MƏİŞƏT ZORAKILIĞI MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
20.10.2023-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi könüllülərinin təşkilatçılığı ilə “Məişətdə baş verən neqativ hallar və onlarla mübarizə metodları” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra SEP Könüllülərinin sədri Sevil Nəsirova tədbirdə çıxış edərək iştirakçılara məişət zorakılığına məruz qalmış qadınlar və onlar üçün yaradılan Qadın sığınacaqları haqqında məlumat verib.
Fəlsəfə ixtisası üzrə III kurs tələbəsi Samir Quliyev “Valideyn-övlad münasibətləri” adlı çıxışında ailənin tarixi inkişaf mərhələləri, ailənin növləri, valideyn-övlad münasibətləri, ailə münasibətlərində yaranan problemlər və onların həlli yolları haqqında danışıb.
Psixologiya ixtisası üzrə II kurs tələbəsi Xədicə Babazadə “Zorakılığa məruz qalmış uşaqlar” mövzusunda çıxışını slayd-şou şəklində təqdim edib, uşaqların ailədə, məktəbdə məruz qaldığı zorakılıq hallarından danışıb.
Tədbirin aparıcısı Toğrul Mirzəyev qadın sığınacaqları, avtoritar ailələrdə böyümüş uşaqların məruz qaldığı zorakılıq halları və s. suallarla tədbir iştirakçılarına müraciət edib. Diskussiya şəklində davam edən tədbirdə Fidan Cəlilova və Qumru Qənbərova verilən suallara maraqlı cavabları ilə fərqləniblər.