BDU-NUN HƏKİMLƏRİ PEDAQOGİKA KAFEDRASININ PROFESSORUNU KARDİOGEN ŞOKDAN ÇIXARIBLAR

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə 14 may 2026-cı il günorta saatlarında iş yerində ürəyində narahatlıq hiss edib. Fakültə əməkdaşları universitetdə fəaliyyət göstərən poliklinikanın həkimlərinə müraciət ediblər. Poliklinikanın təcrübəli həkimi Vüqarə İbrahimova və tibb bacısı Zəminə Mirzəliyeva xəstəyə ilkin təcili tibbi yardım göstəriblər. Həkim Vüqarə xanım bildirib ki, şəxsi maşınında uzanan xəstə döş qəfəsində güclü ağrının olduğunu bildirib. “İlk baxışdan müşahidə olunan əlamətlər xəstənin kardiogen şok vaəziyyətində olduğunu deməyə əsas verirdi. Arterial təzyiqi enmiş, ürək döyüntüləri sürətlənmişdi. Xəstə danışa bilmirdi, karvalol və validol verdik, ağrıkəsici iynələr vurduq və onu kardiogen şokdan çıxardıq. Bundan sonra xəstənin nitqi bərpa oldu. Sonra Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım briqadası gəldi”.
Mərkəzi Gömrük Hospitalının invaziv kardiologiya şöbəsində keçirilən təcili əməliyyat nəticəsində professor Hikmət Əlizadənin ürək damarlarının keçiriciliyi bərpa olunub. Qeyd edək ki, Pedaqogika kafedrasının professoru Hikmət Əlizadənin səhhəti hazırda qənaətbəxşdir. H.Əlizadə ona göstərdikləri ilkin tibbi yardım üçün Bakı Dövlət Universitetində fəaliyyət göstərən poliklinikanın tibbi personalına dərin minnətdarlığını bildirib. Professorumuza can sağlığı arzulayırıq!