DOST KÖNÜLLÜLƏRİ ÜÇÜN DAVRANIŞ PSİXOLOGİYASI MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi könüllülərinin təşəbbüsü ilə "Davranış psixologiyası" mövzusunda təlim keçirilib. Təlimə DOST Agentliyinin 30 nəfər könüllüsü dəvət edilib. Sosial və pedaqoji psixologiya kafedrasının saathesabı müəllimi Şəbnəm İslamlı təlimdə könüllülərə mental sağlamlığa təsir edən strategiyalar haqqında məlumat verib. Bu strategiyalara problemli düşüncələrdəki təhrifləri tanımaq və onları yenidən qiymətləndirməyi öyrənmək, başqalarının davranış və niyyətlərini daha yaxşı başa düşmək, çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün problem həlletmə bacarıqlarından istifadə etməyi öyrənmək və insanın özünə inamını artırmaq daxildir.
Klinik Psixoloq Şəbnəm İslamlı Bakı Dövlət Universitetinin könüllüləri ilə baş tutmuş tədbirdə vəziyyətlərin öhdəsindən gəlmək üçün problem həlletmə bacarıqlarından istifadə etməyi öyrənmək və insanın özünə inamını artırmaq məsələləri haqqında məlumat verib. Ş.İslamlı daha sonra könüllüləri psixologiyada istifadə olunan terapiyalar, sxem terapiyaları, davranış psixologiyası və onun geniş aspektləri haqqında məlumatlandırıb. Tədbirdə qeyd edilib ki, psixoloji sağlamlığı qaydasında olan insanlar özlərinin daxili potensialından səmərəli istifadə etməklə, həyatın gətirdiyi gündəlik stresin öhdəsindən gələ bilir, məhsuldar işləyərək çevrəsinə töhvələr verir. Təlimçi stresin yalnız zərərli deyil, həm də faydalı olduğunu, insanı səfərbər etdiyini də vurğulayıb.
Tədbirin sonunda könüllülərin fikirləri dinlənilib, onları maraqlandıran suallara cavablar verilib. Ş.İslamlının davranış psixologiyası ilə bağlı göstərdiyi slayd və videoçarxlar könüllülər tərəfindən maraqla qarşılanıb.