"Autist uşaqlarla sosial iş” elmi seminarı keçirilib
Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının təşəbbüsü ilə “Autist uşaqlarla sosial iş” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru, “House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva, həmçinin Adelfi Universitetində Xüsusi pedaqogika kafedrasının assistenti, Təhsil elmləri doktoru, Autizm İdarə Heyətinin üzvü Stiven Shore və “Child with a future” fondunun təmsilçisi “House of Dreams” cəmiyyətə inteqrasiya mərkəzinin direktoru, sosial inteqrasiya üzrə mütəxəssisi Villiam Albert Peters iştirak ediblər. Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov qonaqları salamlayıb bildirib ki, Təhsildə Sosial Psixoloji Yardım və Korreksiyaedici təlim ixtisaslarında təhsil alan tələbələr üçün bugünkü elmi seminarın böyük əhəmiyyəti olacaq. Çünki Stiven Shore və Villiam Albert Peters autizmdən əziyyət çəkmiş mütəxəssis olduqlarından autizmdən əziyyət çəkən uşaqlarla işləyən və işləmək istəyənlər üçün onların təcrübəsi çox əhəmiyyətli olacaq.
“House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva çıxışında “Autist uşaqlarla sosial iş” mövzusunda keçirilən elmi seminarın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bugünkü görüş təsisçisi olduğu mərkəzlə Sosial elmlər və psixologiya fakültəsi arasında səmərəli əməkdaşlığın əsasını qoymaqla yanaşı, tələbələrdə autizmdən əziyyət çəkmiş insanlarla işləmək bacarıqlarına yiyələnmələri üçün əhəmiyyətli rol oynayacaq.
Daha sonra Autizm İdarə Heyətinin üzvü Stiven Shore elmi seminar zamanı özünün autizm sindromundan əziyyət çəkdiyini, lakin valideynlərinin böyük fədakarlığı və güclü dəstəyi ilə bu xəstəliyə qalib gəldiyini bildirdi. O, öz şəxsi təcrübəsi ilə bağlı tələbələrə məlumat verdi və autizm xəstəliyinin öhdəsindən gəlmək və uşaqlarda müvafiq sosial bacarıqların formalaşdırılmasında önəmli olacaq mühitin yaradılması, hər birinə fərdi yanaşmaqla istifadə olunacaq yol və vasitələrdən danışdı. Onun çıxışı tələbələr tərəfindən maraqla qarşılandı.
Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova bu elmi seminarın Korreksiyaedici Təlim ixtisası üzrə təhsilalan tələbələrin daha dərin biliklərə yiyələnmələrində xüsusi rol oynayacağını bildirdi. O, daha sonra qeyd etdi ki, autizmdən əziyyət çəkmiş mütəxəsislərin çıxışları tələbələrdə autizmli uşaqlarla pedaqoji işin didaktik oyunlar vasitəsilə təşkilində, onlarla yaradıcı şəkildə işlərin aparılma metodika və texnologiyalarına yiyələnmək sahəsində əhəmiyyətli rol oynayacaq. Elmi seminar tələbələrin mərkəz əməkdaşlarına və qonaqlara ünvanladıqları suallara verilən maraqlı cavablarla başa çatdı.