FAKÜLTƏ ÜZRƏ ƏN YÜKSƏK BAL TOPLAMIŞ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinə yeni tədris ilində bakalavriat səviyyəsi üzrə 438 nəfər, o cümlədən 414 nəfər əyani, 24 nəfər isə qiyabi təhsil formasında qəbul olunub. Onlardan 405 nəfəri dövlət sifarişi, 33 nəfəri isə ödənişli əsaslarla təhsil alır. Müxtəlif ixtisaslar üzrə qəbul olunanlardan 325 nəfəri Azərbaycan, 63-ü rus, 50-si ingilis bölməsinin tələbəsidir.
Sosial elmlər və psixologiya fakültəsinə bakalavriat səviyyəsi üzrə qəbul olunanların 125-i 500-dən yuxarı, 212 nəfəri isə 400-dən yuxarı bal toplayıb.
Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinə bakalavriat səviyyəsi üzrə ən yüksək balla daxil olmuş tələbələrlə görüşüb. Dekan tələbələrlə söhbətində bildirib ki, Sosial elmlər və psixologiya fakültəsinə bu il daxil olan tələbələrin ümumi keçid balları ötən illərlə müqayisədə daha yüksək olub. O, qeyd edib ki, yüksək bal toplamış tələbələrin əksəriyyəti Psixologiya və Sosial iş ixtisaslarını seçib.
R.Cavadov müxtəlif ixtisaslar üzrə ən yüksək nəticə göstərmiş tələbələri - Şərafət Mehtiyeva (Sosial iş, rus bölməsi ), Ülvi Abbasov (Təhsildə sosial psixoloji xidmət, rus bölməsi), Könül Ataxanlı (Sosial iş, Azərbaycan bölməsi), Şükür Rüstəmov (Sosial iş, ingilis bölməsi), Nərgiz Babayeva (psixologiya, ingilis bölməsi), Nərmin Qulizadə (psixologiya, ingilis bölməsi), Elvin Mustafayev (psixologiya, ingilis bölməsi), Nərgiz Babayeva (Korreksiyaedici təlim, Azərbaycan bölməsi) - təbrik edib, onlara uğurlar arzulayıb. Fakültə dekanı daha sonra deyib: “Ümidvaram ki, topladığınız balın məsuliyyətini dərk edərək, sonrakı həyatınızda daha yüksək uğurlara nail olacaqsınız”.