FAKÜLTƏDƏ ELM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Elm gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə kafedra müdirləri, tələbə və magistantlar iştirak ediblər. Dekan Rövşən Cavadov çıxışında bildirib ki, hər il mart ayının 27-si Respublikamızda Elm Günü kimi qeyd edilir. Elm Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilib.
O, daha sonra bu tarixin ölkə üçün əlamətdar bir vaxta – Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Dekan daha sonra qeyd edib ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edildikdən sonra respublikamızda elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. O, hazırda Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən birinin elmin inkişafı olduğunu vurğulayıb.
R.Cavadov Prezident İlham Əliyevin 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyini, bu qanundan irəli gələrək respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərininin müəyyən edildiyini söyləyib. O, daha sonra qeyd edib ki, “Elm haqqında” Qanun elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edib.
R.Cavadov çıxışında fakültədə fəaliyyət göstərən 8 kafedrada 2024-2026-cı illər üzrə aparılacaq elmi tədqiqat işlərinin bugünkü vəziyyəti haqqında məlumat verib. O, bildirib ki, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında müasir fəlsəfənin konseptual problemləri, Fəlsəfə kafedrasında isə XX əsrin ikinci yarısı-XXI əsrin əvvəllərində dünyadakı inkişaf tendensiyalarının fəlsəfi təhlili problemləri üzərində elmi tədqiqat işləri aparılacaq. Psixologiya kafedrasının professor-müəllim heyəti “Psixologiya elmində yeni çağırışlar” mövzusunda elmi-tədqiqat işlərini həyata keçirəcəklər. Sosiologiya kafedrasında sosial təhlükəsizlik probleminin nəzəri-metodoloji əsasları və qloballaşan mühitdə onun yeri və rolu məsələləri tədqiqat obyektinə çevriləcək. Sosial iş kafedrasının alimləri Azərbaucanda sosial xidmət sahəsinin əsas inkişag istiqamətlərini müəyyənləşdirən araşdırmalara başlayacaqlar. Sosial və pedaqoji psixologiya və Gender və tətbiqi psixologiya kafedralarında milli dövlətçilik və tətbiqi psixologiya məsələləri üzərində nəzəri araşdırmalar həyata keçiriləcək.
Daha sonra Fəlsəfə və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova çıxış edərək, Azərbaycan Respublikasında elm sahəsində aparılan islahatlardan danışıb, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamların imzalandığını qeyd edib.
Fakültənin Fəlsəfə ixtisası üzrə I kurs tələbəsi Vaqif İmanlı Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Fəlsəfə ixtisasının II kurs tələbəsi Muhəmməd Əmin Hacılı Azərbaycan elminin zəngin tarixi ənənələri haqqında məlumat verib və tanınmış elm xadimlərimizə həsr olunmuş videoçarxı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Fakültənin Fəlsəfə ixtisası üzrə II kurs tələbəsi Mirfəttah Qəhrəmanov Respublika Statistika Komitəsinin məlumatları əsasında hazırladığı slaydı təqdim edib. Slaydda Respublikamızda alimlik dərəcəsi olan elm adamlarının sayı, yaşı və cinsi haqda məlumatların diaqramlar şəklində təsviri maraqla qarşılanıb.
Nuranə Bayramova və Seyidfatimə Abbasova elmi biliklərin yaranması və inkişafı tarixi haqqında məlumat verib və cəmiyyətin tərəqqisində elmin əvəzsiz rol oynadığını diqqət mərkəzinə çəkiblər.