COP29 VƏ QLOBAL İQLİM DƏYİŞİKLİKLƏRİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “COP 29 və qlobal iqlim dəyişiklikləri” mövzusunda tədbir keçirilib. Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov tədbiri giriş sözü ilə açıq elan edərək bildirib ki, insanlar ana təbiətin havasından, suyundan, maddi nemətlərindən bol-bol faydalandıqlarına baxmayaraq, ona qarşı həmişə istehlakçı münasibət bəsləyiblər. Bəşər övladı tərəfindən aldığı ciddi zərbələr ətraf mühitin özünübərpa, özünütənzimləmə qabiliyyətini xeyli zəiflədib, nəticədə bu münasibətin qisası kimi təbiət bizi gözə görünməyən virus, epidemiya təhlükəsi ilə qarşı-qarşıya qoyub.
Təbiəti istismar strategiyasını seçiriksə, təbiət də bunun müqabilində qisasalma strategiyasını seçmək məcburiyyətində qalır.
Rövşən Cavadov təbiətə qayğı ilə yanaşmaq üçün insanlarda ekoloji təfəkkürün formalaşmasının zəruriliyini qeyd edib və gənc nəslin ekoloji tərbiyəsində müəllimlərin xüsusi rolunu önə çəkib: “Nə qədər ki, dünyaya, təbiətə, həyata, həyatdakı missiyamıza qeyri-adekvat olan mövcud münasibətimizi dəyişməyəcəyik, növbəti mərhələlərdə çoxsaylı viruslar kompleksi ilə üzləşəcəyik və bütövlükdə insan nəslinin yox olması təhlükəsi ilə üz-üzə qalacağıq. Hiylədən, məkrdən, təbiətə istehlakçı münasibətdən uzaq olmalı, düşüncə tərzimizi dəyişməliyik! Həyata baxışlarını, “dünya görüşünü dəyişməyən heç kəs” yaxşı nəyəsə ümid etməməlidi”.
Daha sonra Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev çıxış edərək hazırda ekoloji problemlərin törətdiyi fəsadların qlobal səciyyə daşıdığını söyləyib. O, bildirib ki, ekoloji tarazlığın planetar miqyasda pozulması başımızın üzərində asılmış Damokl qılıncını xatırladır. Ü.Şəfiyev daha sonra qeyd edib ki, bəşəri xarakter kəsb edən ekoloji problemlər hər bir planet sakinin mənafeyinə toxunduğu üçün onların aradan qaldırılması da dunya əhalisinin birgə səyi nəticəsində mümkün ola bilər.
Ü.Şəfiyev Azərbaycan Respublikasında qlobal ekoloji problemlərin daim diqqətlə izlənildiyini, onların mənfi təsirlərinin aradan qaldırılması və preventiv tənzimlənmə yollarının araşdırılması istiqamətində ciddi təşəbbüslər göstərildiyini qeyd edib. Kafedra müdiri Ermənistanın işğalı nəticəsində Azərbaycanın 20%-ə yaxın ərazilərinin ekosidə məruz qaldığını və ekoloji fəlakət reallığının ölkəmiz üçün xüsusi məna kəsb etdiyini vurğulayıb. O, deyib ki, 30 il işğal altında qalan ərazilərimizdə mənfur qonşularımızın qeyri-qanuni fəaliyyəti təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarıb: meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhv edilməsi nəticəsində Azərbaycanın işğala məruz qalmış 20 faiz ərazilərində ekoloji tarazlıq pozulub.
Ü.Şəfiyev Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsini Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsi adlandırıb. Bunu Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi qiymətləndirən kafedra müdiri belə mühüm bir tədbirin keçirilməsini Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab hesab edib.
Tədbir tələbələriin çıxışçılara ünvanladıqları suallara verilən cavablarla sona çatıb.