FAKÜLTƏDƏ İLAXIR ÇƏRŞƏNBƏ QEYD EDİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsində Torpaq çərşənbəsi ilə əlaqədar olaraq bayram şənliyi keçirilib. Tədbirdə BDU Könüllülərinin fakültə sədri və üzvləri, həmçinin Tələbə Həmkarlar İttifaqının, Tələbə Gənclər Təşkilatının fəal tələbələri iştirak ediblər. Tədbirin aparıcısı Nuranə Fətullayeva fakültənin müəllim və tələbələrini İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edib. Korreksiyaedici təlim ixtisasının I kurs tələbəsi Fidan Zamanova və Məhəmməd Mirzəlinin ifasında “Uzundərə” rəqsi, Təhsildə sosial psixoloji xidmət ixtisasının II kurs tələbəsi Zəhra Qədirzadənin oxuduğu “Tez gəl” mahnısı tələbələr tərəfindən alqışlarla qarşılanıb.
Psixologiya ixtisası üzrə I kurs tələbələri Elnarə Rəhimova, Reyhan Tağıyeva, Sosiologiya I kurs tələbəsi Zemfira Babayeva, Fəlsəfə ixtisası üzrə I kurs tələbəsi Nicat Qəribov və Diskussiya Klubunun sədri Xədicə Məmmədovanın iştirakı ilə səhnəciklər – papaqatdı, qulaq falı, üzük və ayaqqabı falı kimi Novruz inancları nümayiş olunub. Sonra Reyhan Tağıyevanın ifasında “Elim gülür” mahnısı səslənib, Zemfira Babayeva “Qaraçı rəqsini” ifa edib.
Tədbirdə həmçinin tələbələrin baharı tərənnüm edən əl işləri, yaradıcılıq nümunələri nümayiş etdirilib. Fəlsəfə ixtisası üzrə I kurs tələbəsi Fidan İsmayılzadənin hazırladığı “Qaranquşlar” heykəli, Təhsildə sosial psixoloji xidmət ixtisasının I kurs tələbəsi Əsli Əmirlinin hazırladığı “Novruz xonçası”, Quliyev Elmanın “Dörd çərşənbə” rəsmi, Təhsildə qiymətləndirmə və monitorinq ixtisası üzrə I kurs magistrantı Nəzrin Xanlarovanın hazırladığı "Yaşıl dünya" adlı səməni-kompozisiya şənlik iştirakçılarının böyük marağına səbəb olub.
Tədbir Azərbaycan Ordusunda xidmət edən əsgərlərin şərəfinə tədbir iştirakçıları birlikdə “İgid əsgər” marşınıın ifası ilə başa çatıb.