“BİR İLİN SON MİSRASI” ADLI TƏDBİR KEÇİRİLİB

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə fəallarının, eləcə də Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Bir ilin son misrası” adlı tədbir keçirilib. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova tələbələrin estetik zövqünün formalaşdırılmasında poeziyanın müsbət əhəmiyyət kəsb etdiyini, onun insan ruhunun ən dərin qatlarına təsir edən incə bir sənət növü olduğunu qeyd edib: O, daha sonra deyib: “Poeziya düşüncəni saflaşdırır, hissləri oyadır və insanın özünü, dünyanı və başqalarını daha dərindən dərk etməsinə imkan yaradır. Bu səbəbdən poeziyanın mənəviyyata təsiri həm fərdi, həm də ictimai müstəvidə əvəzolunmazdır”.
Daha sonra Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxış edərək poeziyanın, ilk növbədə insanı düşünməyə vadar etdiyini bildirib. O, qeyd edib ki, bəzən bir misrada gizlənən məna insanı dayanmağa, sual verməyə və cavab axtarmağa sövq etdirir. Bu proses isə mənəvi zənginliyin başlanğıcıdır, çünki insan sual verdikcə, özü ilə dialoqa girdikcə daxili aləmi daha da kamilləşir. Kafedra müdiri daha sonra poeziyanın həm də empatiya hissini gücləndirdiyini, insana başqalarının duyğularını anlamağı öyrətdiyini, bunun nəticəsində başqasının ağrısını hiss edə bilən insanın daha mərhəmətli, daha ədalətli və daha məsuliyyətli olduğunu qeyd edib.
Tədbir daha sonra bədii hissə ilə davam edib. Fəlsəfə ixtisasının I kurs tələbəsi Kamran Balayevin tarda ifa etdiyi “Küçələrə su səpmişəm” mahnısı iştirakçılar tərəfindən maraqla qarşılanaraq tədbirə xüsusi emosional ovqat qatıb.
I kurs tələbəsi Şəkər Qasımlı İmadəddin Nəsimi yaradıcılığı haqqında məlumat verib, şairin humanist ideyaları, fəlsəfi dünyagörüşü və Azərbaycan ədəbiyyatındakı yeri haqqında danışıb. Gülmirə Mahmudovanın ifasında Mikayıl Müşfiqin “Hamıdan gözəl mənəm” şeiri səsləndirilib. Şeir gənclik ruhu, həyat sevgisi və lirizmi ilə auditoriyanın böyük marağına səbəb olub. Tədbir Nuray Məhərrəmova və Aylin Əlibəyovanın “Uzundərə” rəqsi ilə davam etdirilib. Milli rəqs nümunəsi tədbirin bədii-estetik dəyərini daha da artırıb və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra Fəlsəfə ixtisasının I kurs tələbəsi Şəmsəddin Aslan Mirzə Fətəli Axundzadənin yaradıcılığı ilə bağlı çıxış edib, yazıçının dramaturgiya sahəsinə gətirdiyi yeniliklər və maarifçi ideyaları haqqında məlumat verib. M.F. Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanmış “Dərviş Parisi partladır” səhnəciyi Mədinə Hüseynova, Gülmira Mahmudova, Nihad Cabbarov, Şəmsəddin Aslan, Əhməd Abdulla tərəfindən nümayiş etdirilib. Səhnəcik tamaşaçılar tərəfindən maraqla izlənilib və satirik məzmunu ilə diqqət çəkib. Mikayıl Müşfiqin “Məni gözəl xatırla” şeirini Zeynəb Soltanlı səsləndirib. Şeir emosional təsiri ilə tədbirin ən yaddaqalan anlarından biri olub.