BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Müəllimlərimizi tanıdaq” adlı tədbir keçirilib. Tədbirdə 60 ilə yaxın müddətdə Fəlsəfə kafedrasında çalışmış professor Əziz Məmmədovun xatirəsi anılıb. Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxış edərək bildirib ki, həyatını 1962-ci ildən Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasına bağlayan Əziz Məmmədov fizikanın fəlsəfi problemləri, təbiətşünaslığın konseptual əsaslan, idrak nəzəriyyəsi, epistemologiya, elmi idrakın metodoloji prinsipləri, elmşünaslığın aktual məsələləri, sinergetika, Lütfi Zadənin qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyəsi üzrə çoxsaylı elmi tədqiqatların müəllifi olub.
Onun elmi axtarışlarının nəticələri 40-dan artıq monoqrafiya və kitabda, 350 elmi məqalədə əksini tapıb, bir sıra əsərləri xarici ölkələrdə, o cümlədən ABŞ-da, İngiltərədə, Rusiyada, Türkiyədə, Macarıstanda, Qazaxıstanda, Ukraynada çap olunub. Əziz Məmmədovun respublikamızda fəlsəfə üzrə kadrların hazırlanması sahəsində də böyük xidmətləri olmub. Onun rəhbərliyi altında 15 namizədlik və 2 doktorluq dissertasiyası hazırlanıb. Əziz müəllimin elm və təhsilin inkişaf etdirilməsi qarşısındakı xidmətləri nəzərə alınaraq fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetində “İlin müəllimi” adına layiq görülüb, 2015-ci ildə ən yaxşı tədqiqatçı alim kimi Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evinin, “Qızıl medalı”, 2014-cü ildə Azərbaycan Respublikası “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, dəfələrlə Elm və Təhsil Nazirliyinin və BDU-nun rektorluğunun fəxri fərmanları ilə təltif olunub. Professor Əziz Məmmədov Rusiya Pyotr Elmlər Akademiyasının, Avrasiya Elmlər Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının, Azərbaycan Energetika Akademiyasının həqiqi üzvü, Rusiya Fəlsəfə cəmiyyətininn üzvü idi. Əziz Məmmədov fəlsəfə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmiş, bakalavr və magistratura pillələrində əsas ixtisas fənlərdən mühazirələr aparmış, bakalavr buraxılış işlərinə və magistr dissertasiyalarına rəhbərlik edərək tələbələrinə yüksək elmi vərdişlər aşılamağa çalışmışdır. Onun BDU-nun müxtəlif fakültələrində oxuduğu və tələbələrin həmişə maraqla qarşıladıqları mühazirələri özünün yüksək nəzəri və elmi-metodik səviyyəsi ilə fərqlənirdi.
Sonra Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimovanın hazırladığı videoçarx nümayiş olunub. Videoçarxda professor Əziz Məmmədovun həyat və elmi fəaliyyətinə həsr olunmuş məlumatlar öz əksini tapıb. Tədbirdə Fəlsəfə kafedrasının dosrenti Arif Tağıyev, Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva, Fəlsəfə tarixi kafedrasının dosenti Nərman Süleymanov, Fəlsəfə kafedrasının əməkdaşları Rüzsarə Səmədova və İsmayıl Ələkbərov çıxış edərək Əziz Məmmədov haqqında xatirələrini bölüşüblər.
Əziz Məmmədov təbiətən xeyirxah insan, öz peşəsini ürəkdən sevən müəllim idi. Əziz müəllim 85 yaşında sıralarımızı tərk etsə də öz humanizmini, qayğıkeşliyini, elmi əzmini bizə nümunə qoydu.