APREL DÖYÜŞLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında 2016-cı il “Aprel döyüşlərinə” həsr olunmuş Dəyirmi masa keçirilib. Dəyirmi masada kafedra müdiri Kəmalə Pənahova, kafedranın professor-müəllim heyəti və mağistrantlar iştirak ediblər. Kafedra müdiri çıxışında bildirib ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb və ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb. Tarixə aprel döyüşləri kimi daxil olan döyüş
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Bu döyüşdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad edilib. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edilib. K.Pənahova Aprel döyüşlərini Vətən müharibəsinin başlanğıcı kimi qiymətləndirib.
Dəyirmi masa iştirakçıları – professor Fikrət Əfəndiyev, dosentlər - Nərgiz Məcidova, Aygün Xəlilqızı, baş müəllimlər – Azər Allahverdiyev, Nəzakət Kərimova, müəllim Elmar Hüseynov çıxışlarında Aprel döyüşlərinin gənclərin vətənpərvərlik ruhunu, döyüş əzmini yüksəldərək bizim heç zaman işğalla barışmayacağımızı sübut etdiyini bildiriblər.
Sonra Fəlsəfə kafedrasının magistrantları - İsmayıl Xanməmmədli, Vüsal Mustafayev, Nigar Hüseynzadə və Uğurlu İbrahimli hərb və sülh problemlərinə həsr olunmuş fəlsəfi tədqiqatlar haqqında danışıblar, Aprel döyüşlərindən sonrakı dönəmdə cəmiyyətdə baş verən dəyişikliklərdən, milli kimliyin formalaşmasından, Azərbaycanın ədaləti bərpa etməsindən söhbət açıblar. Dəyirmi masa iştirakçıları öz çıxışlarında işğala məruz qalmış ərazilərimizin azad olunmasında düzgün və qətiyyətli dövlət siyasətinin mühüm rolundan danışıblar. Onlar qeyd ediblər ki, istər Aprel döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən ordu və xalq birliyi, gənc nəslə aşılanan vətənpərvərlik tərbiyəsi və ideologiyası qələbəmizin təminatçısına çevrilib.