Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) “Heydər Əliyev ili” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb
Bir qədər əvvəl Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən vaxtaşırı olaraq idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş müxtəlif idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Mükafatlandırma mərasimində ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib. Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Azər Allahverdiyev qaliblər arasında olub. Xatırladaq ki, A.Allahverdiyev Bakı Dövlət Universitetinin Şahmat komandasının üzvüdür. Qürurverici haldır ki, BDU-nun Şahmat komandası (Azər Allahverdiyev, Mənsurə İsmayılova və Fuad Qurbanov) ali məktəblər arasında şahmat üzrə keçirilən yarışın qalibi olub. Komandanın üzvlərini təbrik edir, onlara daha böyük uğurlar arzu edirik!