“Süni intellektin fəlsəfəsi” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında “Süni intellektin fəlsəfəsi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Nərgiz Məcidova məruzə ilə çıxış edib.
Elmi seminarı giriş sözü ilə açan Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova mövzunun aktuallığını qeyd edib və ölkəmizdə bu sahədə atılan addımları tədbir iştirakçılarının diqqətinə çatdırıb. K.Pənahova 19 mart 2025-ci ildə Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün “Süni İntellekt Strategiyası”nın qəbul olunması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını, 11 fevral 2026-cı ildə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planını, 27 fevral 2026-cı ildə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını nəzərə çatdırıb və bu sərəncamdan irəli gələrək ölkəmizdə “Rəqəmsal İnkişaf Şurası”nın yaradıldığını vurğulayıb.
Daha sonra məruzəçi Nərgiz Məcidova öz çıxışında intellekt anlayışını süni intellekt fəlsəfəsi kontekstində təhlil edərək vurğulayıb ki, intellekt yalnız problemləri həll etmə və məqsədə çatma qabiliyyəti ilə məhdudlaşmır. O, elmi və fəlsəfi yanaşmaları müqayisə edərək qeyd edib ki, intellekt anlama, təcrübə, məna, özünüdərk və məsuliyyət kimi ölçüləri də özündə əhatə edir. Məruzəçi insan və maşın öyrənməsi arasındakı fərqləri xüsusi vurğulayıb və qeyd edib ki, süni intellekt böyük həcmli məlumatlar və alqoritmik emal vasitəsilə yüksək nəticələr göstərə bilsə də, insan intellekti konteksti anlamaq, sahələrarası bilik transferi, emosional iştirak və mənəvi mühakimə baxımından daha mürəkkəb xarakter daşıyır.
N.Məcidova nəzərə çatdırıb ki, şüur, özünüdərk və mənəvi avtonomiya problemləri intellektin fəlsəfi sərhədlərini müəyyən edən əsas məsələlər kimi çıxış edir. Tyurinq testi, Sörlün “Çin otağı” arqumenti və funksionalist yanaşma əsasında maşınların “düşünməsi” məsələsinin hələ də açıq qaldığı vurğulanıb. Məruzəçi həmçinin ümumi süni intellekt ideyası, izah edilə bilən süni intellekt, “qara qutu” problemi, insanın qərarvermə prosesində saxlanılması prinsipi və alqoritmik ədalət, məsuliyyət, məxfilik, sosial bərabərsizlik kimi etik məsələlərə də diqqəti çəkib. Süni intellekt insan intellektinin sadə alternativi deyil, onunla həm rəqabətə, həm də tamamlanmaya girən fərqli tip intellekt formasıdır. Buna görə də süni intellektin inkişafı texniki gücün artımı ilə yanaşı etik, hüquqi və sosial zəmanətlərin gücləndirilməsi ilə müşayiət olunmalıdır. Buna görə də süni intellekt dövründə əsas vəzifə insanın subyektivliyini, məna yaradıcılığını və məsuliyyət qabiliyyətini qorumaqdır.
Elmi seminar müəllimlər və tələbələr tərəfindən maraqla qarşılanıb. Sonda fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, kafedranın dosentləri Arif Tağıyev, İslam İslamov, Aygün Xəlilqızı mövzu ətrafında fikir mübadiləsi aparıblar. Elmi seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.