Sosial elmlər və psixologiya fakültəsində doktorantlarla görüş keçirilib

21 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində doktorantlarla görüş keçirilib.
Görüşdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, BDU-nun Doktorantura şöbəsinin müdiri Mirnamiq Bəşirov və fakültənin gənc tədqiqatçıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı Rövşən Cavadov yeni qəbul olunan doktorantları təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Dekan bildirib ki, bu tədris ilində Sosial elmlər və psixologiya fakültəsinə 22 nəfər yerli, 2 nəfər isə Türkiyə Respublikasından olan əcnəbi gənc doktoranturaya qəbul olunub. R.Cavadov çıxışında doktorantura təhsilinin əvvəlki təhsil pillələrindən köklü şəkildə fərqləndiyini diqqətə çatdırıb. O, bu mərhələdə tədqiqatçıları gözləyən elmi və akademik çətinliklərdən söhbət açaraq, gənc alimləri öz tədqiqat işlərinə qarşı son dərəcə məsuliyyətli olmağa və universitetin elmi mühitinə fəal inteqrasiya etməyə çağırıb.
Daha sonra söz BDU-nun Doktorantura şöbəsinin müdiri Mirnamiq Bəşirova verilib. M.Bəşirov yeni qəbul olan doktorantları təbrik edərək, onlara gələcək elmi axtarışlarında müvəffəqiyyətlər diləyib. Çıxışında tədris prosesinin təşkili və attestasiya qaydalarına toxunan şöbə müdiri doktorantların attestasiyadan keçməsi üçün tələb olunan ümumi normativ-hüquqi qaydalar, fərdi iş planlarının icrası və elmi nəşrlərə dair tələblər haqqında ətraflı məlumat verib.
Görüşün sonunda doktorantları maraqlandıran suallar cavablandırılıb və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.