FAKÜLTƏDƏ CƏBRAYIL GÜNÜ QEYD EDİLİB
Sosial elmlər və psixologiya fakültəsində “Cəbrayıl günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova və fakültənin əslən Cəbrayıldan olan fəal tələbələri iştirak ediblər. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Fəlsəfə ixtisası üzrə I kurs tələbəsi Nihad Yusifli və psixologiya ixtisası üzrə I kurs tələbəsi Xanımnənə Məmmədova Cəbrayıl rayonunun coğrafi mövqeyi, tarixi abidələri, faydalı qazıntıları, qiymətli xammal ehtiyatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri haqqında tədbir iştirakçılarına məlumat veriblər. Onlar həmçinin erməni vandallarının işğalı nəticəsində Cəbrayıl şəhəri daxil olmaqla 4 qəsəbə, 92 kəndin talan edilərək yandırıldığını, 132 tarixi, mədəniyyət və dini abidənin dağıdıldığını, 1988-1993-cü ilə qədər erməni qəsbkarlarına qarşı döyüşdə 400 nəfərin şəhid olduğunu, torpaqlarımızın azadlığı uğrunda vuruşan 6 nəfər Cəbrayıl sakininin Milli Qəhrəman adına layiq görüldüyünü diqqətə çatdırıblar.
N.Yusifli müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edildiyini və bu əməliyyat zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsinin və texnikasının məhv edildiyini bildirib.
Sosial iş ixtisası üzrə III kurs tələbəsi Zümrüd Xudiyeva öz çıxışında üzünü görmədiyi doğma Qarabağa bağlılıq hisslərinin formalaşmasında valideynlərinin böyük rol oynadığını vurğulayıb. Z.Xudiyeva bildirib ki, 2020-ci il Vətən Müharibəsinin yenicə başladığı dövrdə atası Tərxan kişi minbir əziyyətlə Cəbrayılın Quycaq kəndinə getməyə müvəffəq olub. Silahlı qüvvələrimizin hərbi texnikasının keçdiyi cığırla irəliləyərək mina təhlükəsinə sinə gərib. Lakin erməni vandalları tərəfindən dağıdılmış yurd yerlərinin xarabalıqları, tükürpədən mənzərələri ona elə ciddi təsir göstərib ki, Bakıya qayıtdıqdan sonra bir ay xəstə yatıb. Ailədə 4 bacı olduqlarını qeyd edən Zümrüd Xudiyeva bildirib ki, böyük bacısının doğum günü Cəbrayılın işğal tarixinə təsadüf edib. Elə bu səbəbdən ailə düz 25 il ilk övladlarının doğum gününü qeyd etməyib. Cəbrayıl erməni əsarətindən xilas ediləndə isə sevinclərinin həddi-hüdudu olmayıb.
Fəlsəfə ixtisası üzrə I kurs tələbəsi Rufiz Quluzadə çıxış edərək əsrarəngiz təbiəti, mehriban və qonaqpərvər camaatı ilə seçilən Qarabağ bölgəsini bir cənnətə bənzədib. O, qeyd edib ki, I Qarabağ Müharibəsində şəhid olmuş 20 yaşlı əmisi Rufiz Quluzadənin adını daşıyır. Vətənpərvər, cəsur döyüşçü olmuş Rufizin adını daşımağın qürurverici və məsuliyyətli bir iş olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran R. Quluzadə əmisinin nakam qalmış arzularını davam etdirəcyinə söz verib. O, böyük ümid və həvəslə Cəbrayıla dönəcəkləri günü gözlədiyini və doğma ata yurdunda aparılan böyük quruculuq işlərində iştirak etmək arzusunda olduğunu ifadə edib.