25 NOYABR QADIN ZORAKILIĞINA QARŞI MÜBARİZƏ GÜNÜDÜR

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 25 noyabr qadın zorakılığına qarşı mübarizə gününə həsr edilmiş tədbir keçirilib. Sosial iş kafedrasının müəllimi Rəna Məmmədovanın təşəbbüsü ilə keçirilən tədbirdə tələbələr qadınlara qarşı zorakılığın aradan qaldırılması mövzusuna həsr edilmiş müxtəlif təqdimatlarla çıxış ediblər. Tədbirin keçirilməsində məqsədi məişət zorakılığı və gender ayrıseçkiliyi məsələsinin aktuallığını diqqətə çatdırmaqdan ibarət olub. Çıxış edənlər zorakılığın şəxsi məsələ deyil, ciddi insan hüquqları pozuntusu olduğunu bildiriblər. Onlar zorakılığa məruz qalan qadınlara cəmiyyətin hər bir üzvünün güclü mənəvi dəstək göstərməsinin vacibliyini vurğulayaraq, hər kəsi ədalətsizliyi gördükdə susmamağa çağırıblar. Tədbir iştirakçıları daha sonra qeyd ediblər ki, sükut zorakılıq edənləri qoruyur, dəstək isə qurbanı xilas edir. Zorakılığa qarşı mübarizənin hər gün davam etdirilməli olduğunu bildiriən çıxışçılar hər bir qadının təhlükəsiz, azad və ləyaqətli ömür sürməyə layiq olduğunu diqqət mərkəzinə çəkiblər. Tədbir zamanı tələbələr mövzu ilə bağlı statistik məlumatlar və real həyat hekayələri ilə tanış olublar.