"DƏB FƏRDİYYƏTİN TƏZAHÜRÜDÜR" ADLI TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Diskussiya Klubu fəallarının “Dəb fərdiyyətin təzahürüdür” adlı tədbiri keçirilib.
Fakültə Diskussiya klubunun sədri Xədicə Məmmədova mövzu ilə bağlı məlumat verib, hazırladığı slaydı tədbir iştirakçılarına təqdim edib. “Dəb fərdiyyətin təzahürüdür” adlı slaydda qədim dövrdən günümüzə qədər dəbin keçdiyi tarix yoldan bəhs edilib və mövzu ilə bağlı müzakirələr aparılıb. Xədicə Məmmədovanın tələbələrə ünvanladığı suallar auditoriya tərəfindən maraqla qarşılanıb. “Sizin üçün dəb nəyi ifadə edir” sualına fakültənin Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının II kurs tələbəsi Mənsuməxanım Məmmədzadə “Mənin fikrimcə dəb, insanın özünə yaraşanı geyinməsidir” cavabını verib. “Sizcə çarşaflı qadınlar orta əsrlərə qayıdır, yoxsa özlərinə yeni geyim tərzi formalaşdırırlar?” sualına fakültənin II kurs tələbəsi Əsli Əliyeva cavab olaraq bildirib ki, orta əsrlərdə baş örtüyü tam olaraq dini inancla bağlı olmasa da, müasir dövrdə bu cür geyimlər, xüsusən Hicab xanımların dini inanca bağlı olmasının göstəricisi kimi qəbul edilir. Ə.Əliyeva özünün də Hicabdan istifadə etdiyini bildirərək deyib ki, bu cür geyinən xanımlar cəmiyyətdə daha çox diqqət mərkəzində olurlar. Onların davranışlarında yol verilən xoşagəlməz hərəkətlər bütün hicablı qadınların ünvanına şamil edilir. Bu mənada Hicab bağlamış xanımlar onun məsuliyyətini dərk etdikdən sonra bu addımı atmalıdırlar”.
“Sizcə Qədim dövrün dəbi ilə müasir dövrün dəbi arasında hansı fərqlər var” sualına Fəlsəfə ixtisasının I kurs tələbəsi Ayla Xasıyeva belə cavab verib: ”Əvvəllər kişi və qadın geyimlərində müəyyən bir məqsədlə yaradılmış detallar sonralar öz mənasını itirmiş, sadəcə olaraq, bəzək rolu oynamışdır. Buna misal olaraq bir vaxtlar kişi şalvarlarında saatların qoyulması üçün nəzərdə tutularaq tikilən kiçik cibləri göstərmək olar. Hazırda bu detaldan yalnız bəzək elementi kimi istifadə olunur. Müasir dövrdə əsasən qadınların istifadə etdiyi dikdaban ayaqqabıların yaranma tarixinə nəzər yetirsək, görərik ki, ilk dəfə bu ayaqqabıları kişilər geyinib. Orta əsrlərdə Fransa küçələrində sel sularının gətirdiyi çirkablardan qorunmaq üçün kişilər dikdaban ayaqqabılara üstünlük veriblər. Hazırda dikdaban ayaqqabılardan yalnız qadınlar dəb xatirinə istifadə edirlər.
Auditoriyaya ünvanlanmış suallara fakültənin aktiv tələbələrindən olan Şəbnəm Maqsudova, Aytac İsmayılzadə, Zəhra Qədirzadə dolğun cavablar veriblər.
Bütün hallarda müzakirədə iştirak edənlər dəbin fərdiyyətin təzahürü olması anlamını daşıması fikrinə gəlmədilər. Əslində isə, “dəb” anlayışı ilə “yaradıcılıq” anlayışı arasında yaxın əlaqənin olduğunu bilmək vacibdir. Hər iki halda insan bilərəkdən, qəsdən hansısa cəhətdən özünü başqalarından fərqləndirməyə çalışır. Əgər bu fərqləndirmə geyim sahəsində dəbi özündə ehtiva edirsə, intellektual sahədə yaradıcılığa gətirib çıxarır. İnanırıq gələcəkdə məsələnin bu tərəfi daha çox qabardılacaq.