yerlərinə qayıtmalarına şərait yaradılmasını təmin etməyi beynəlxalq təşkilatlar qarşısında qoyulan mühüm tələb hesab edib.
Daha sonra fakültənin Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova “XX-XXI əsrlərdə Cənubi Qafqazda baş verən sosial-siyasi proseslərin humanitar və sosial tərəfləri elmi paradiqma kimi” mövzusunda çıxış edərək bildirib ki, hazırda Azrbaycan elmi ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biri informasiya müharibəsində qələbə çalmaqdan ibarət olmalıdır. Çünki ermənilər dünya ictimaiyyətinə türklərin Cənubi Qafqazda yaşamalarını təsadüfi hadisə hesab edərək, onları öz tarixi, dili, mədəniyyəti və ərazisi olmayan xalq kimi tanıdırlar. Q.Abbasova Qərbi Azərbaycan ərazisində son əsrdə və ondan əvvəl baş vermiş sosial-demoqrafik proseslərin sosioloji təhlilinin aparılmasının zəruriliyini qeyd edib. O, həmçinin Qərbi Azərbaycan ziyalılarının formalaşdığı tarixi şəraitin və coğrafi mühitin pedaqoji, psixoloji və sosioloji elm nümayəndələrinin birgə səyi nəticəsində öyrənilməsi zərurətini önə çəkib.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova “Heydər Hüseynov fenomeni: sosial-siyasi və tarixi məkanda” mövzusunda çıxış edərək Qərbi Azərbaycanda doğulub son dərəcə ziddiyyətli tarixi şəraitdə yaşayıb yaradan görkəmli elm xadimi Heydər Hüseynovun həyat və fəaliyyəti haqqında məlumat verib. N.Kərimova Azərbaycanın görkəmli ictimai xadimi Heydər Hüseynovun əslən Qərbi Azərbaycandan olduğunu, onun hələ bir yaşında ikən ailəsi ilə birlikdə Ermənistan ərazisindən zorla qovulduğunu, 18 yaşlı qardaşı Yusifin ermənilər tərəfindən öldürüldüyünü tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, qeyd edib ki, Hüseynovlar ailəsi min bir vəhşiliklə öz dədə-baba yurdlarından didərgin salınan minlərlə ailədən biri kimi 1920-ci ildə Bakıya köçüb, 12 yaşında olarkən ilk dəfə məktəb partası arxasında əyləşsə də, zəhmətsevərliyi, elmə dərin marağı ilə müəllimlərinin rəğbətini qazanıb. Bütün ömrü boyu Azərbaycan elminə, mədəniyyətinə və fəlsəfəsinə öz töhfələrini verib. N.Kərimova daha sonra ötən iki yüz il ərzində xalqımızın üzləşdiyi silahlı münaqişələrdən, ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən və yurd yerlərindən zorla köçürülmüş insanların məruz qaldıqları soyqıqım aktlarından danışıb. Tədbirdə akademik Heydər Hüseynovun nəvəsi Heydər Aslanov da iştirak edib.
Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova öz çıxışında Qərbi Azərbaycandan olan elm xadimlərini yetişdirən mədəni mühitin və mənəvi dəyərlərin tədqiq olunmasının, xüsusilə də ölkəmizdə fəlsəfə elminin inkişafında və tədrisində rolu olan Qərbi Azərbaycan əsilli alimlərimizin yaradıcılıqlarının öyrənilməsinin əhəmiyyətindən danışıb. İki sonra 80 illiyini qeyd edəcək Fəlsəfə kafedrasının təşkil olunmasında akademik Heydər Hüseynovun böyük xidməti olduğunu bildirib.
Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev konfrans iştirakçısı kimi çıxış edərək Qərbi Azərbaycanla bağlı Respublika rəhbərliyi səviyyəsində aparılan planlı və məqsədyönlü tədbirlərin Qərbi Azərbaycanlıların öz doğma dədə-baba yurdlarına qaytarılması istiqamətindəki rolunu yüksək qiymətləndirib.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.