FAKÜLTƏDƏ AİLƏ DƏYƏRLƏRİNƏ HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi” adlı təlim keçirilib. Təlimdə fakültənin Tələbə Gənclər Təşkilatının və Könüllülər təşkilatının üzvləri iştirak ediblər. Təlim fakültənin dekanı Rövşən Cavadov tərəfindən həyata keçirilib. R.Cavadov ailə institunun yaranma və formalaşma tarixindən, onun bugünkü inkişaf xüsusiyyətlərindən və qloballaşan dünyada milli-mənəvi dəyərlərlə yanaşı ailəyə göstərilən yad təsirlərdən danışıb. Gənc nəslin təlim-tərbiyəsində ailə ilə bərabər təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Rövşən Cavadov ailədaxili münaqişələr zamanı valideyn-övlad münasibətlərindəki mənfi halların yaranma səbəblərini təhlil edib, tələbələrə dəyərli tövsiyyələr verib. Fakültə dekanı mövzu ilə bağlı verilən məlumatın daha asan qavranılması və gənclərdə müəyyən estetik-əxlaqi hisslərin oyadılması məqsədi ilə nitqində informasiyanın gücləndirici vasitəsi kimi müxtəlif pritça və şeirlərdən istifadə edib. Təlimdə R.Cavadov tərəfindən söylənilən fikirlər, onun həyat təcrübəsindən süzülüb gələn misallar və həyat hekayələri tələbələrin böyük marağına səbəb olub.