DAUN SİNDROMLU ŞƏXSLƏR GÜNÜ
17.03.2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Psixologiya kafedrasının saathesabı qaydada dərs aparan müəllimi İlahə Nəbiyevanın təşəbbüsü ilə 21 Mart "Beynəlxalq Daun sindromlu şəxslər günü" ilə əlaqədar olaraq "Daun sindromunu anlamaq: Dünyanın 21-ci nəbzi" adlı tədbir keçirilib. Tədbirdə fakultənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, kafedranın professor-müəllim heyəti, Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan III kurs tələbələri, daun sindromlu Pərvanə Hüseynli və onun anası Nüşabə Hüseynli iştirak ediblər.
Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva tədbiri açıq elan edərək Daun sindromlu şəxslərlə bağlı sosial məsuliyyət mövzusunda çıxış edib. O, qeyd edib ki, Daun sindromlu şəxslər kiçik yaşlarından sosial mühitdə aktiv şəkildə fəaliyyət göstərdikdə sosial və psixoloji baxımdan daha yaxşı inkişaf edirlər. Kafedra müdiri tədbirin qonağı Pərvanə Hüseynlinin ən parlaq nümunə olduğunu vurğulayıb.
İlahə Nəbiyeva tədbir iştirakçılarına Daun sindromunun tarixi və nəzəri əsasları haqqında məlumat verib. Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev Daun sindromlu insanların daim dövlət himayəsində olduğunu və bununla bağlı müvafiq qurumlarda olan abilitasiya və reablitasiya proqramlarının mövcudluğundan danışıb.
Sonra tədbirdə Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan III kurs tələbələrinin mövzu ilə bağlı hazırladıqları videotəqdimat və Daun sindromu ilə bağlı Bakı şəhərində aparılmış sosioloji sorğunun video çarxı nümayiş etdirilib.
Pərvanə Hüseynlinin anası Nüşabə Hüseynli Daun sindromlu uşağın valideyni kimi öz şəxsi təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb. O, daha sonra qızının uğurlarından, onun könüllülük proqramlarındakı fəaliyyətindən danışıb. Sonda tədbirin qonağı Pərvanə Hüseynli rəsm əsərlərini və əl işlərini nümayiş etdirib və "Xarı bülbül" rəqsini ifa edib.
Tədbirin yekununda Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva Pərvanə Hüseynliyə xoş arzularını bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra xatirə şəkli çəkilib.