BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun anım günü və xatirəsinə həsr olunmuş sərgi keçirilib
Oktyabrın 25-də Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşəbbüsü ilə fakültənin şəhid məzunu Ataməli Musaoğlunun anım günü və şəhidin anası Leyla Musayevanın nadir incəsənət növü olan “driftwood” janrında əl işlərinin sərgisi keçirilib.
Mərasimdə çıxış edən rektor Elçin Babayev BDU ailəsinin əbədi üzvləri olan şəhid məzunların hər birinin xatirəsinin əziz olduğunu bildirib. O qeyd edib ki, Ataməli Musaoğlu BDU-nun Vətən müharibəsində şəhid verdiyi 22 məzunundan biridir. Onların hər birinin xatirəsinin anılması, məzarlarının və ailə üzvlərinin ziyarət olunması BDU kollektivi üçün həssas ənənədir: “Şəhid məzunlarımızın hər biri göz qırpmadan Vətən uğrunda canlarını fəda ediblər. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi, şəhidlərimizin qanı, qazilərimizin qanı ilə azad edilən torpaqlarımızda indi genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bu gün şəhidlərimizin, o cümlədən Ataməlinin ruhu şaddır”.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov Ataməli Musaoğlunun universitetdə təhsil aldığı müddətdə özünün nümunəvi davranışı ilə seçildiyi, onun əziz xatirəsinin müəllimlərinin, dostlarının qəlbində əbədi yaşayacağını bildirib.
BDU-nun Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva qeyd edib ki, Ataməli Musaoğlu Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışına könüllü qoşulan minlərlə Azərbaycan gəncindən biridir. O, 44 günlük Zəfər savaşının 19-cu günündə qəhrəmancasına şəhid olub: “Torpaqlarımızın düşmən əsarətindən tam azad olunması “Dəmir yumruq” ətrafında birləşən xalqımız, ən əsası şəhid ailələri üçün təskinedici məqamdır. Leyla xanım Musayeva torpağa qəhrəman övlad verməklə yanaşı, həm də Azərbaycanda “driftwood” yeni incəsənət növünün yaranmasına təkan verib. Azərbaycan xalqı olaraq Zəfər gününü qeyd etməyə, eyni zamanda beynəlxalq miqyaslı tədbir olan COP 29-un açılışına hazırlaşırıq. “Driftwood” – təbiətdə, dəniz və çimərliklərdə külək və dalğanın təsiri ilə sahilə atılmış ağac qırıntılarından istifadə etməklə yaranan incəsənət növüdür. Leyla Musayeva övladı Ataməlinin şəhadətindən sonra bu sənət növündə çalışmaqla təskinlik tapıb”.