FAKÜLTƏDƏ “BAHARIN NƏĞMƏSİ” ADLI NOVRUZ ŞƏNLİYİ KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Baharın nəğməsi” adlı Novruz şənliyi keçirilib. Tədbir “BDU könüllüləri” təşkilatıının SEP üzvləri və fakültənin Tələbə Gənclər Təşkilatı fəallarının birgə səyi nəticəsində ərsəyə gəlib. Tədbirdə fakültənin dekan müavinləri Qızılgül Abbasova, Nəzakət Kərimova, tyutorlar və tələbələr iştirak ediblər. Dekan müavinləri tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdikdən sonra sözü tələbələrə veriblər.
Tədbirdə fakültə fəallarının hazırladıqları "Novruz - keçmiş və gələcək arasında" adlı səhnəcik nümayiş olunub. Səhnəcikdə Novruz bayramının keçmişdə və müasir dövrdə necə qeyd edildiyi tələbələr tərəfindən məharətlə canlandırılıb. Novruz adət-ənənələrinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub.
Tədbir interaktiv formada davam etdirilib, auditoriyaya Novruzla bağlı suallar ünvanlanıb. Fakültə fəalları tərəfindən musiqi, şeir və rəqs ifa edilib, Novruz bayramına həsr edilmiş videoçarx nümayiş olunub. Bayram şənliyində iştirakçılar "Biz mehriban ailəyik" mahnısını oxuyublar, tədbir “Yallı” rəqsinin ifası ilə başa çatıb.