“Depressiyanın növləri” adlı elmi-praktik seminar keçirilib

Bakı Dövlət Universiteti (BDU) “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə “Depressiyanın növləri” adlı elmi-praktik seminar keçirilib. Seminarın məqsədi müasir dövrdə artmaqda olan depressiya probleminin və onun psixoloji aspektlərinin vaxtında öyrənilməsi, ümumiyyətlə depressiya haqqında maarifləndirmə işinin aparılması, tələbələrin bu sahədə nəzəri və praktik biliklərinin artırılması olub. Elmi-praktik seminarın məruzəçisi Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının dosenti, Psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova depressiyanın klinik-psixoloji mahiyyəti, depressiyanın yaranma səbəbləri və risk faktorları, gənclərdə depressiyanın səbəbləri, aradan qaldırılması yolları, depressiyanın praktik təyini (Hamilton, A.Bek və s. testlər) haqqında geniş məlumat verib. Kamilə Kazımova çıxışında həmçinin gənclər arasında depressiyanın vaxtında aşkarlanması, psixoloji dəstək, fərdi terapiya haqqında da praktik nümunələr üzərindən izahat verib. Seminarın ən önəmli mərhələlərindən biri praktiki mərhələ olub. Bu mərhələdə depressiv simptomlar müşahidə olunan real bir gənc pasientlə (gizliliyin qorunması üçün maskadan istifadə edilərək) klinik müsahibə aparılmış, Bekin depressiya testi vasitəsilə pasientdə depressiyanın ağırlıq dərəcəsi yoxlanılmış, həmçinin koqnitiv terapiyadan qısa şəkildə istifadə edilmişdir. Seminarda eyni zamanda elmi-praktik yanaşmalar əsasında depressiyadan çıxış yolları nümayiş etdirilib. Təqdimat zamanı məruzəçi və iştirakçılar arasında maraqlı diskussiyalar keçirilib, iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar ünvanlanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və real həyat hadisələri əsasında müzakirələr həyata keçirilib. Diskussiya zamanı tələbələr həm şəxsi müşahidələrini bölüşmək, həm də psixoloji biliklərini möhkəmləndirmək imkanı əldə ediblər. Praktiki mərhələdə həmçinin tələbələrin depressiya səviyyəsini ölçmək və qiymətləndirmək məqsədilə Bek depressiya testi təqdim olunub. Seminarın sonunda isə iştirakçılar arasında emosional rahatlığın təmin olunması və psixoloji gərginliyin azaldılması məqsədilə qrup şəklində relaksasiya metodundan istifadə olunub. Bu hissədə tələbələrlə birlikdə qısa nəfəs məşqləri, zehni rahatlama texnikası tətbiq olunub. Relaksasiya prosesi iştirakçılarda sakitlik və yüngüllük hissi yaradıb və onlar öz şəxsi təəssüratlarını bölüşüblər. Seminarın sonunda və təlimçi Kamilə Kazımova tələbələrlə xatirə şəkli çəkdirib.