8 Noyabr - ZƏFƏR GÜNÜ
Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "8 noyabr-Zəfər Günü" ilə bağlı tədbiri keçirilib. Tədbir THİK-in fakültə üzrə sədri Rza Bağırov tərəfindən açıq elan edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra BDU-nun Humanitar məsələlər və gənclərə iş şöbəsinin müdiri Ramin Səmədova söz verilib və o, Zəfər Gününün xalqımız üçün birlik, əbədi sönməz rəmzi olduğunu qeyd edib. Daha sonra isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin Sədri Hacıbaba Mustafayevə söz verilib. H. Mustafayev xalqımızın əzmi, yüksək iradəsi sayəsində 30 illik bədnam erməni tapdağı altında olan torpaqlarımızın azad olunduğunu vurğulayıb. Professor Hikmət Əlizadə də ilk öncə 44 günlük qələbə münasibətilə təbrik edərək, Azərbaycanın şanlı tarixinə nəzər salıb və qələbənin əldə olunmasının məhz "Dəmir Yumruq" altında birləşməyimizə səbəb olduğunu bildirib.
Tədbirdə 27 sentyabrdan başlayan müharibənin gedişatından danışılıb. Fakültəmizin şəhidləri Cavid Manafov, Ataməli Musaoğlu, Əsəd Əsədov o cümlədən, Polad Həşimov, Xudayar Yusifzadə, Arəstə Baxışova kimi qəhrəmanlarımız haqqında məlumat verilib. "Xudayar Təsnifi" oxunulub. 44 günlük müharibəni əks etdirən kiçik səhnəcikdə təqdim edilib. Sonda isə "Anadır arzulara hər zaman Qarabağ" musiqisi ilə tədbir yekunlaşıb.