"Dövlətçilik və şəxsiyyət" mövzusunda Ümumrespublika onlayn elmi-praktik konfrans keçirilib
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının təşkilatçılığı ilə 3 noyabr 2021-ci il tarixində “Dövlətçilik və şəxsiyyət” mövzusunda Ümumrespublika onlayn elmi-praktik konfrans keçirilib. Konfrans sözü gedən kafedranın yaranmasının 10 illiyinə həsr olunub. Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan edib. Daha sonra konfransın moderatoru Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova konfrans mövzusunun aktuallığından bəhs edərək millətin inkişafında dövlətçilik və şəxsiyyət amilinin rolunun kifayət qədər yüksək olmasını, hər bir cəmiyyətin müxtəlif dövrlərdə görkəmli şəxsiyyətlər yetişdirməsini, bu şəxsiyyətlərin milli dövlətçiliyin və mənsub olduqları cəmiyyətin inkişafında müstəna rol oynadığını xüsusi vurğulayıb. Bu münasibətlərin hazırkı dövrdə də aktual olmasını və müasir yanaşmalar baxımından araşdırılmasının maraqlı olmasını diqqətə çatdırıb. Daha sonra konfrans iştirakçılarına məruzələrini təqdim etmələri üçün söz verilib.
Tədbirdə ADPU –nun Şamaxı filialının Psixologiya kafedrasının baş müəllim, psixologiya üzrə fəlsəfə elmləri doktoru İ.Sultanovanın “Əbdül Əlizadənin üçtərkibli taksonomiyasında şəxsiyyətin polimədəni inkişaf məsələləri”, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Ş.Aslanovanın “Şəxsiyyətin dəyərlər sisteminin formalaşmasına təsir göstərən etnik psixoloji amillərin təhlili”, Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının dosenti A.Hacıyevanın “Şəxsiyyətin inkişafına emosiyaların təsirinin təhlili”, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi M.Eyyubovanın “Şəxsiyyətin cəmiyyətə adaptasiyanın sosial-psixoloji aspektləri”, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət məşğulluq agentliyinin böyük məsləhətçisi X.Rzanın “Vətən müharibəsi Azərbaycan mediasında” mövzularında məruzələri dinlənilib. Qeyd edək ki, konfransda müxtəlif universitetlərdən professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak ediblər. Tədbirin sonunda BDU-nun Elm fəaliyyətinin təşkili və İnnovasiyalar Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru Mais Süleymanov çıxış edərək Sosial və pedaqoji psixologiya kafedrasının yaranmasının 10 illiyi münasibətilə kafedra müdiri və əməkdaşlarını təbrik etmiş, fəaliyyətində uğurlar arzulayıb.