Birinci kurs tələbələri ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib. Tədbirdə fakültənin dekanı Rövşən Cavadov, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, eləcə də fakültədə fəaliyyət göstərən tələbə təşkilatlarının fəal üzvləri iştirak ediblər.
Görüşdə çıxış edən dekan Rövşən Cavadov tələbələri ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetini seçdikləri üçün təşəkkür edib və onlara təhsil illərində uğurlar arzulayıb. R.Cavadov vurğulayıb ki, fakültədə gənclərin keyfiyyətli təhsil alması, elmi-tədqiqat potensialını reallaşdırması və rəqabətədavamlı kadr kimi yetişməsi üçün hər cür şərait yaradılıb. Dekan, həmçinin birinci kursların universitet mühitinə tez bir zamanda adaptasiya olunması üçün rəhbərliyin hər zaman onların yanında olduğunu diqqətə çatdırıb.
Daha sonra Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova çıxış edərək universitetin sosial mühiti, tələbə həyatı və mövcud imkanlar barədə ətraflı məlumat verib. N.Kərimova fakültədə fəaliyyət göstərən tələbə təşkilatlarının, klubların və sosial layihələrin rolunu xüsusi vurğulayaraq, birinci kursları ilin ilk günlərindən BDU-nun ictimai həyatında və könüllülük hərəkatında fəal iştirak etməyə çağırıb.
Tədbirdə tələbə təşkilatlarının fəalları da söz alaraq öz təcrübələrini bölüşüb, I kurs tələbələrini maraqlandıran sualları cavablandırıblar.
Görüşün sonunda fakültə rəhbərliyi tələbələrlə xatirə şəkli çəkdirib.