BDU-NUN ŞƏHİD MƏZUNU ERKİN HÜSEYNOVUN XATİRƏSİ ANILIB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Erkin Hüseynovun xatirəsinə həsr olunmuş “Qəhrəmanın yolu” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. “Zəfər lektoriyası”nda keçirilən tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Humanitar məsələlər və Gənclər siyasəti şöbəsinin əməkdaşı Ələkbər Həsənov, BDU Tələbə Gənclər Təşkilatının sədri Harun Mehdiyev, “Narınc” Psixologiya Mərkəzinin əməkdaşı Səbinə Hüseynova və fakültənin TGT fəalları iştirak ediblər.
Çıxış edənlər BDU-nun şəhid məzunu Erkin Hüseynovun qısa, amma şərəfli ömür yolu haqqında fəxrlə söhbət açıblar. Bildirilib ki, Erkin Hüseynov Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə ixtisası üzrə təhsil alıb. Uşaqlıqdan hərbçi olmaq, vətənimizin keşiyində dayanmaq Erkin Hüseynovun ən böyük arzusu olub. Ali məktəbi bitirən kimi ordu sıralarına yazılıb, hərbçi olmaq arzusunu həyata keçirib və leytenant rütbəsinə qədər yüksəlib. 12 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Kəlbəcər rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Erkin Hüseynov hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib, yaralı dostunu xilas edərkən şəhid olub.
Erkin Hüseynovun müəllimləri, tələbə yoldaşları və TGT fəalları Erkini heç zaman unutmayacaqlarına, onun əziz xatirəsini daim uca tutacaqlarına söz veriblər. Təbdir tələbələrin vətənpərvərlik ruhunda söylədikləri şeirlər, ifa etdikləri mahnılarla başa çatıb.