EKOLOJİ ŞÜUR, EKOLOJİ TƏHSİL, EKOLOJİ MƏDƏNİYYƏT” ADLI DƏYİRMİ MASA KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında COP-29 beynəlxalq konfransı ilə əlaqədar “Ekoloji şüur, ekoloji təhsil, ekoloji mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada kafedra müdiri Kəmalə Pənahova, fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, kafedranın gənc müəllimləri və tələbələr iştirak ediblər.
Kafedra müdiri Kəmalə Pənahova COP-29 konfransını ölkəmiz və bütün dünya üçün əlamətdar hadisə adlandırıb. O, qeyd edib ki, planetimizi əhatə edən dərin ekoloji böhranların dərki öz ifadəsini məhz ekoloji şüurda tapır: “Ekoloji şüurun reallaşması üçün isə şəxsi iradə, ekoloji fəaliyyət, ekoloji təcrübənin toplanması və mübadiləsi, onun yayılması, cəmiyyətdə ekoloji mədəniyyətin kommunikasiyası zəruridir. Ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi, insan – təbiət münasibətlərinə yeni baxışlar tələb edir. Bununla əlaqədar olaraq COP-un keçirilməsi böyük əhəmiyyətə malikdir. Qlobal istiləşmənin qarşısını almaq üçün bütün ölkələrin məsuliyyətlə davranması çox önəmlidir”.
Daha sonra dekan müavini Nəzakət Kərimova çıxış edərək, ekoloji problemlərin milli sərhəd tanımadığını, bir ölkənin ərazisində baş verən ekoloji problemlərin digər ölkələrə keçərək regional səciyyə kəsb etdiyini bildirib. Tomas Morun “Utopiya” əsərində təsvir edilən ideal cəmiyyət modeli haqqında “Dəyirmi masa” iştirakçılarına məlumat verən N.Kərimova ənənəvi və industrial cəmiyyətdə insanların təbiətə münasibəti məsələsinə toxunub, sənaye sivilizasiyasının ətraf mühitə istismarçı münasibətindən danışıb.
Fəlsəfə kafedrasının saathesabı müəllimləri İsmayıl Ələkbərov, Zeynəb Manafova, Aysan Əliyeva, Məlahət Məmmədova COP-un yaranma tarixi, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyəti, bu istiqamətdə aparılan tədbirlər haqqında məlumat veriblər, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ağıllı şəhər layihəsindən, milli qoruqların yaradılması zərurətindən danışıblar. Məruzəçilər daha sonra COP-29-un əxlaq sahəsinə təsiri məsələlərini müzakirə ediblər, iqlim dəyişikliyi ilə mübarizədə etik məsuliyyət və ədalət hisslərinin mühüm rolu haqqında fikir mübadiləsi aparıblar.