8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI QEYD EDİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, fakültə fəalları və əcnəbi magistrantlar iştirak ediblər.
Fakültənin əcnəbi magistrantları - Qu Hanq və Fen Hiuran Çin xalqının adət-ənənələrindən, ailə-məişət xüsusiyyətlərindən, qadının cəmiyyətdəki rolundan danışıblar. Psixologiya ixtisasının I kurs tələbəsi Fidan Zamanova Azərbaycan qadınlarının milli geyimlərini nümayiş etdirməklə yanaşı, müxtəlif dövrlərdə istifadə olunan qadın geyimlərinin tarixi haqqında təbdir iştiraçılarına məlumat verib. Daha sonra Sosiologiya ixtisasının II kurs tələbəsi Fidan Cəlilova hind milli geyimində çıxış edib. O, hind xalqının ailə-nigah ənənələrindən danışıb.
Fəlsəfə ixtisasının II kurs tələbələri Mirfəttah Qəhrəmanov və Nuranə Bayramova qadınların ictimai-siyasi və elmi fəaliyyətindən, bəşəriyyətin fəlsəfi irsinin zənginləşməsində filosof qadınların rolundan bəhs ediblər.
Tədbirin aparıcısı Leyla Zamanova daha sonra çıxış üçün sözü fakültə könüllülərinin sədri Sevil Nəsirovaya verib. S.Nəsirova bildirib ki, fakültəmizdə təhsil alan əcnəbi tələbələrlə yerli tələbələr arasında sıx qarşılıqlı əlaqə vardır. Əlamətdar günlərə və bayramlara həsr olunmuş tədbirlər zamanı bu cür mədəni əlaqələr daha da dərinləşir. Yerli tələbələr xarici ölkə vətəndaşlarının həyat tərzi, adət-ənənələri ilə dərindən tanış olur, bu isə onlar arasında səmimi ünsiyyət qurulmasına yardım edir, multukultural dəyərlərin inkişafı, eləcə də mədəniyyətlərin harmoniyası üçün zəmin yaradır.