AUTİZMLİ UŞAQLARA YANAŞMA FORMALARI ADLI ELMİ SEMİNAR KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasında “Autizmli uşaqlara yanaşma formaları” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, “Birgə və sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin nəzdindəki Autizm Mərkəzinin proqram direktoru Nərmin Rəhimli, birliyin mütəxəssisi Fərid Süleymanov və fakültənin Korreksiyaedici təlim ixtisasında təhsil alan tələbələr, magistr və doktorantlar iştirak ediblər.
“Birgə və sağlam” ictimai birliyinin rəhbəri Aytən Eynalova tədbir iştirakçılarına autizmli uşaqlarda spektr pozuntusunun yaranma səbəbləri və autizmli uşaqlara pedaqoji təsir formaları haqqında məlumat verib. Psixoloq-mütəxəssis Nərmin Rəhimli autizm sindromlu uşaqlarla işləmə texnologiyaları, ictimai birliyin mütəxəssisi Fərid Süleymanov isə autizm spektr pozuntulu uşaqlara pedaqoji təsir formaları haqqında danışıb. Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova elmi seminarda iştirak etdiklərinə və autizm haqqında tələbələrə ətraflı məlumat verdiklərinə görə “Birgə və sağlam” İctimai Birliyinin sədrinə və əməkdaşlarına təşəkkürünü bildirib, belə mövzuların öyrənilməsinin, bu sahədə ciddi tədqiqatların aparılmasının vacibliyini vurğulayıb. Eyni zamanda o, bildirib ki, bu seminar korreksiyaedici təlim ixtisasının tələbələrinin gələcək fəaliyyətlərində autizmli uşaqlarla işləyərkən lazım ola biləcək konkret bilik və bacarıqlarının zənginləşdirilməsi baxımından da əhəmiyyətli ola biləcək.