Fakültədə elmi seminar keçirilib
Fəlsəfə kafedrasında keçirilən növbəti elmi seminarda kafedranın dosent əvəzi, fəlsəfə üzrə fəlsəfə doktoru Xəlilqızı Aygün “Ədəbiyyat və Fəlsəfə” adlı mövzu ilə çıxış edib. Elmi seminardakı əsas prioritet məsələ ədəbiyyat və fəlsəfənin qarşılıqlı münasibətlərinin təhlili olub. Çıxışda fəlsəfənin tarix səhnəsinə çıxmasında ədəbiyyatın tarixi rolu qeyd edilib. Fəlsəfənin tarixi inkişaf mərhələlərinə nəzər yetirən məruzəçi Platon və Aristotel kimi antik filosoflardan başlayaraq, XX əsr filosofları M.Haydegger, J.Derida, həmçinin bir sıra ədəbiyyat üzrə Nobel mükafatlarına layiq görülmüş filosoflardan nümunələr gətirməklə, ədəbiyyat və fəlsəfə arasındakı bağlılığın nümunələrini vurğulayıb.
Xəlilqızı Aygün qeyd edib ki, ədəbiyyat da, fəlsəfə də həm düşüncənin, həm də dilin bəhrəsidir. Fəlsəfə və ədəbiyyat bəzən görüşür, bəzən də ayrılır. Hər bir ədəbi əsərdə bir fəlsəfi düşüncə olduğu kimi, fəlsəfə də fəlsəfi romanlar, fəlsəfi poeziya, bir sözlə, bədii obrazlar vasitəsilə insanlar üçün daha anlaşıqlı olur. Belə ki, fəlsəfi fikrin ədəbiyyatda əks olunması sənət yolu ilə insanların maariflənməsi və bəşəri dəyərlərə yiyələnməsində ən əlverişli yollardan biridir.
Sonda məruzə bağlı seminar iştirakçıları mövzu ətrafında maraqlı müzakirə ediblər.