“TƏHSİLDƏ MODERNLƏŞMƏ VƏ İNNOVASİYALAR DÖVRÜN TƏLƏBİDİR” MÖVZUSUNDA RESPUBLİKA KONFRANSI KEÇİRİLİB
Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir" mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransı sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov açıq elan edib. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültə dekanı öz çıxışında bildirib ki, müstəqillik şəraitində təhsilimiz getdikcə inkişaf etmiş, bilikli, yaradıcı gənc nəsil formalaşmışdır. Yaradıcı, müstəqil düşüncə qabiliyyətinə malik gənclərin formalaşdırılması müəllimlərin, pedaqoji işçilərin qarşısında mühüm bir vəzifə kimi dayanmışdır. Fakültə dekanı daha sonra qeyd edib ki, "Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir" mövzusunda keçirilən Respublika elmi konfransı təlim-tərbiyə işinin təşkilində mühüm rol oynayacaq. Daha sonra söz çıxışçılara verilib. BDU-nun Pedaqogika kafedrasının professoru Nübar Muxtarova "Ulu Öndər Heydər Əliyevin pedaqoji fəaliyyətimdə yeri" adlı məruzəsində bildirib ki, artıq 30 ilə yaxındır Azərbaycan dövləti müstəqildir. Bu müstəqillik çox çətinliklə başa gəlib. Müstəqilliyimizin yaradıcısı dahi şəxsiyyət, öz taleyi ilə örnək olan, ümummilli lider Heydər Əliyev olub. O, H.Əliyevin 1992-ci ildən onun siyasi həyatını kökündən dəyişdirdiyini bildirib. Yeni Azərbaycan Partiyasının veteranı kimi dahi şəxsiyyət Heydər Əliyev ideyalarını bugün də davam etdirdiyini qeyd edib.
Azərbaycan Pedaqoji Universiteti, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov çıxışında bildirib ki, Ulu öndər Azərbaycandan kənarda təhsil alan gəncləri daim diqqət mərkəzində saxlayıb, onların inkişafına hər cür qayğı göstərib. F.Rüstəmov daha sonra deyib: “Ümummilli lider hər il avqust ayının axırlarında Vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə respublikanın partiya və sovet fəallarının görüşünü keçirir, orada dərin məzmunlu çıxışı ilə öz tövsiyələrini verirdi. Azərbaycanlı tələbələrin respublikadan kənarda ali təhsil alacaqları tədris ocaqlarının coğrafiyası və kadr hazırlığı istiqaməti müxtəlif idi. Demək olar ki, keçmiş ittifaqın ən nüfuzlu universitet və institutları seçilmişdi. Milli məktəblərimizin məzunlarının ümumi şərtlər daxilində həmin ali təhsil ocaqlarına qəbulu çox çətin idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər respublikamızdan kənara hər il 47 nəfər ali təhsil almağa göndərilirdi. Halbuki plan 60 nəfər idi. Qeyd etmək yerinə düşər ki, 47 nəfərin az bir hissəsini azərbaycanlılar təşkil edirdi. SSRİ-nin tanınmış məktəblərində azərbaycanlılar üçün ayrılmış yerlərə respublikamızda yaşayan erməni və digər millətin nümayəndələri göndərilirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu tendensiya qısa bir müddətdə dəyişdi. Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə cəmi 47 nəfər göndərilmişdisə, 1975-ci ildə onların sayı 700 nəfərə çatdı. 1978-ci ildən başlayaraq hər il kənara 800-900 nəfər tələbə göndərilməsinə nail olundu. Təbii ki, bütün bunlar Azərbaycanın gələcək inkişafına hədəflənmişdir.
Növbəti çıxışçı prof. Hikmət Əlizadə “Ulu öndər Heydər Əliyevin ali təhsil siyasəti və onun müasir dövrdə inkişaf tendensiyaları” mövzusunda maraqlı məruzə ilə çıxış edib.
Azərbaycan Respublikası Təhsil İdarəsinin Təhsilin Nəzəriyyəsi və Tarixi şöbəsinin müdiri professor İntiqam Cəbrayılov çıxış edərək qeyd edib ki, Ulu öndər Heydər Əliyev irsində mənəvi dəyərlər sistemli şəkildə öz əksini tapıb. Bu dəyərlər sistemi hər bir Azərbaycanlının, ailənin, Vətənin, millətin və dövlətin inkişafı üçün təməl prinsiplər rolunu oynayır. O, daha sonra deyib: “ Ulu öndər Heydər Əliyev ilk növbədə milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməyi haqlı olaraq vacib sayırdı. Çünki milli- mənəvi dəyərlər tarixin bütün dövrlərində sınaqdan çıxmış, xalqın milli mentalitetini əks etdirən keyfiyyətlərdir. Məhz bu keyfiyyətlərin qorunması xalqı daim yaşatmış, dilinin, mədəniyyetinin inkişafında mühüm rol oynamışdır”.
Əməkdar müəllim, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, professor Akif Abbasov çıxışında Azərbaycan təhsilinin Heydər Əliyev mərhələsi olduğunu vurğulayıb. O, qeyd edib ki, H.Əliyevin Azırbaycana rəhbərlik etdiyi vaxtlar təhsilimizin çiçəklənməsi dövrü olub. A.Abbasov daha sonra deyib: “Ulu öndər müəllimlərin qurultayına xüsusi həvəslə gələr, şərəfli peşəni seçmiş şəxslərin əməyinə yüksək qiymət verərdi. O zamanlar uşaqlar məktəbə 7 yaşından gedirdilər. Uşaqların 6 yaşından I sinfə getmək məsələsi gündəmdə idi, lakin bu proses ləng həyata keçirilirdi. Heydər Əliyev qurultayda bu məsələyə də münasibət bildirdi. O dedi: "Doğrudan da bəzən heç 6 yaşına çatmamış uşaqlar var ki çox istedadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək lazımdır. Mən özüm 6 yaşımda məktəbə getmişəm, o vaxt hələ nə islahat, nə də qanun var idi, -məni məktəbə qəbul ediblər və 16 yaşımda məktəbi bitirmişəm. Oğlum isə məktəbə gedəndə hələ 6 yaşı da tamam deyildi. Bunlar hamısı təkcə mənim yox, çox insanların övladlarının təcrübəsindən keçibdir və buna mane olmaq lazım deyildir". Ulu öndərin xeyir-duasından sonra uşaqların 6 yaşından təlimə cəlb edilməsi reallaşdı”.
Konfransda “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq konsepsiyasında milli-mənəvi və ümumbəşəri ideyaların təcəssümü”, “Mir Cəlal Paşayev yaradıcılığında təlim-tərbiyə məsələləri”, “İrəvan Müəllimlər Seminariyasının inkişaf tarixi”, “II Qarabağ savaşında milli vətənpərvərliyin təcəssümü”, “Şəxsiyyət yönümlü təhsil”, “İnkişafetdirici təlimin aktual məsələləri”, “İnsan kapitalının inkişafı kontekstində təhsil”, “Qloballaşma şəraitində milli-mənəvi və ümumbəşəri dəyərlərin inkişaf zəruriliyi”, “Multikulturalizm konsepsiyasında pedaqoji məsələlər”, “İdarəetmədə demokratiklik”, “Müasir müəllim modeli”, “Təhsilə yeni yanaşmalar” mövzularında müzakirələr aparılıb.
"Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir" mövzusunda keçirilən Respublika elmi konfransı hazırda öz işini davam etdirir.