“MÜASİR AZƏRBAYCANIN DÖVLƏT QURUCULUĞUNDA HEYDƏR ƏLİYEV DÜHASI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Sosial elmlər və psixologiya fakültəsi Fəlsəfə kafedrasının magistrantlarının iştirakı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müasir Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyev dühası” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri açan Fəlsəfə kafedrasının müdiri dosent Kəmalə Pənahova qeyd edib ki, Müstəqil Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyevin rolu misilsizdir. Az bir müddət ərzində ordu quruculuğunda uğurların əldə edilməsi, iqtisadi sahədə islahatların aparılması, dünyanın ən iri dövlətləri ilə bərabərhüquqlu münasibətlərin yaradılması, hüquqi islahatlara start verilməsi, təhsil haqqında qanunun qəbul edilməsi müstəqillik qazanıldıqdan sonra kövrək addımlarını atan dövlətimizin demokratik prinsiplər əsasında qurulması yolunda Heydər Əliyev dühasının nəticəsi idi.
Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov bildirib ki, Heydər Əliyev özünün şərəfli həyat yolunu, insanlara örnək olan həyat tərzini xalqımıza ərməğan qoyub: “Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını xalq heç vaxt unuda bilməz. O, əbədi ölməzlik qazanmış böyük lider idi. Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev irsi daim tədqiq və təbliğ olunacaqdır”.
Sonra Fəlsəfə kafedrasının magistrantları Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində əldə edilən nailliyyətlər barədə çıxışlarını təqdim etdiblər.
Magistrant İsmayıl Ələkbərov öz çıxışında Heydər Əliyevin uzaqgörən siyasətinin müstəqil Azərbaycanın qurulmasında əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin tariximiz qarşısında ən böyük xidməti torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas edə bilməsi oldu.
Aysan Əliyeva milli təhlükəsizliyimizin təmin olunması, möhkəmləndirilməsi sahəsində Heydər Əliyevin çoxsaylı xidmətlərini qeyd edib. Ölkədə xaosun, anarxiyanın tüğyan etdiyi bir dövrdə Ulu Öndərin hakimiyyətə gəlməsi ilə ölkəni sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısının alındığından danışıb.
Turanə Bəşirova Ümummilli liderin gənclərə qayğısını önə çəkərək, bildirib ki, Heydər Əliyevin dövlətə rəhbərlik etdiyi dövrdə həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin gələcək inkişafı naminə istifadə edilməsi olub.
Fidan Mürsəlzadə Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən bəhs edərək, ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda qazanılan uğurların strateji əhəmiyyətli bir sahə kimi həm də təhsilə xüsusi diqqət yetirilməsinin nəticəsində mümkün olduğunu qeyd ediəb.
Aytac Qurbanova Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulduğunu, milli mənlik şüurunun yüksəldiyini, azərbaycançılıq məfkurəsinin önə çəkildiyini nəzərə çatdırıb.
Çıxışlar ətrafında fikir mübadiləsindən sonra Sosial elmlər və psixologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova dəyirmi masada iştirak edən Fəlsəfə kafedrasının magistrantlarına Ulu Öndərin irsini öyrəndikləri və təbliğ etdikləri üçün təşəkürünü bildirib. Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova da Heydər Əliyevin dövlət quruculuğu təcrübəsinin gələcək tədqiqatçılar tərəfindən tədqiq olunmasının vacibliyini vurğulayaraq, dəyirmi masada iştirak edən tələbələrə bu sahədə gələcək elmi araşdırmalarında uğurlar arzulayıb.